Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-21 11:47:00
   BANM tələbəsi Macarıstan hökumətinin təqaüdünü qazanıb  

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Emil Məmmədov Macarıstan hökumətinin təqaüdünü qazanıb.

 

 AzEdu.az  xəbər verir ki, Emil Məmmədov 2015-ci ildə Bakı Avropa liseyini qızıl medalla bitirərək 667 balla BANM-in Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Bu il Ali Məktəbdən bakalavr pilləsi üzrə məzun olan  Emil Məmmədov Macarıstan hökumətinin təklif etdiyi təqaüd proqramının bütün müsahibələrdən uğurla keçərək müsbət cavab alıb. 

 

 E.Məmmədov bildirir ki, təqaüd proqramında ən önəmli mərhələ müsahibə mərhələsidir: “Təhsil Nazirliyindəki müsahibə zamanı həm ixtisas, həm  vətənpərlik, həm də dil bilikləri yoxlanılır. Macarıstandakı universitetlərin əməkdaşları isə dünyagörüşü və dil biliklərini test edirlər”.

 

Macarıstan hökumətinin təqaüd proqramı tələbələrə cəmi 2 universitet seçmək haqqını verir. Emil Məmmədov universitet seçməyin asan olmadığını, Macarıstandakı universitetlərin nüfuzunu, keyfiyyətli təhsil göstəricilərini, dünya reytinqindəki yerini, yerləşdiyi coğrafi mövqeyini araşdırdığını bildirib: “BANM-də bakalavr ixtisasım Neft-qaz mühəndisliyi olduğu üçün Miskolka Universitetində Neft-qaz mühəndisliyini nəzərdə tutdum, digər seçimim Debrecen Universitetinin Mühəndislik İdarəetməsi oldu. İstər neft-qaz sahəsi olsun, istərsə digər sahələr olsun, müasir çağda idarəetmə vərdişləri önəmlidir. Bu, həm də gələcəkdə iş imkanlarımı da artırır. Qəti qərarım Debrecen Universitetinin Mühəndislik İdarəetməsi ixtisası oldu və artıq universitetdən də bununla bağlı təsdiq cavabı almışam”.

 

 Macarıstan hökumətinin təqaüdünü qazanmış tələbələr əsasən ödənişsiz təhsil, universitet yataqxanasında yaşayış, tibbi sığorta və aylıq təqaüdlə təmin olunurlar.

 

Hungarikum təqaüdü  (Stipendium Hungaricum) Macarıstan hökümətinin həyata keçirdiyi təqaüd proqramıdır. Təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.