Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-05 10:42:00
Azad olunan rayonlarda təhsillə bağlı planlar – RTŞ-lər nə edir?-Rəhbərlər danışır  

 

 

Ölkəmizdə bir aydan artıqdır ki, hərbi vəziyyət elan edilib və Azərbaycan ordusu bu müddət ərzində 4 şəhəri-Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlını, həmçinin 200-dən çox kəndi işğaldan azad edib.

 

Hər bir ölkənin uğurlu gələcəyi onun təhsil göstəricilərindən asılıdır. Bu səbəbdən düşmən tapdağından azad edilən bölgələrimizdə təhsil prosesinin başlanılması və hansı formada davam etdirilməsi məsələsini hər zaman gündəmdə saxlayırıq.  

 

AzEdu.az işğaldan azad edilən şəhərlərin Rayon Təhsil Şöbələrinin rəhbərləri arasında sorğu edərək, bölgələrimizə böyük qayıdış olandan sonra təhsil istiqamətində nə kimi yeniliklər, planlar hazırladıqlarını öyrənməyə çalışıb.

 

Cəbrayıl rayonunun 77 kəndi və Cəbrayıl şəhəri (4 oktyabr) işğaldan zad edilib.

 

Rayonun  RTŞ rəhbəri Zamiq Qurbanov AzEdu.az-a açıqlamasında bölgəyə qayıdışdan sonra daha səmərəli və aktiv fəaliyyət göstərəcəkləri vurğulayıb:

 

“İlk istəyimiz odur ki, işğaldan öncə Cəbrayılda  fəaliyyət göstərən  tədris  müəssisələrinin işi   yenidən bərpa edilsin. Bundan sonra bütün məcburi köçkün statuslu cəbrayıllılar öz dədə-baba yurdlarında məskunlaşsınlar. Taleyinə məcburi köçkünlük həyatı yazılan şəxslərin keçirdiyi hissləri yaşamayanlar duya bilməz.  İstər Bakıda, istərsə də ölkəmizin başqa yerlərində tam şəkildə rahatlıqla fəaliyyət göstərə bilmirdik. 27 sentyabrdan sonra bu,  təmamilə dəyişməyə başladı.  Cəbrayıla qayıtdıqdan sonra fəaliyyətimizi inkişaf etdirib, faydalı iş əmsalımızı artıracağıq.  

 

Yurdumuzda daha heç nə müvəqqəti olmayacaq. Qarabağ tam azad edildikdən sonra təhsillə bağlı planlarımızı Təhsil Nazirliyinin göstərişinə əsasən, hüquqi sənədlər əsasında həyata keçirəcəyik”.

 

 

Füzuli Rayon Təhsil Şöbəsinin rəhbəri Ramella Məmmədova işğaldan sonrakı dönəm üçün üçün təhsillə bağlı statistikanın hazırlandığını bildirdi:

 

“Torpaqlarımız işğaldan tam azad edildikdən sonra ora müxtəlif bölgələrdə yerləşən məktəblərimiz  köçürüləcək. Məsələn, Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbi Bakıda məskunlaşmışdı, lakin o bölgə azad edilib infrastruktur bərpa edildikdən sonra təhsil müəssisəsi oraya köçürüldü. O yerlər tam azad olunduqdan sonra bu məsələnin üstünə gedəcəyik. RTŞ-də işğaldan öncəki təhsil müəssisələri, müəllimləri haqda siyahılar hazırlanır. Dövlət köçürülmə prosesinə mərhələli başladıqdan sonra biz də təhsillə bağlı aktiv fəaliyyətdə olacağıq. İnşallah Füzulidə görüşərik”.

 

 

Zəngilan Rayon Təhsil Şöbəsinin  rəhbəri Kənan İmaməliyev açıqlamasında işğalaqədərki Zəngilan məktəblərinin tezliklə yenidən bərpa ediləcəyinə ümid etdiyini söylədi:

 

“Zəngilan şəhəri işğaldan azad edildikdən sonra sevincimizin həddi-hüdudu olmadı. Ora qayıdacağımız günü səbirsizliklə gözləyirik. RTŞ olaraq indidən təhsil istiqamətində yenilikləri, görəcəyimiz işləri planlayırıq. İşğala qədərki məktəblərimizin əzəli-əbədi torpaqlarımızda tezliklə bərpa olunacağına ümid edirik. Allah Ali Baş Komandanımızın və müzəffər Azərbaycan ordusunun gücünə güc qatsın”!

 

Qubadlı Rayon Təhsil Şöbəsinin rəhbəri Fuad Bədəlov Qubadlı məktəblərinin tarixi adlarını saxladıqlarını və işğaldan sonra öz ünvanında fəaliyyətini səbirsizliklə gözlədiyini bildirdi:

 

“Torpaqlarımızın düşmən işğalından azad ediləcəyi xəbərini 27 il gözlədik. Nəhayət, bu baş verdi və hər gün ordumuz uğurla prosesi davam etdirir, şanlı tarix yazır.  Qubadlı RTŞ olaraq əsas planlarımızı işğaldan sonrakı məskunlaşma üçün hazırlamışıq. Bugünlərdə isə bu məsələ üzərində çox ciddi düşünürük. Ümidvarıq ki, tezliklə Qubadlıda təhsil infrastrukturu bərpa ediləcək və müəllimlərimiz həmin tədris müəssisələrinə cəlb olunacaq. Müxtəlif bölgələrdə tədrisi davam etdirən Qubadlı məktəbləri öz doğma torpağında fəaliyyət göstərəcək. Qubadlı məktəblərinin bir özəlliyi də var ki, onlar öz tarixi adlarını hələ də qoruyub saxlayır, heç bir dəyişiklik edilməyib. Məsələn, Qubadlı rayon Çaytumas kənd məktəbi, Dəmirçilər kənd məktəbi və s”.

Qeyd edək ki, şanlı Azərbaycan ordusu 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan və 25 oktyabrda Qubadlı şəhərini işğaldan azad edib.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları