Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 15:22:00
"Abituriyent" jurnalının 1-ci nömrəsi nəşr  ediləcək - DİM

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunur.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, jurnalı sabahdan etibarən DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;


Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M. Abbaszadənin jurnalda yer alan “Ön söz”ünü təqdim edirik:

 

Əziz oxucular!

 

Bizim ölkəmiz üçün 2020-ci ilin sonu möhtəşəm hadisə, əzəmətli Zəfərlə yadda qaldı. Bu Zəfər sonsuz sevinc və iftixar hissi keçirmiş Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan silahlı qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız azad edildi. Xalqımızın uzun illər gözlədiyi layiqli qələbəni elan edən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışını dinləyərkən onun 2003-cü ildə ilk dəfə Cenevrə şəhərində İnformasiya cəmiyyəti üzrə keçirilmiş Ümumdünya Sammitində səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək” devizi yadıma düşdü. O zaman həmin çıxışı canlı şəkildə dinləyərkən əmin idim ki, bu devizə uyğun olaraq aparılan siyasət öz nəticəsini göstərəcək. Və bu gün həmin nəticə göz qabağındadır! Cəmiyyətimizin həyatının bütün sahələrində, ən başlıcası isə ordu quruculuğunda ən böyük rol müvafiq bilik, bacarıqlara malik, ürəyi vətən eşqi ilə döyünən insanlara məxsusdur. Bu, həmin insan kapitalıdır! Vətən müharibəsi zamanı güclü, ən yeni texnologiyalara malik müzəffər ordumuzun, yüksək ixtisaslı kadr potensialının və milli təhsil sisteminin yetirmələri olan gənclərimizin sayəsində ölkəmizin zəfər çalması qaçılmaz oldu. Böyük iftixar hissi ilə deyə bilərik ki, Qarabağın azad olunması uğrunda aparılmış möhtəşəm əks-hücum əməliyyatı, Azərbaycan xalqının şücaət və qəhrəmanlığı, sarsılmaz birliyi, ölkəmizin Ali Baş Komandanının incə, uğurlu diplomatiyası, qüsursuz strategiyası uzun müddət dünyada öyrəniləcək və bir çox tarix kitablarına düşəcək. Artıq bu ildən tarix fənni üzrə imtahan proqramına “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilmişdir.

 

Dostlar, Zəfərimiz növbəti dəfə təsdiqlədi ki, təhsil, bilik və təcrübə, hətta ən çətin məsələləri həll edə bilən böyük bir gücdür. Hələ XVII əsrdə ingilis filosofu Frensis Bekon öz məşhur aforizmini söyləmişdi: “Bilik gücdür”. 2020-ci ilin hadisələrini təhlil edərkən bu sözlərin nə qədər dəqiq deyildiyinə bir daha əmin oluruq. Koronavirus pandemiyası, onunla bağlı böhran vəziyyəti adət etdiyimiz həyat tərzinin bir neçə gün ərzində necə köklü surətdə dəyişə bildiyini göstərdi. Keçən il müxtəlif sahələr üçün əsl sınağa çevrildi, eləcə də bütün dünyada təhsildə böhran ili oldu. 2020-ci ilin mart ayında məktəbləri bağlayan pandemiya hələ də, demək olar, bütün dünya ölkələrində təhsilin bütün səviyyələrində düzəni pozmaqdadı. Lakin məhz bilik, qabiliyyət, bacarıq və təcrübə pandemiya ilə uğurlu mübarizənin, yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq üçün cəld və effektiv qərarların tapılmasının əsası oldu. Elmi ictimaiyyətin qarşısında yalnız yüksəkixtisaslı mütəxəssislərin həll edə biləcəyi olduqca mürəkkəb məsələlər qoyulmuşdu. Belə mütəxəssislər həyatlarının onlarla illərini təhsilə və elmə sərf etmiş insanlardır. Bu səviyyədə olan mütəxəssislər bəşəriyyətin qızıl fondunu təşkil edirlər. Bu gün şahidi oluruq ki, məhz alimlər, öz tədqiqatlarının nəticələrini dəqiq fəaliyyət planına çevrirərək heç bir ordunun qalib gələ bilmədiyi gücə çevrilirlər və məhz onlar bəşəriyyət tarixində artıq neçənci dəfədir ki, Həyatın xilaskarları olurlar.

 

Əziz abituriyentlər, həyat elə gətirdi ki, siz məhz belə bir zamanda imtahan verməlisiniz. Pandemiyaya baxmayaraq, həyat davam edir. Buna görə biliklərlə silahlanın, məktəb fənlərini öyrənin, əlavə ədəbiyyat oxuyun, idrak verilişlərinə yalnız imtahanları müvəffəqiyyətlə vermək üçün deyil, eyni zamanda gələcək uğurlu həyatınız, bütün şəraitlərdə sizə tələb olsun deyə baxın və dinləyin. Çünki təhsil cəmiyyətin və ölkənin gələcək inkişafı üçün bütün resursları tədqiq etməyi, onları daha da mükəmməlləşdirməyi bacaran yüksək səviyyəli mütəxəssis olmaq imkanı yaradır! Bu, həyatda uğur qazanmağın başlıca açarıdır.

 

Öz işinin, sənətinin əsl peşəkarı olmaq imkanı yaradacaq bilikləri qazana biləcəyiniz yer ali təhsil müəssisəsidir, ora qəbul olmaq isə bilavasitə qəbul imtahanlarına hazırlıqla bağlıdır. Qəbul imtahanı fənlərinin proqramları, test tapşırığı nümunələri və 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulla bağlı digər materiallar “Abituriyent” jurnalının bu nömrəsində dərc olunub. Lakin xüsusilə qeyd etmək istəyirik ki, Dövlət İmtahan Mərkəzi bundan sonra da qəbul kampaniyasını Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi­yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı töv­siyə­lərini nəzərə almaqla, yalnız Operativ Qərargahın müəyyən etdiyi bütün şərtlərin yerinə yetirilməsi ilə həyata keçirəcək. Kollektivimiz qəbul kampaniyasının bütün mərhələlərində imtahana hazırlıqla bağlı sizə lazımi dəstəyi göstərəcək, sizin yanınızda olacaq. Buna misal olaraq deyə bilərik ki, COVID-19 pandemiyasının şərtləndirdiyi mürəkkəb epidemioloji vəziyyətin və onun yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlərin tədris prosesinə təsirini, cəbhəyanı bölgələrdə torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən əks-hücum əməliyyatının gedişi müddətində elan olunmuş hərbi vəziyyətlə bağlı online tədris prosesinin dayandırılması ilə əlaqədar Təhsil Nazirliyi ilə razılaşdırılaraq buraxılış və qəbul imtahanları fənlərinin proqramları yenidən nəzərdən keçirilmiş və yüngülləşdirilmişdir. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­diki vəsaitlərin nəşri, “Vizuallaşdırılmış dərs” sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet-xid­mətlərin göstərilməsi imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyır.

 

Dostlar, bu nömrədə təqdim olunan materiallar imtahanlara səmərəli hazırlaşmağınıza kömək edəcək. Siz həmin materiallarla işləməyə hökmən vərdiş etməlisiniz. Bu, asan olmasa da, işləmək vərdişlərinə yiyələnməyiniz üçün vacibdir. Yaddaşınızı, diqqətinizi, təxəyyülünüzü, zəkanızı inkişaf etdirin. Kitablarla, dərsliklərlə, vəsaitlərlə işlədikdə əsas, əhəmiyyətli olanı ayıra bilməyi, anlayışları müqayisə etməyi öyrənin. Biliklərə yiyələnməkdə bunun böyük rolu vardır. Müstəqil surətdə öyrənin, lakin bununla belə müəllimlərinizlə məsləhətləşməyi də unutmayın.

 

Sizə DİM-in “Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkələrdəki səhifələrimizdə (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) dərc olunan materiallarla tanış olmağı tövsiyə edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunan istənilən materialı şərh etməyə hazırıq.

 

Dostlar, biz ali məktəblərə qəbul olmaq üçün zəruri olan dərin biliklərə yiyələnməyinizi, öz istedadınızı reallaşdırmağınızı, sevimli Vətənimizin əsl vətənpərvəri olmağınızı arzu edirik.