Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 11:00:00
Universitetlərin açılması ilə bağlı tələsməli deyilik-İlqar Orucov

“Ali təhsil müəssisələri üçün müsbət bir qərar qəbul ediləcəyini düşünmürəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

O, təhsilin hibrit formada bərpasından söz açıb:

 

“Bu gün ənənəvi təhsilin bərpasından danışmaq hələ bir qədər tezdir. Nazirlər Kabineti yanında Operativ Qərargah və Təhsil Nazirliyi  pandemiya ilə bağlı mövcud durumu  geniş təhlil edərək  qərar qəbul ediblər. Belə ki, fevralın 1-dən  məktəbəqədər təhsil müəssisələri, icma əsaslı və ibtidai siniflərdə  təhsilin təşkili ilə bağlı müvafiq qərar qəbul edilib. Növbəti qərarın qəbul edilməsi  isə fevralın 15-nə gözlənilir. Amma  bütövlükdə bu məsələ ilə bağlı qəti fikir demək çox çətindir. Bütün hallarda  durum analiz ediləcək. Əgər yoluxma sayında artım olacaq və vəziyyət nəzarətdən çıxacaqsa, buna  uyğun  müvafiq qərar qəbul ediləcək. Biz hamımız arzu edirik ki,insanlar  məsuliyyət nümayiş etdirəcəklər. Operativ Qərargahın  cəmiyyətə  səsləndiyi həmin qaydalara əməl olunsa və artım baş verməsə,məktəblər açılacaq. Əgər vəziyyət yaxşılığa doğru gedəcəksə, ənənəvi təhsilin bərpası o zaman  real olacaq. Bu yoluxmanın sayından və prosesin nə dərəcədə idarə olunmasından aslıdır. Ümid edirəm ki, biz fevralın 15-nə  orta məktəb bazasından ənənəvi dərsə keçidi bərpa edəcəyik. İnşallah ki, vəziyyət pisləşməyəcək və idarə olunan halda olacaq”.

 

İlqar Orucov universitetlərdə təhsilin bərpa edilməsindən söz açıb:

 

“Ali təhsil müəssisələri üçün müsbət bir qərar qəbul ediləcəyini düşünmürəm. Çünki btidai təhsil bazasında  şagirdləri idarə etmək xeyli asandır. Belə ki, onlar valideynlər tərəfindən məktəbə gətirilir və evə aparılır. Lakin bu vəziyyət tələbələr üçün mümkün deyil. Nəzərə alsaq ki, tələbələrin yarısı rayonlardan gələn şəxslərdir ki, onların paytaxtda olması sıxlıq yaradacaq. Bu yenidən yoluxmanın risqini artıracaq. Eyni zamanda ali məktəblər üçün distant təhsil  xeyli əlçatandır. Universitetlərin açılması ilə bağlı  biz tələsməli deyilik. Amma orta məktəb bazasından təhsil müəssisələrinin açılması  arzu olunandır. Vəziyyətdən aslı olaraq hesab edirəm ki, Operativ Qərargah doğru  yanaşmanı ortaya qoyacaq. Sosial məsafə gözləniləcək və  təmas minimuma- endiriləcəksə, vəziyyət yaxşı olacaq. Avropalı həmkarlarımızla tez-tez bu məsələləri müzakirə edirik.Belçika təcrübəsindən qeyd etmək istəyirəm ki,  orta təhsil bazasında məktəblər açılıb. 12 yaşa kimi şagirdlər könüllü maskadan istifadə edirlər. Onlardan yuxarı sinif şagirdləri isə məcburi şəkildə qoruyucu maskadan yararlanırlar. Almaniyada isə məktəblər qapadılıb. Düşünürəm ki, insanlar bu situasiyada nümunəvi davranış ortaya qoyacaqlar”.

 

Məsul katib məktəblərin açılmasının insanlardan aslı olduğunu qeyd edib:

 

“Mən məktəblərin bilavasitə açılmasının çox tərəfdarıyam. Çünki təhsilsizlik özündə çox böyük problemlər gətirir. Bizim vətəndaşlar dərk etməlidilər ki,  onlar qaydalara əməl edəcəklərsə, yoluxma azalacaq. Nizam-intizama əməl olunacaqsa, məktəblər fəaliyyətini bərpa edəcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları