Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 17:07:26
“Universitetlərimizdə oxuyan xarici tələbələrin diplomları ölkələrində rahatlıqla tanınır”

Xaricdə təhsil alan gənclərin əsas problemlərindən biri diplomların tanınması məsələsidir.

Diplomların tanınması üçün Təhsil Nazirliyində Nostrifikasiyadan keçilməlidir. Əsasən xaricdə təhsil aldığınız sahə üzrə biliklər kifayət etmədikdə həmin diplomlar tanınmır.

Bəs Azərbaycan universitetlərinin diplomları hansı ölkələrdə tanınır və bunun üçün hansı prosedurdan keçmək lazımdır?

 “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib ki, Avropa ölkələrində bir neçə ixtisası çıxmaq şərtilə, ölkəmizdə verilmiş bütün diplomlar və diplomlarla yanaşı ixtisasların hamısı tanınır:

“Bunun da səbəbi Azərbaycanın Apostil qanununa qoşulmasıdır. Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya" ya 2004-cü ildə qoşulub. Bu da sənədlərin qarşılıqlı tanınması deməkdir. Əgər sənədə apostil vurulursa, demək, bu qanunu qəbul etmiş bütün ölkələr arasında tanınır”.

Onun sözlərinə görə, Azərbaycan bu qanuna keçmiş MDB ölkələrindən daha tez qoşulub: 

“Demək olar ki, hüquq və tibb ixtisasından başqa diplomların tanınmasında digər ölkələrdə xüsusi bir imtahana ehtiyac yoxdur. Bəzən Kanadada tibb və hüquq yönümlü sahələrdə diplomların tanınmasında əlavə imtahan  və  ya ixtisasartırma kursları tələb oluna bilər. Yəni həmin ölkədə xüsusi ixtisasartırmadam sonra diplom təsdiqlənir”.

Təşkilat sədri  bildirib ki, Azərbaycanda bank sektorunda işləmək üçün ali təhsil diplomu tələb olunursa, ABŞ  və Kanadada orta, bəzən peşə məktəbi təhsili də bəs edir.

“Ona görə də bizim vətəndaşlar bu cür işlərdə çalışanda diplom tanınmasında o qədər də əziyyət çəkmirlər. Əgər  xarici tələbə bizdə oxuyursa, bakalavrı bitirdikdən sonra öz ölkəsində magistratura və digər pilləyə sənədləri verəndə diplomu rahat şəkildə təsdiqlənmiş olur. Azərbaycan universitetləri reytinq cədvəlində tədricən daha yaxşı yerlər tutmağa başladığına  görə  yavaş- yavaş bu problemlər aradan çıxır.”