Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 15:20:00
“Professorlar AMEA prezidentinin  təklifini dəstəklədilər – “Təqaüd verilməlidir, amma hər alimə yox...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın professorlarına stimul yaratmaq məqsədi ilə onlar üçün aylıq təqaüdün təsis edilməsini təklif edib. O, bu təkliflə AMEA Rəyasət Heyətinin sonuncu iclasında çıxış edib.

AzEdu.az mövzu ilə bağlı professorların fikrini öyrənib. Professor Qulu Məhərrəmli bu fikri dəstəklədiyini bildirib:

 “Mən Akif müəllimin fikrini dəstəkləyirəm. Çünki bu gün elm adamlarının çalışması və əməyinin nəticəsi ilə həvəsləndirilməsi üçün demək olar ki, stimul yoxdur. Olanlar da çox zəif və pərakəndədir. Buna görə də hesab edirəm ki, onların hansısa müsabiqədə iştirakı, müəyyən araşdırmanın nəticələrinə görə mükafatlandırılması çox yaxşı təşəbbüsdür. Xüsusilə də AMEA sistemində  ölü bir atmosfer var. Həmin atmosferi, elmə münasibəti dəyişmək lazımdır. İnsanların elmə olan biganəliyi aradan qaldırılmalıdır. Bunun üçün əlbəttə, stimullaşdırma sınanmış üsul olaraq əsas rol oynayır. Məncə, Akif  Əlizadə uzun illər bu sahədə təcrübəsi olan adam kimi düzgün fikirdədir”.

Sosiloloq, professor Əhməd Qəşəmoğlu isə bəzi qondarma professorlara təqaüdün verilməsi ilə razılaşmadığını deyib:

“Mən bu fikirlə razıyam, amma müəyyən şərtlərlə. Çünki indi hər professora əlavə əməkhaqqı verməyi o qədər də məqsədəuyğun saymıram. Yaxşı yoxlama aparmaq lazımdır. Hansı professorlar həqiqətən elmlə məşğuldurlar, doğru yolla gəlib professor olublarsa, onlara kifayət qədər ciddi kömək etmək lazımdır. Amma illərin praktikasından istifadə edərək qondarma yollarla gəlib professor olanlar həmin siyahıya daxil olmasalar daha yaxşıdır. Çünki əgər  ortada müəyyən məbləğ varsa, onu doğru alimlərə  xərcləmək lazımdır, qondarma elm adamlarına yox...

 Təəssüf ki, bu gün elm sahində qondarma professorlar az deyil. Buna görə də o adamların elmdə göstərdikləri nəticə, yetirdikləri tələbələr, beynəlxalq elm aləmi ilə əlaqələri, pedoqoji fəaliyyətini nəzərdən keçirmək lazımdır. Əgər, həqiqi professor kimi fəaliyyəti yaxşıdırsa, onu dəstəkləmək lazımdır”.

Professor akademiyada doktorluq dissertasiyası müdafiə edə bilməyən xeyli savadlı insanın olmasını əsas gətirərək, bu təklifin yalnız professorlara deyil, digər elmi dərəcəlilərə də şamil olunmasını istəyib:

“Digər tərəfdən isə iş yalnız professorlarla bitmir. Mən eyni zamanda, akademiyanın işçisiyəm. Orada o qədər talantlı insanlar var ki, doktorluq dissertasiyası müdafiə edə bilmirlər. Onların kifayət qədər yüksək elmi səviyyəsi də var, təcrübəsi də. Çünki doktorluq müdafiəsi üçün müəyyən baryerlər, çətinliklər var. Azərbaycanda bu müdafiə üçün hansısa jurnalda məqalə çap etdirmək kimi süni maneələr var. Dünya ölkələrində  bu süni maneələr yoxdur. Xarici ölkələrdə isə hamının inandığı bir komissiya var. İnsanlar orada müdafiə edirlər. Burada Ali Attestasiya Komisiyasına getmək, orada sənədi geri qaytarmaq, qondarma işlərlə məşğul olmaq yoxdur. Ona görə də biz belə bir siyasət həyata keçirməliyik ki, akademiya  həqiqi mənada elmlə məşğul olan hər kəsin yanında olsun. Həmin adamın hansı elmi dərəcəsinin olub olmamsından asılı olmayaraq əgər, həqiqi elmə xidmət edirsə,ona dəstək olmaq lazımdır. Mən akademiyanın işçisi kimi deyim ki, institutlarda ciddi elmi işçilər 10-15 nəfərdən çox olmur. Qalanları sadəcə işə gəlib-gedənlərdir.  Buna görə də istedadlı alimləri seçmək və onları müdafiə etmək lazımdır. Özü də subyektiv deyil, obyektiv  yollarla”.

Onun sözlərinə görə, Azərbaycanda bu gün istənilən sahədə elmi təminata böyük ehtiyac var:

“Akademiyada müəyyən sturukturlar yaranıb. Onların fəaliyyətini gücləndirmək lazımdır. Alimin yüksək intellekti varsa, o, Azərbaycanın potensialıdır. Biz çalışmalıyıq ki, potensialı olan insanlar yalnız elmlə məşğul olsunlar, ora-bura qaçmaqla yox. Bu, yalnız həmin alim üçün deyil, həm də ölkə üçün faydalıdır. Biz onun biliyindən istifadə edərək, ortaya ölkəmizə böyük gəlir gətirəcək layihələr qoya bilərik.

Mən əvvəl Milli Məclisdə bir elmi mərkəzin rəhbəri idim. Təəssüf ki, sonradan onu ləğv etdilər. Yanıma respublikanın alimləri gəlirdi. Görürdüm ki, ölkə alimlərinin  potensialını birləşdirməklə ölkəyə hədsiz pul gətirmək olar. Təəssüf ki, bu işlər hələ arzuolunan şəkildə təşkil olunmayıb. Amma akademiyanın prezidenti bu mövzuda belə danışırsa, artıq bu istiqamətdə müəyyən işlər görməyin mümkünlüyünə ümid yaranıb. Bu, böyük potensialdır. Çalışmaq lazımdır ki, güclü beyni olan insanlar ölkəmiz üçün müxtəlif sahələrdə faydalı olsunlar.

Bir sosioloq kimi deyirəm ki, bu gün bizim hər sahədə elmi təminata ehtiyacımız var. Bu, Azərbaycanın ən böyük problemlərindən biridir. Çünki indiki dünya elmi idarəetmə dövrüdür. İnformasiya dövrü sözü isə artıq köhnəlib. İnformasiya xammaldır. Biz bu sahədə işləri yaxşı qursaq, intellektual potensialımızı hərəkətə gətirmək üçün mexanizmlər yaratsaq, xərclədiyimiz pulun 10 dəfə artığını qazanacayıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları