Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 17:26:06
“Oğlanları cəlb etmək, qızların isə sənəd qəbuluna məhdudiyyət qoymaq lazımdır” – Ekspertdən maraqlı təklif

“Bu gün arxeologiya, geologiya, maşınqayırma, elektrik mühəndisliyi və bir çox fiziki güc tələb olunan ixtisaslar üzrə xanımlar qəbul olsa da, sonradan onlar qeyd olunan sahə üzrə fəaliyyət göstərmir, tədqiqatlar aparmırlar.”

Bu sözləri  AzEdu.az-a  açıqlamasında təhsil eksperti Kamran Əsədov  deyib.

O, magistr  pilləsinə qəbul zamanı xanımların sayca üstünlük təşkil etməsini  oğlan iddiaçıların daha çox xarici ölkələrdə təhsil almağı ilə əlaqələndirib:

 “İlk növbədə qeyd etmək istəyirəm ki, istər bakalavr, istərsə də magistr pilləsinə qəbul zamanı son 10 il ərzində xanımların sayı kişilərin sayından çoxdur. Bu, təhsilin sonrakı pillələrində də öz əksini tapır. Hər təhsil pilləsində bunun özünəməxsus yaranma səbəbləri var. Əsasən, bütün təhsil pillələrində oğlan iddiaçılar xarici ölkələrdə təhsil almağa gedirlər ki, bu da ölkədə qəbul zamanı gender fərqini ortaya çıxarır. Xatırladım ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016- cı ildə imzaladığı sərəncamla magistr pilləsinə qəbul olan şəxslərə hərbi xidmətdən möhlət hüququ verildi. Lakin bundan sonra  da qeyd olunan pillədə təhsil almaq üçün müraciət edən şəxslərin sayında artım müşahidə olunmadı”.

Onun sözlərinə görə hətta bir sıra ixtisaslar üzrə xanımların sənəd təqdim etməsinə məhdudiyyət tətbiq etmək lazımdır:

“Nəzərə alsaq ki, bir çox ixtisaslar üzrə xanımlar magistr pilləsinə qəbul olsa da, onlar sonradan ailə həyatı qurur və təhsillərini davam etdirmirlər.  Nəticədə,  ciddi problemlər yaranır.   Hesab edirəm ki, kişi cinsinin nümayəndələrinin magistr pilləsinə cəlb etmək üçün xüsusi proqram həyata keçirilməlidir. Hətta bir sıra ixtisaslar üzrə xanımların sənəd təqdim etməsinə məhdudiyyət tətbiq etmək lazımdır.

Çünki bu sahələr üzrə ciddi şəkildə narahat olunacaq səviyyədə gender bərabərliyi pozulub. Təhsil, tibb sahəsində çalışan işçilərin 70 və daha çox faizini xanımlar təşkil edir. Filologiya elmləri, jurnalistika ixtisasları kimi ixtisaslarda da analoji vəziyyət hökm sürür. Əlbəttə ki, mən xanımların təhsil almasının əleyhinə deyiləm . Əksinə, onlara daha çox üstünlük vermək lazımdır. Lakin bu zaman kişilərin sayının sürətlə azalmasını da diqqətdən kənarda saxlamaq olmaz”.

Ekspertin sözlərinə görə  oğlanların  magistr pilləsinə cəlb olunması üçün onlara təhsil aldığı müddətdə  işləmək imkanı yaratmaqla, bu problemi aradan qaldırmaq mümkündür:

“Halbuki, bu gün ölkədə kişilərlə xanımların sayı bərabərdir. Lakin təhsil alan tələbələrin sayında bu fərq ortaya çıxır.  Oğlanların  magistr pilləsinə cəlb olunması üçün hesab edirəm ki, onların ödənişsiz əsaslarla təhsil almasını təmin etmək lazımdır. Bundan əlavə, onlara təhsil aldığı müddətdə əmək fəaliyyəti göstərmək imkanı yaratmaqla bu problemi aradan qaldırmaq mümkündür”.

Günel Yaşarqızı