Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 16:30:00
Son illərin ən uğurlu təhsil proqramı haqqında bilmədiklərimiz – MBA-ya axının səbəbləri  

MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq, təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti və Bakı Biznes Universitetidir.

MBA-ya I turda 45+ bal toplamış tələbələr sənədini verə bilər. MBA üzrə keçid balını, yəni 2 turun cəmində minimal 75-80 toplamış tələbələr bu proqramda təhsil ala bilər.

“Məzunlardan iqtisadçı kimi fəaliyyət göstərənlər azlıq təşkil edir. Əsasən, biznes sahəsində mütəxəssis, təhlilçi və s. işləyə bilirlər. Yəni sırf iqtisadi təhlil aparanlar məzunların cüzi bir hissəsini təşkil edir”.

Bu sözləri AzEdu.az açıqlaması zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Departamentinin tədris işləri və layihələr üzrə direktor müavini Fariz Quliyev deyib. Onun sözlərinə görə, MBA UNEC-də 2001-ci ildən etibarən fəaliyyət göstərir:

“MBA proqramı, universitetdə Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti ilə «Biznesin təşkili və idarə edilməsi üzrə magistrlərin hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi» sahəsində bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Bu proqramın tədris planları Koliforniya Universiteti və Çikaqo Biznes Məktəbində olan tədris planlarına çox yaxındır”.

Fariz Quliyev, həmçinin, məzun tələbələr haqda bəhs edib. O, qeyd edib ki, MBA-nın tədrisi üçün xaricdən daha çox mütəxəssisin cəlb olunmasına çalışırlar:

“Ümumiyyətlə, mühazirələri əsasən, universitetin xarici ölkələrdə iş təcrübəsi olan müəllimləri, digər universitetlərin tanınmış professorları, eləcə də xarici ölkələrdən dəvət olunmuş professorlar aparır. Tədris rus və Azərbaycan bölmələrinə birgə, rus, Azərbaycan və ingilis dillərində aparılır.

Bizə qəbul olanların əksəriyəti elə işləyənlər olur. MBA-nı bitirdikdən sonra “promotion” alanlar da az olmur (15-25 %). Qalanları isə ən azından MBA dərəcəsini əldə etdikləri üçün rahatlıqla iş  tapırlar . Amma məzunlardan iqtisadçı kimi fəaliyyət göstərənlər azlıq təşkil edir. Əsasən, biznes sahəsində mütəxəssis, təhlilçi və s. işləyə bilirlər. Yəni sırf iqtisadi təhlil aparanlar məzunların cüzi bir hissəsini təşkil edir.

F.Quliyev qeyd edib ki, bu proqram üzrə tədris proqramı yüksək səviyyədə qurulub:

“Lakin tədrisin yüksək səviyyədə həyəta kəçirilməsi semestr ərzində daimi nəzarət, ümumi mühit və digər faktorların birgə təsiri nəticəsində olur. Hər-halda biz çalışırıq ki, tədris Azərbaycanda magistra gəlib çatmış tələbələrin tələbindən aşağı olmasın. Burada ingilis, rus, azərbaycan bölmələrindən asılı olan səbəblər də var… Təəssüf ki, hər qrupda ideal alınmır, ancaq yanaşma eynidir – tələbənin bazasından və məninməməsindən asılı olmayaraq bütün tələbələrə eyni ağırlıq və qaydada yanaşırıq”.

Leyla QULAMİ