Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 16:46:00
Cəbrayıl məktəblərindəki müəllimlərin sevinc hissləri – “Bu hissləri yaşamalı idik”  

 

 

 

4 oktyabr 2020-ci ildə 27 illik həsrətdən sonra Cəbrayıl düşmən tapdağından azad olundu. Şanlı Ordumuz bayrağımızı Cəbrayıla sancdı.

 

1993-cü ildən işğal altında olan Cəbrayıl  rayonunun azad olunmasına ən çox sevinənlər sırasında həmin bölgənin müəllimləri də var.

 

Onlar sevinc hisslərini AzEdu.az-la bölüşüblər.

 

Cəbrayıl rayon 25 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Telman Abbasov doğma kəndinə qayıdacağı üçün çox xoşbəxtdir:

 

“İşğaldan azad olunan ərazilərdə infrastruktur yenilənməlidir. Şagirdlərin inkişafı və tədrislə təmin olunması üçün normal şərait yaradılmalıdır. Cəbrayılın bir çox kəndləri və doğma kəndim olan Dəccəl düşmən işğalından azad edilib. Bu, bizim üçün böyük fəxarətdir. Neçə illərdir ki, Cəbrayıl məktəbində işləyirəm, lakin azad olunan kəndlərimizdə böyük şövqlə dərs keçmək arzusundayam. Torpaqlarımızın işğaldan azad olunması uzun müddət ərzində başa gələn prosesdir. İtki və dağıntıların olmasına baxmayaraq uğurlu nəticə əldə etmişik. Bu insana çox böyük qürür hissi verir. Bu axına qoşulmaq bizə çox böyük sevinc hissi bəxş etdi.

 

Təhsil hər zaman diqqətdə mərkəzində olub. O, davam edir və yenilənir. Mən Azərbaycan dil və ədəbiyyat müəllimi olaraq insanları həmişə  müşahidə edirəm. Onlar bəzən deyirlər ki, torpaqlarımız niyə gec alındı? Bu sevginin, istəyin niyə indi başa gəldiyini sorğulayırlar. Bizdə ordu quruculuğu və müəyyən proseslər hazırlandıqdan sonra  torpaqlarımızın azad edilməsi uğrunda mübarizə başladı. Hazırda Sovet dövrü deyil,  bizim bu eşqi, sevgini yaşamaq zamanımızdır. Təhsilin formalaşmağı insanların inamlı olması əsasında baş verir”.

 

Cəbrayıl rayonun Təhsil Şöbəsinin aparıcı işçisi və tarix müəllimi Əli Əliyev azad olunan rayonlarında təhsil sahəsində atacağı addımlardan söz açıb:

 

“Ümid edirəm ki, qısa müddətdə işğal altında olan torpaqlarımız azad olunar, biz  də Cəbrayıla geri dönər və orada müəllimlik fəaliyyətimizi davam etdirərik. İnşallah müəllim kimi gələcək nəslin təlim və tərbiyısi ilə məşğul olacağıq. Şagirdlərimizin milli vətənpərvərlik ruhunda böyüdülməsinə çalışacağam. Bugünki qəhrəmanlar müasir  təhsilin nümayəndələri və yetişdirmələridir. Gələcəkdə də bu tip qəhrəmanlarımız yetişəcək. Uzun müddət ərzində cəmiyyətimiz  müstəmləkə şəraitində yaşayıb, bu da bizim təfəkkürümüzə təsir edib. Həmin dövrün insanları bizim müstəqil düşünməməyimizə mane olublar. Lakin bu gün  müstəqil dövlətimizin yetişdirdiyi  nəsil  daha çevik düşünə bilir. Onlar ölkəmizin  yanında  olan dövlətləri tanımalı, xalqımızın  düşmənlərini ayırd etməlidilər. Bu xüsusiyyətlər   yol verəcək ki,  bizim başımıza gələnlər gələcək nəslin başına gəlməsin. Azərbaycan xalqının düşüncə və  mentalitetində tolerantlıq və sülhsevərliklə yanaşı hər şeyə hazır olmaq xarakteri də formalaşmalıdır. Çünki düşmənlər bizim yaxşı cəhətlərimizdən istifadə ediblər. Gələcəkdə bunları yaşamamaq üçün  gənc nəsil düzgün təfəkkürdə böyüdülməlidir”.

 

Şanlı ordumuza uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları