Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 17:18:27
“Akademiya sistemində islahatlara böyük  ehtiyac var” - Hamlet İsaxanlı


“Akademiya sistemi haqqında ümumi fikirlər deyəndə, zənnimcə, daha obyektiv olur, nəinki konkret şəxslər haqda...  Düşünürəm ki, Azərbaycanın hazırki akademiya sistemi köhnəlib”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasında seçkilər keçirilib və Akif Əlizadə yenidən qurumun prezidenti seçilib.

Müsahibə həmin vaxta təsadüf etdiyindən H.İsaxanlı Akademiya haqqında sualımızı cavablandırıb.

Hamlet İsaxanlı bildirib ki, dünyada akademiyaların iki növü var: dünyanın aparıcı ölkələri olan Amerika, Fransa, İngiltərə və Almaniyada, yəni inkişaf etmiş ölkələrində, bir də keçmiş sosialist ölkələrində olan akademiya sistemi:

“Bu iki sistem çox fərqli qurulub. Məsələn, Amerika və Fransanın Milli Elmlər Akademiyası, İngiltərənin Royal Society, Almaniyanın isə Leopoldina Elmlər Akademiyası - bunların dördünün maddi bazası bizim Akademiyanın bazasından xeyli balacadır. AMEA-ya məxsus olan binalar 4 akademiyaya məxsus olanlardan xeyli çoxdur. Lakin Amerika Akademiyasında 70-dən çox Nobel mükafatı alanlar var. Bu, paradoksdur. Çünki  Qərb dünyasında akademiya özünə baza elmi tədqiqat institutları yığmır. Akademiya əlaqələndirici, koordinasiyaedici qurum, alimlərin klubudur.  Hər alim öz universitetində işləyir. Burada onlar elmin perspektivləri, inkişaf tendensiyalarını müzakirə etməyə yığılırlar. Həmçinin müəyyən jurnallar buraxmaq, seçkilər aparmaq, nəhayət hökumətə  tövsiyələr vermək kimi işlərlə məşğul olurlar. Keçmiş sosialist ölkələrində isə universitet, bir də akademiya ali təhsil verir. Sadəcə Akademiyada elmlər namizədi, elmlər doktoru ( indi PhD deyirlər) hazırlanır”.

Professor deyir ki, bütün keçmiş sosialist ölkələrindəki Elmlər akademiyalarında islahatlar aparılsa da, bizdə belə islahatlar hələ ki reallaşmır:

“Məsələn, Gürcüstanda akademiyalar artıq qərbsayağıdır. Probaltika ölkələrində yeni dövr başlanan kimi keçmişdəki akademiyalar ləğv olundu. Yeni, Qərbə uyğun , kiçildilmiş, perspektivli akademiyalar yaradıldı. Bizdə isə yox. Bizdə gah akademiyaya çox fikir verilir, gah deyirlər yeni bir institut açılsın. Maliyyə bazası zəifləyib. Akademiyada çalışanlar yüksək maaş ala bilmirlər. Hökumət  onlara maaş verə bilmir, amma islahat da aparmır. Akademiya sistemində Azərbaycanda islahat aparılmasına böyük  ehtiyac var. Rusiyada Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və təhsili birləşdirmək lazmdır, ayırmaq yox. Pribaltika, Qazaxıstan, Gürcüstanda da eyni cürdür.

Hərdən hökumət dairələri  məndən fikirlərimi öyrənirlər. Bunları uzun müddət əvvəl yazıb göndərmişəm. Prezident yanında Təhsil Komissiyasının üzvüyəm. Təhsil və elmi birləşmək əvəzinə ayırırlar. Elmlər Akademiyası elmi tənzimləyir. Xəzər Universitetində Kompüter Elmləri kafedrası var. Orda xaricdən gəlmiş, samballı insanlar çalışır.

Bizim doktoranturaya daxil olanları məcburuq ki, göndərək AMEA-da Kommunikasiya texnologiyalarından imtahan versinlər. Amma biz ordan yüksək səviyyəli müəllim kimi işləməyə adam tapa bilmirik”.

Hamlet İsaxanlı deyir ki, Akademiyanı saxlamaq üçün qeyri-adi bir islahat lazımdır:

“Azərbaycanın ən gecikdiyi islahat sahələrindən biri elm üzrədir. Tehran Universiteti bir ildə bizim AMEA-dan 10 dəfə çox məqalə çap edir. Bir universitet kimi keyfiyyəti də 100 dəfə çoxdur. İndi akademiyanı böyütmək, magistratura daxil etmə ali məktəbə çevrilmə prosesi deməkdir. Bu, elmi tədqiqat missiyasını gücləndirmək missiyası deyil. Tədqiqatdan tədrisə keçməkdir. Mən akademiyada çoxuyla tanışam, dostam. Amma mən bu sözləri həmişə deyirəm. Şəxsiyyətə yönəlməyib. Mənim fikrim Azərbaycandakı elm  və təhsil sahəsində islahatlara yönəlib. Təhsil sahəsində müəyyən islahatlar gedib və gedəcək, akademiyada da özləri islahat edə bilməyəcəklər. Hökumət də bu işə tam qarışmır, çalışmır. Amma istəyərdim ki, çalışsın”.

Qeyd edək ki,  yaxın günlərdə AzEdu.az Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı ilə geniş müsahibəni təqdim edəcək.

Elmin Nuri

Mail Ağaxanov