Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-22 10:25:00
UNEC-in məzunu ölkə üzrə ən yüksək nəticəni əldə edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu ölkə üzrə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə ən yüksək nəticəni əldə edib.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, İqtisadiyyat fakültəsinin beynəlxalq münasibətlər ixtisasının məzunu Eltac Rəcəbov 99,84 bal toplayaraq, ölkənin digər universitetlərinin məzunları arasında ÜOMG-yə görə birinci yeri tutub.

 

Universitetin ənənəsinə uyğun olaraq, E.Rəcəbov ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilib.

 

UNEC-in rektoru, professor Ədalət Muradov E.Rəcəbovla görüşərək, onu ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib. Rektor ona gələcək fəaliyyətində uğurlar arzulayaraq, dövlətinə, xalqına layiqli vətəndaş olmağı, harada təhsil almasından və çalışmasından asılı olmayaraq ölkəmizi layiqincə təmsil etməyi tövsiyə edib.

 

Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran E.Rəcəbov UNEC-in məzunu olmasından qürur duyduğunu bildirib. O, UNEC-də tələbələrin yüksək bilik əldə etmələri üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə, eləcə də müəllimlərinə təşəkkürünü bildirib.

 

Sonra E.Rəcəbova 2019/2020-ci tədris ilində UNEC-in ən yüksək bal toplayan məzunu olduğu üçün plaket təqdim olunub.

 

Qeyd edək ki, E.Rəcəbov 4 illik təhsili müddətində davamlı olaraq, UNEC-in TOP 15 təqaüdünü qazanıb. Magistratura təhsilini Almaniyada almağı planlaşdıran E.Rəcəbov DAAD təqaüdünü də əldə edib.