Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 12:55:00
Tibb Universitetinin 14 həkimi könüllü olaraq cəbhə bölgəsində fəaliyyət göstərir

Ölkəmizdə fəaliyyət göstərən əksər tibb ocaqları kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası da cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Klinikanın həkimləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizdən, eləcə də erməni təxribatı nəticəsində xəsarət alan mülki əhalidən köməyini əsirgəmir. Universitetin rektoru, professor Gəray Gəraybəylinin tapşırığına əsasən, klinikanın təcili yardım, reanimasiya, əməliyyatxana və digər şöbələri yaralıların qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Universitetin və klinikanın 14 əməkdaşı könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlara və əsgərlərə tibbi xidmət göstərir.

 

AzEdu.az-ın məlumatına görə, Klinikanın baş həkimi, professor Ramiz Poluxov bildirib ki, əsasən, ümumi cərraha, eləcə də, kardiocərrah, üz-çənə cərrahı, travmatoloq, reanimotoloqa daha çox ehtiyac var. Hazırda klinikanın 60-dan çox həkimi isə könüllü olaraq cəbhə bölgəsində işləmək üçün öz növbəsini gözləyir.

 

“Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt qan tökülməsini istəməyib. Ölkə rəhbərliyi 30 ildir ki, dözümlülük göstərərək münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına son qoyub və bu gün də onlar öz təcavüzkar siyasətini davam etdirir. Ona görə də Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixi torpaqlarını qaytarmaq üçün mübarizəyə qalxıb. Təəssüf ki, müharibə itkisiz olmur. Mən Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda vuruşan bütün qəhrəman övladlarımızın valideynləri qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralı övladlarımıza tezliklə şəfa diləyirəm. Qələbə bizimlədir!”, - deyə baş həkim qeyd edib.