Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 15:06:00
Tələbələrin imtahan hiyləsi - BDU-da və Xəzər Universitetindəki FAKTLAR

Bəzən hansıa tələbə imtahanlardan keçmək üçün həmişə müxtəlif köməkçi vasitələrdən istifadə edir. Köçürmə, yanındakından kömək istəmək və s... Bunlardan başqa daha müasir vasitələrin olduğu da məlumdur.
Bəzi tələbələr mini qulaqcıqlardan, müxtəlif bu kimi vasitələrdən istifadə edərək, imtahandan keçməyə çalışırlar. Əksər hallarda isə bu heç də uğurlu alınmır.

Xəzər Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı bildirib ki, texnologiya inkişaf etdikcə, tələbələr də belə şeylərdən istifadə etməyə çalışırlar:

 “Belə halları bildiyimiz üçün bunlara qarşı tədbirlər görülür. Tələbələr auditoriyaya girəndə diqqətlə yoxlanılır. Otaqda iki nəzarətçi olur, fərqli tərəflərdə dayanırlar. Belə hallar bizdə çox az olur. Çünki bilirlər ki, bizim universitetə gələndə dəqiq oxumaq lazımdır, oxumasan işin yaxşı getmir. Nə oxusan onu alacaqsan, nə az, nə çox.Prinsip etibarı ilə elə hallara demək olar ki, rast gəlinmir. Amma belə bir hal yaşanmışdı:tələbələr internet üzərindən imtahan üçün olan test bankına daxl olmuşdular. Onları aşkarlayanda birini 1 illik, digər 2-3nəfəri isə bir semestrlik universitetdən uzaqlaşdırdıq. Peşman olmuşdular, sonra bərpa etdik. Amma tələbədilər də, nəzarət az olsa, yaxşı oxumasalar daha çox istifadə etməyə çalışacaqlar”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova deyib ki, istər tədris prosesi müddətində, istərsə də imtahanlarda auditoriyalar  Tədris Departementi tərəfindən quraşdırılmış kameralar vasitəsilə izlənilir:

“Hər hansı keyfiyyətsiz dərs olarsa, ölçü götürülür. İmtahan prosesində isə iki nəfər nəzarətçi olmaqla yanaşı, Tədris Departamenti tərəfindən izlənilir və neqativ hallara yol verən tələbələrlə bağlı müəyyən ölçü götürülür. Akt tətbiq olunur  və tələbə imtahandan xaric olunur.Universitet üzrə statistika göstərir ki, əsasən I kurs tələbələri arasında belə hallara rast gəlinir. Ümumi götürdükdə yuxarı kurslarda neqativ hallara yol vermiş tələbələrin sayında  azalma müşahidə olunur. Tələbə universitetə daxil olanda ona məlumat verilir ki, neqativ hallara yol vermək olmaz, yəni bu yaxşı nəticələnməyəcək. Son illərin statistikasına görə, belə halların sayı kifayət qədər azalıb. Tələbələr hər hansı vasitələrdən istifadəyə çox da meyl etmirlər”.

Pərvanə xanım deyir ki, tələbələr müxtəlif vasitələrdən istifadə edə bilir. Bunlar arasında telefon, qulaqcıqlar ola bilər:

“İmtahana girəndə bütün telefonlar tələbələrdən yığılır. Ola bilsin ki, yayınma halı osun, o özüylə telefon keçirsin və ya başqa hansısa vasitələrə əl atsın. Auditoriyada olan müəllim –koordinatorlar, əgər onların gözündən yayınarsa, Tədris Departamenti tərəfindən aşkarlanır.Telefon da keçirə bilərlər, qulaqcıqlardan da istifadə etmə halları ola bilər. Amma hər bir halda bunun qarşısı alınır.Və tələbə artıq görür ki, yoldaşı hansısa vasitədən istifadə etdi, akt tətbiq olundu və imtahandan uzaqlaşdırıldı. Sonra həmin tələbələr bu yola əl atmırlar. Tələbələr başa düşürlər ki, onların yeganə yolu təhsil almaq, oxumaq imtahana hazırlaşmaq və verməkdir”.