Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 12:05:00
Qubadlı rayonunun təhsil işçilərinin ”Əsgərə dəstək” kompaniyası davam edir    

Suverenliyimizin toxunulmazlığı, sərhədlərimizin etibarlı qorunması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi üçün hər şeydən öncə bizə güclü ordu, xalqın birliyi lazım idi. Biz bu qüdrəti, birliyi 27 sentyabr 2020-ci il tarixində Azərbaycanın işğalçı Ermənistanı işğal etdiyi ərazilərdən çıxarmaq üçün başlatdığı “Vətən müharibəsi”ndə daha aydın duyduq, dərk etdik. 10.11.2020-ci il tariximizə qızıl hərflərlə yazılacaq böyük bir geri dönüşün, dirçəlişin, tarixi bir zəfərin çalındığı gündür. Bütün Azərbaycan xalqı Prezidentimizin və ordumuzun ətrafında yumruq kimi birləşərək Azərbaycanımızın üçrəngli bayrağını Qarabağda dalğalandırmağa nail oldu. Xalq, millət, bir vətəndaş olaraq ordumuzun arxasında dayanaraq hər daim ona dəstək olduq və olmağa da davam edirik.

 

Hər kəs döyüşən ordumuza bacardığı, əlindən gəldiyi qədəri ilə yardım göstərir, onlara mənəvi və maddi dəstək olmağa çalışır. Qubadlı Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin pedaqoji kollektivi, orduya, əsgərə dövlətinə dəstəyini hiss etdirmək, onun yanında olduğunu göstərmək üçün ön cəbhədə xidmət edən əsgərlər üçün “Əsgərə dəstək” kompaniyası başlatdı. Hər kəs canla-başla bu yardıma qoşuldu və qısa zaman ərzində əsgərlərimiz üçün zəruri geyim, qida, dərman və məişət əşyaları toplandı. Bu sovqatı alan Azərbaycan əsgəri qoruduğu xalqın maddi-mənəvi cəhətdən arxasında durduğunu, ona minnətdar olduğunu, onun üçün dualar etdiyini bilir və bilməyə də davam edəcək. Bu isə onlarda yüksək əhval-ruhiyyə, ovqat yaradır. Eyni zamanda könüllü olaraq rayonun ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri Silahlı Qüvvələrin Yardım Fonduna 10000 (on min) manat pul vəsaiti köçürmüşdür. Bu bir daha sübut edir ki, bu çətin günlərdə xalqımız öz ordusunu, əsgərini tək qoymur. Hər bir təşəbbüs mahiyyət etibarilə vətəndaşlıq deməkdir. Müharibə şəraitində xalqın orduya sevgisi təqdirəlayiqdir. Ordumuzun hər bir vətəndaş tərəfindən böyük dəstək görməsi ölkəmizin qazandığı böyük qələbəyə kiçik bir töhfə oldu. Silahlı Qüvvələrimizin “Vətən müharibəsi”ndə göstərdiyi cəsarət və inam hər birimizin qürur mənbəyidir. İllərdir çəkdiyimiz vətən həsrəti, Qarabağ həsrəti sona çatdı. Artıq xalqımızın hər bir nümayəndəsindən bayram təbrikini, arzu və istəyini soruşduqda “Tək arzum Qarabağ torpağını görmək, doğma torpağımın işğaldan azad olunmasıdır” deyə cümlələr eşitməyəcəyik. Bunun nə qədər böyük, əvəzi olmayan xoşbəxtlik olduğunu ifadə edəcək nə bir söz, nə də bir cümlə var.