Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 10:25:00
“İki-üç cümləni  ard-arda normal yaza bilən çox az şagird var” – Test üsulunun acı fəsadları

Tez-tez müşahidə edilən hallardan  biri də  şagird və abituriyentlərin, eləcə də  tələbələrin  test imtahanlarında yüksək nəticə göstərmələrinə baxmayaraq,  yazılı formalı imtahanlarda zəif  təsir göstərmələridir.

Mütəxəssislər  bunu test imtahanlarının tətbiqi ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, test üsulunda insanlar özlərini ifadə edə bilmir, bu da əzbərçiliyə gətirib çıxarır. 

Kurikulum üzrə təlimçi Günel Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, uşaqların test imtahanında yüksək, yazılıda isə aşağı nəticə göstərməsi onların söz ehtiyatının azlığı ilə bağlıdır:

“Özüm də orta məktəbdə işləyirəm. Müşahidələrimdən görürəm ki, söz azlığı problemi var. Bu da o deməkdir ki, şagirdin dünyagörüşü də azdır. 

Hər bir fənni oxuyan zaman insanın beynində terminlər lüğəti də formalaşır, beləliklə də söz ehtiyatı yaranır. Əgər söz  bazası olmasa fikirlərini ifadə edə bilməyəcəklər.  Mən kurikulum tərəfdarıyam. Müasir metodikanı çox bəyənirəm və yüksək qiymətləndirirəm. Açıq suallar vasitəsilə şagirdlərin düşüncələri inkişaf edir, təfəkkürü stimullaşır, beyin daha çox aktiv olur. İndi yaddaş yox, düşüncə tərzi əsasdır. Bu suallar şagirdi düşünməyə sövq edir. Fikirlərini ifadə edə bilmədikləri üçün çətinlik çəkirlər. Həm də sanki düşünmək istəmirlər. Sual verilən zaman  mühakimə yürütməlidir, yaradıcılıqlarını ortaya qoymalıdırlar. Amma bunu edə bilmirlər. Dediyim kimi çox passiv şəkildə olur. Müəllim sualı, cavabı da özü verir”.

Günel Əliyevanın  sözlərinə görə, əksər məktəblərdə şagirdlər hərtərəfli öyrədilmir. Həmçinin, indi fənlər də bir-birinə inteqrasiya olunmalıdır:

“Elə məktəblər də var ki, orada müəyyən məsələlər, yeni üsullar öyrədilir, amma uşaqların informasiyası azdır deyə problem yaranır. Söz ehtiyatı çox olan adam təbii ki, açıq sualları cavablandıracaq. Məsələn, 9-cu sinfin buraxılış imtahanında mətnlər idi. Bu sualları çox qısa cümlələr, loru dildə yazılmış sözlərlə cavablandırırdılar. Təbii ki, ona yaxşı bal verilməz. İki-üç cümləni  ard-arda normal yaza bilən çox az uşaq var. Olur, amma  əlavə hazırlıqlara gedənlərdir. Məktəblərdə inşa müsabiqələri keçirilir.  Əksər məktəblərdə uşaqlar inşaları hardansa köçürürlər.  Hər hansı mövzu versəniz  ki,  inşa yazın yaza bilməyəcəklər. Yazanlar da çox çətinliklə. Fikirləşə, fikirlərini ifadə edə bilmirlər. Ən böyük problem  budur. Yazılarda elmi əsaslar, obrazlı cümlələr yox dərəcəsindədir. Bu problem test üsulunun tətbiqiylə bağlı deyil . Açıq testlər də buna görə tətbiq olunur ki, uşaqlar mühakimə yürüdə bilsinlər. Sual verilir ki, məzmuna uyğun olaraq mətnə cavab verin. Məsələn, mətndə hansı suala cavab yoxdur, özündən mətnə suallar verməlisən, hər bir sahəylə bağlı sözlər olur bunları bilməlisən. Əksəriyyəti çətinlik çəkir. İndiki kurikulum kitablarına baxsanız, hər birində açıq suallar var. Bəziləri qəbul etmir, deyirlər ki,ənənəvi üsul yaxşı idi. Əslində isə kurikulum  tədris metodu çox yaxşıdır. Sadəcə bizim uşaqları buna alışdırmaq çətin işdir. Bu da zaman tələb edir”.

Onun sözlərinə görə, əvvəllər uşaqlar bir-bir çıxıb dərs danışırdı, ancaq müəllimin izahı, onun fikri, sözü olurdu.  Müəllim fikrini yürüdürdü avtoritar üsul idi:

“Amma indi demoktratik üsuldur.Hər kəsə daha rahatdır.İndiki dərslərdə müəllim uşağa birbaşa sən səhv dedin deyə bilməz. Şagirdlərin gözlərinə baxmalıdır,onlarla mehriban danışmalı, gülümsəməli  və pozitiv olmalıdır. Əslində bunlar artıq qayda kimi kitabçada yazılır və müəllimlərə öyrədilir. Bu gün işə qəbula gedən müəllimlər bunları bilməlidir. Müəllim bələdçidir, istiqamət verir, şagirdlər isə tədqiqatçıdır, araşdırmalıdır. Nəticəsi yüksək ola bilər, sadəcə zaman lazımdır. Oyunları keçirirsən hələ ki, dərk edə, dərs kimi qəbul edə bilmirlər. Valideynlərlə bağlı ciddi problem də var. Müəllim kompüter aparır müasir formada youtube-dan dərslər göstərməyə  elə bilirlər ki, müəllim kompüterlə oynayır. Bunu əvvəlcə valideynlərə başa salmaq lazımdır.Əməkdaşlıq şəklində olmalıdır, məktəb, valideyn, şagird birlikdə işləməlidir.Humanitar fənlərdə bunun tətbiqi xüsusən əhəmiyyətlidir”.