Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 14:50:00
İmkansız tələbələrin ümid yeri – Xüsusi kredit və onun şərtləri  

Təhsil Nazirliyi təhsilhaqqını ödəməkdə çətinlik çəkən, aztəminatlı ailələr üçün “Maarifçi Tələbə Kredit Fondunu təsis edib. Fondun əsası  2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən qoyulub.

Fondun təqdim etdiyi kreditdən imkanları bu tərəfdaş və ya təsisçi ali təhsil müəssisələrinintələbələri yararlana bilirlər:

Azərbaycan Dillər Universiteti
 Azərbaycan Dövlət Aqrar Universiteti 
 Azərbaycan Dövlət İqtisad Universiteti
 Azərbaycan Dövlət Pedaqoji Universiteti
 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
 Azərbaycan Texniki Universiteti
 Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Bakı Dövlət Universiteti
 Bakı Slavyan Universiteti
 Gəncə Dövlət Universiteti
 Lənkəran Dövlət Universiteti
 Sumqayıt Dövlət Universiteti
 Xəzər Universiteti

Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər. Onlar Azərbaycan Respublikasının vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçünhəqiqətən  maliyyə yardımına ehtiyacı olmalıdır. Müraciət edən tələbənin və valideyninin daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir. Defolt dedikdə borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması nəzərdə tutulur.

Ümumi tələblərdən əlavə, hər bir elan sessiyası üzrə ayrıca xüsusi şərtlər müəyyən olunur. Belə ki, tələbəyə təhsil krediti ayrılarkən valideynlərinin illik gəliri, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) və akademik borcun mövcudluğu da nəzərə alınır. Bu tələblər seçim meyarı rolunu oynayır və Fond  tərəfindən təqdim olunan kredit növləri, elan sessiyalarına görə dəyişə bilər. Bütün hallarda, tələbənin müraciət zamanı müəyyənləşdirilən meyarlara cavab verdiyini təsdiq edən sənədi təqdim etməsi şərtdir.

Elan sessiyasında nəzərdə tutulduğu təqdirdə ailə başçısını itirən, valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud şəxslər güzəştli kredit şərtlərindən yararlana bilərlər. Tələbənin müraciət zamanı qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.

Ümumiyyətlə, "Maarifçi" Tələbə Kredit Fondu ehtiyac və təyinatına görə fərqli kredit növlərini təqdim etməyi nəzərdə tutur: Təhsil haqqı krediti, yataqxana haqqı krediti, tədris materialları krediti, elmi-tədqiqat və araşdırma krediti və s. Amma indiyədək əsasən təhsilhaqqı kreditlərinə yer verilib. Təhsil haqqı krediti, tələbələrin illik təhsil haqqı məbləğində təqdim olunan uzunmüddətli kreditdir. Standart və güzəştli paketlərdə verilir.

AzEdu.az standart təhsil kreditinin şərtlərini təqdim edir:

Tədris ili üzrə cəlb oluna biləcək borcun üst həddi 4,000 AZN-dir. Kredit faizsiz, məzun olduqdan sonra 12 aylıq güzəşt müddətinə verilir. Qaytarma müddəti isə məzun olduqdan sonra maksimum 60 aydır. Cəmi cəlb oluna biləcək borcun üst həddi 20,000 AZN-dir. Zamin və ya girov tələbi isə yoxdur. Tədris və güzəşt müddətində əsas məbləğ üzrə ödənişlər edilmir.

Güzəştli təhsil kreditindən yararlana  bilən tələbələr üçün isə standart təhsil krediti şərtləri eynilə qalsa da bəziləri fərqlənir. Belə ki, güzəştli təhsil kreditinin güzəşt müddəti məzun olduqdan sonrakı 24 ay, qaytarma müddəti isə məzun olduqdan sonra maksimum 120 aydır. Güzəşt müddəti tələbə hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə, əlavə 1 il uzadılır.

Əsas defolt səbəbləri isə bunlardır:

Ödənişin kreditin qaytarılma qrafiki üzrə 90 gündən artıq gecikdirilməsi,
Orta illik qiymətin 60-ın altına enməsi,
Fors-major sayılmayacaq hər hansı səbəbdən tələbənin təhsilini dayandırması və ya dondurması.

Təhsil kreditləti üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Bunun üçün, maarfci.az saytında "Müraciət et" bölməsinə daxil olub tələb olunan məlumatları onlayn təqdim etmək lazımdır.Təhsil kreditindən yararlanmaq üçün tələb olunan sənədlər bunlardır:

Şəxsiyyət vəsiqəsi,

Tələbə bileti,

Valideynlərin (və ya himayəçilərin) rəsmi cari məvacibinə/gəlirinə dair arayış,   

Kredit üzrə arayış,

Akademik transkript,

3 sm x 4 sm ölçüsündə, son 6 ay ərzində çəkilmiş foto,

Valideynləri əmək fəaliyyəti ilə məşğul olmayanlar isə işsizlik statusu ilə bağlı arayış əldə edə bilər.

Qeyd edək ki, kredit zamanı tələbəyə hər hansı formada nağd maliyyə vəsaiti təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunun uzunmüddət ərzində ödənilməsini təmin edir. Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirilmir. Təhsil haqqı bütün tədris müddəti üzrə verilir. Sadəcə tələbə hər tədris üzrə elan sessiyasında müraciət etməlidir. Tələbə kredit borcunu təhsil və ya güzəşt müddəti ərzində də  geri ödəyə bilər. Bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Çoxlarını maraqlandıran sual isə valideynlərin borc öhdəliyinin tələbənin kredit almasına maneə törədib-törətməməsidir. Məlumat üçün bildirək ki, əgər, valideynlərin borc öhdəliyi üzrə defolt halı baş verməyibsə tələbə Fondun kreditlərindən yararlana bilər. Tələbə yarım və tam tədris ili üzrə təhsil haqqı borcu üçün müraciət edə bilər. Təhsil haqqı kreditləri 1-ci kurs tələbələrinə şamil olunmayıb, çünki onların akademik göstəriciləri hələ mövcud deyil.

Xatırladaq ki, təhsil krediti üçün hazırda açıq elan sessiyası mövcud deyil. Hər tədris ili ərzində iki elan sessiyası keçirilir. Elan sessiyaları hər semestrin əvvəlinə nəzərdə tutulur. Bu günədək keçirilən elan sessiyalarında isə 177 tələbə üçün təhsil krediti ayrılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları