Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-05 11:25:00
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün bunları etmək lazımdır-Aqşin Məmmədov

 

“Dövlət olaraq daima güclü olmaq üçün gənclərimizin vətənpərlik ruhunda tərbiyəsini daha da inkişaf etdirməliyik”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib.

 

O, Təhsil Nazirliyinin Qarabağlı müəllimlərlə bağlı həyata keçirdiyidi rubrikadan söz açıb:

 

“Müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Təhsil Nazirliyi tərəfindən “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınan şəxslər barədə məlumatların təqdim olunması təqdirəlayiqdir. Bu, Qarabağdan olan məşhur müəllimləri yad etmək, bir daha xalqa tanıtmaq məqsədindən irəli gəlir.

 

Təhsil Nazirliyi işğaldan azad edilən rayonlarımızın təhsil statistikası haqqında məlumatları həmin rayon işğaldan azad edildikdən sonra dərc edir (1992-1993 və 2020-2021-ci illər üzrə müqayisədə: məktəblərin, müəllimlərin və şagirdlərin sayı). Lakin çox təəssüf ki, həm işğaldan azad olunan, həm də hələ ki işğal altında olan rayonlarımızın icra hakimiyyətlərinin və təhsil şöbələrinin internet səhifələrində həmin rayonların təhsil statistikası əksini tapmır. Yaxşı olardı ki, Təhsil Nazirliyi “Qarabağın məşhur məktəbləri” başlığı altında XVIII-XX əsrlərdə fəaliyyət göstərən, hazırda da fəaliyyətini respublikanın 60-dan çox rayonunda davam etdirmək məcburiyyətində qalan məktəblər haqqında məlumat xatakterli layihə həyata keçirsin. Məsələn, Şuşa Realnı Məktəbi, Şuşa Mədəni-Maarif Texnikumu (indiki Şuşa Humanitar Kolleci) və s. Yaxud Qarabağ bölgəsində tarixən fəaliyyət göstərən ədəbi-mədəni mərkəzlər və məktəblər haqqında da rubrika açmaq olar”.

 

Aqşin Məmmədov gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün nələr etməyin vacib olduğundan söz açıb:

 

“Ümumiyyətlə, millətin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onun vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir.  Vətənpərvərlik həm də fəaliyyət sahəsindən asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti dərk etmək və layiqincə daşımaqdır. Müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələrdən biridir. Vətənpərvər vətəndaşın tərbiyəsi məktəbin ideo-loji işində ən vacib istiqamətlərdən biri olmalıdır.

 

Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı fraqmental fəaliyyətin deyil, düşünülmüş, ardıcıl gənclər siyasətinin nəticəsidir. Ümumiyyətlə, sentyabrın 27-dən başlayan II Qarabağ müharibəsində gənc əsgərlərimizin göstərdiyi şücaətlər bir daha onların Vətənimizə sevgisi, bağlılığı və vətənpərvərliyinin göstəricisi idi. Bu həm də onu göstərdi ki, ölkəmizdə ailədə, məktəbdə vətənpərlik tərbiyəsi düzgün qurulub.

 

Bütün bunlara baxmayaraq son ayların təcrübəsi bir daha göstərdi ki, bir millət və dövlət olaraq daima güclü olmaq üçün gənclərimizin vətənpərlik ruhunda tərbiyəsini daha da inkişaf etdirməliyik. Bu istiqamətdə Təhsil Nazirliyi fəaliyyətini daha da genişləndirməlidir.

 

Fikrimizcə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin, şəhidlərimizin şəxsi nümunələri gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün əsl məktəbdir. Xüsusilə hərbi hazırlıq dərslərində təkcə silahlardan istifadə qaydaları öyrədilməməli, bu fənnə mənəvi aspektdən yanaşılaraq, vətəni müdafiə milli borc, vətəndaşılıq vəzifəsi, şəhidlərin ruhuna böyük ehtiram olaraq tədris olunmalıdır. Onların döyüş yolu haqqında məlumat verilməlidir.

 

Ali və orta təhsil müəssisələrində tələbə-gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, onlarda fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə hərbi hissələrdə görüşlər təşkil olunmalıdır. Azərbaycan Ordusunun müasir silah və hərbi texnikalarlı ilə tanışlıq, onlardan istifadə qaydaları gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə xidmət edərdi.

 

Onu da əlavə edək ki, Təhsil Nazirliyinin bu vaxtadək həyata keçirdiyi “Mənim Vətənim – doğma yurdum”,  “Məktəb qəhrəmanları ilə tanınır” adlı layihələri, həmçinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların keçirilməsi müasir təhsilimizin milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirilməsinə, şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasına, Milli Qəhrəmanlarımızın daim yaddaşlarda yaşadılmasına böyük stimul verir. Respublikanın ümumtəhsil məktəblərinin 8-ci siniflərində “Qarabağın tarixi” adlı fakültativ kursun tədris olunması doğma torpağımız olan Qarabağımız haqqında şagirdlərin dolğun məlumat əldə etməsinə hədəflənib”.

 

Baş məsləhətçi qeyd edir ki, şagirdlərin milli ruhda tərbiyə alması üçün bunları etmək lazımdır:

 

“Şagirdlərə hərbi vətənpərvərlik hislərinin aşılanmasında orta məktəblərdə tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni də mühüm rol oynayır. Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nə uygun olaraq orta təhsil məktəblərində tədris olunan bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını,  vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

 

Bundan başqa, məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsi də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. "Cəsurlar", "Şahinlər" kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir”.

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları