Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-15 14:58:00
Müəllimindən əsgər tələbəsinə MƏKTUB    

Böyük Vətən Müharibəsinin 44 unudulmaz, ölüm-dirim qovğaları, qəhrəmanlıq səlnamələri ilə zəngin günlərinin hər anında gözüm Səni arayırdı, qəlbim Sənin yanında idi. Mən Səni mənfur düşmənin atəşləri altında rəqs edən,qarabağ şikəstəsi oxuyan,gələcək qaynanasından şikayətlənən, Şuşanın sıldırım qayalarını,keçilməz meşələrini gecənin zülmət qaranlığında, hərbi sursatların  ağırlığı altında,ölüm saçan qırmızı güllələrin nişangahında qalxanda belə yumor hissini itirmədən “Paşınyan buralara yol çəkməyə söz vermişdi, nə oldu bəs” deyə gileylənən görəndə tanıyırdım.  Sənin, döyüş tapşırığına gedəndə  asfaltın üzərində etdiyin rəqs məni riqqətə gətirirdi. Dünyanın ən məşhur balet ustalarının belə rəqsin dili ilə deyə bilmədiklərini,sən deyirdin, hansı müqəddəs  məqsəd üçün getdiyini də, sevgilinə ismarıclarını da, Səni nələrin gözləyə biləcəyini də gənclik eşqilə dolub-daşan əzələlərinlə,gözəl kişi sifətindəki xöşbəxtlik və mərdlik ifadəsi ilə göstərirdin. İlahi, bu gözəlliyi tabloya köçürmək üçün Leonardo Do Vinçi dühası lazım idi. Bu rəqs ali məqsədlər üçün ölümə gedən insanın Böyüklüyünü  təcəssüm etdirirdi.

         
Mən Səni mühəndis kimi görmək istəyirdim,Azərbaycanımızın texnoloji platformasını yaradan, davamlı və dayanaqlı inkişafini təmin edən bir mühəndis kimi.Sən isə mənə Qarabağımı qaytardın, Azərbaycan vətəndaşında    natamamlıq kompleksi yaradan məcburi köçkün adını  üzərimizdən götürdün, başımızı uca etdin.Sən universitet auditoriyalarında və laboratoriyalarında aldığın bilikləri yüksək ustalıq və vətənpərvərliklə döyüş meydanlarında reallaşdırırdın. Mən Səni düşmənin xüsusi təyinatları ilə döyüşdə, fors-major situaliyalarda düzgün qərar qəbul etmə mexanizmlərindən tanıyırdım,pilotsuz uçan aparatları məsafədən idarə edəndə, optik-elektron nişangahlarla dəqiq hədəflər götürəndə,yüksək texnoloji dəqiq silahlardan məharətlə istifadə edəndə, yaralı yolddaşını çiyinlərində düşmən atəşi altından çıxaranda, sinəsini sipər edib komandirini qəlpədən qoruyanda,Azərbaycan Bayrağını Xudafərin körpüsündə, Şuşa qalasında dalğalandıranda tanıyırdım.

Sən, hər bir qəhrəmanlığınla Azərbaycan Əsgərinin  həm ali dəyərlərdə, həm peşəkarlıqda,həm də də intellektual səviyyədə düşmən əsgrini üstələdiyini nümayiş etdiririrdin.Ali Baş Komandanın vətənpərvərliyi,peşəkarlığı və  yüksək intellektual səviyyəsi ilə Azərbaycan Əsgərinin döyüş ruhu simbioz təşkil edərək qələbələrimizin təməlini qoyurdu.

 

Əzizim,  Sən məni dünyanın ən xöşbəxt müəllimi etdin !

Hüseynov Həsən Əhməd oğlu,
Professor, Əməkdar elm xadimi