Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 10:48:00
Qələbədən sonra orada Qarabağ Dövlət Universiteti yaradılmalıdır-Təhsil təklifləri  

Hazırda  gündəmdə  olan məsələlərdən biri də Qarabağda  dövlət  universitetinin yaradılmasıdır.

  

AzEdu.az  xəbər verir ki, bir neçə il öncə Milli Məclisin deputatı  Zahid  Oruc  Bərdədə Qarabağ  Dövlət Universitetinin  yaradılması ilə bağlı təklif  irəli sürmüşdü. Artıq  torpaqlarımız  işğaldan azad edilir və bu universitetin  Qarabağda  yaradılması  ilə bağlı başqa fikirlər irəli sürülür.

 

Bu halda Qarabağ  Dövlət  Universitetinin  yaradılmasının  əhəmiyyəti və vaciblik meyarı, eyni zamanda hansı istiqamətdə fəaliyyət göstərməsi və s. məsələlər ortaya çıxır.

 

“Ayrıca Qarabağ  Universitetinin yaradılmasına ehtiyac var”

 

Tarix Elmləri üzrə Fəlsəfə doktoru Nəsiman Yaqublu  əvvəllər Qarabağda  fəaliyyət göstərən universitetdən söz açıb:

 

"İşğaldan öncə Qarabağda  universitet var idi. Həmin  universitetin  filialı  əvvəl Xankəndidə, sonra  Şuşada, hazırda isə Ağcabədidə fəaliyyət göstərir. Yəni bunun bazası var, yeni fikir deyil. Sadəcə olaraq  o  universitet Qarabağ Dövlət Universiteti olaraq  deyil,  ADPU-nun filialı kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, ayrıca Qarabağ universitetinin yaradılmasına ehtiyac var.

 

Ancaq  söhbət təkcə universitetdən getmir. İşğaldan  azad  edilmiş  ərazilərimizdə mərkəzləşdirilmiş  infrastruktur  yaradılmalıdır. Yalnız ali təhsil mərkəzi ilə kifayətlənmələli, eyni zamanda  tibb, biznes, informasiya sistemləri sahəsi də yaradılmalı və bu  istiqamətdə ciddi addımlar atılmalıdır. Yəni təkcə universitet deyil, həm də bütün sahələr üzrə  mərkəzləşdirilmiş  infrastrukturlar  yaratmalıyıq  ki, insanlarımız orada yaşayıb fəaliyyət göstərsinlər.

 

“QARABAĞ adlı  müəssisələr yaradılmalıdır”

 

Fəlsəfə doktoru  Azərbaycanlı əhalinin, xüsusi ilə də gənclərin orada məskunlaşdırılması üçün vacib addımlar atılmalı olduğunu bildirib:

 

“Digər bir tərəfdən isə, gənclərimizin orada qalıb yaşaması üçün  ciddi  infrastrukturlar  yaratmaq  lazımdır. Gənclərimizdə orada  məskunlaşmağa  maraq  oyatmaq  üçün  maaş  miqdarını  yüksək etmək, onlara yaşayış üçün lazımı şəraiti yaratmaq, hətta ev vermək yaxşı olardı. Azərbaycan  əhalisinin  Qarabağda  daimi  məskunlaşması  üçün  universitetin  yaradılması  vacib  və əhəmiyyətli fakordur. Xüsusi ilə də Xankəndidə azərbaycanlı  əhalinin  məskunlaşdırılması, oranın  mərkəzləşdirilməsi  üçün  Qarabağ  universitetinin  yaradılması ilə yanaşı, eyni  zamanda  Qarabağ adlı digər müəssisələrin də  yaradılması  məqsədə  uyğundur.

 

O, işğaldan azad edilən torpaqlarda görülməli olan işlərlə bağlı öz təklifini bildirib:

 

"Ancaq  mövzudan  uzaq olsa da mənim şəxsi fikrim ondan  ibarətdir  ki, biz o  torpaqları böyük bir turizm zolağına  çevirməliyik. Çünki oralar o qədər gözəl yerlərdir ki, yalnız azərbaycanlıların deyil, eyni zamanda dünya insanları  gəlib o cənnət məkanları  görməlidir. Bütün dünya  Qarabağın gözəlliklərinə şahidlik etməlidir.

 

Əlbəttə, sonra  rəsmi qərar dövlətə məxsusdur və mən ən doğru qərarın veriləcəyinə  əminəm. O zaman biz də öz dəstəyimizi əsirgəməyəcəyik".

 

Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev  universitetlə yanaşı digər təhsil müəssisələrinin də yaradılmasının  zəruriliyini  vurğulayıb:

 

"Hazırda əsas məsələ torpaqlarımızın işğaldan tam azad edilməsidir. İnşallah ki, bu proses  tamamlandıqdan sonra  o torpaqlarda bir sıra işlər həyata keçiriləcək. Əvvəlcə lazımı  infrastrukturların yaradılması, əhalinin orada məskunlaşdırılması  ön planda olacaq. Qarabağda  dövlət universitetinin  yaradılması ilə bağlı irəli sürülən təklif  təqdirəlayiqdir, buna  mən də qatılıram. Qarabağ Dövlət Universiteti ilə yanaşı orada digər təhsil müəssisələrinin də yaradılması zəruridir. Bir çox məktəblər, kolleclər, təlim-tədris mərkəzləri  yaradılacaq. Tək bir istiqamətdə deyil, eyni zamanda bir neçə istiqamətdə ali təhsil müəssisənin yaradılması  zəruri və məqsədə uyğundur.

 

Rektor yenidən qurma işlərinə dəstək olmaq istəyən invesestitorlardan söz açdı:

 

"İstər təhsil, istərsə də digər istiqamətlərdə  yenidən qurma və bərpa  işlərinin həyata keçirilməsi üçün bir çox Azərbaycan və Türkiyəyə məxsus  investorlar  sərmaya qoymağa hazırdırlar.

 

Bu istiqamətdə lazımı qərarların veriləcəyinə əminəm və  biz də əlimizdən gələn dəstəyi göstərəcəyik".

 

O, bildirib ki, azad edilən torpaqlara yenidən həyat nəfəsi qaytarılacaq:

 

Eyni zamanda təhsil ilə yanaşı orada ümumi quruculuq  işlərinin görülməsi əsas məsələlərdən biridir. O gözəl, zəngin torpaqlar artıq 30 ilə yaxındır ki, təcavüzə-, erməni barbarizminə məruz qalıb. Biz torpaqların hər bir zərrəsinə həyat nəfəsini  yenidən qaytaracağıq.

 

Qeyd edək ki, hazırda Azərbaycan ordusunun həyata keçirdiyi işğaldan azad etmə əməliyyatları uğurla davam edir.

 

Qarabağ  Azərbaycandır!