Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 11:07:00
“İctimai Şura ilə nazirlik rəsmiləri müəllimlərin bu təkliflərini müzakirəyə çıxardılar”- Sədr müavini  

 

“Təhsil Nazirliyinin aidiyyatı əməkdaşları ilə bir araya gəlməyimiz verilən təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı olur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

 

O, şuranın hansı istiqamətlər üzrə fəaliyyət göstərdiyinə aydınlıq gətirib.

 

 

“Yarandığı müddət ərzində təmsil etdiyim   “İctimai Şura” qəbul olunan Əsasnaməsinə və təsdiq edilən Fəaliyyət planına əsasən təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün bir sıra  məsləhətləşmələr, dinləmələr keçirib,  ictimai müzakirələr  təşkil edib, dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Təhsil Nazirliyinə  təkliflər verib və qanunvericiliklə müəyyən edilən digər hüquqlarından istifadə edib”.

 

 

Nadir İsrafilov qeyd edir ki, şura üzvləri tərəfindən görülən bütün işlər və həyata keçirilən tədbirlər şuranın eyni adlı “Feysbuk” səhifəsində yerləşdirilir.

 

 

“Hamısını sadalamağa ehtiyac bilmədiyim son bir-iki ay ərzində görülən işlər barədə təkcə onu deyə bilərəm ki, Təhsil naziri Ceyhun Bayramovla nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfransda koronavirus pandemiyası dövründə ölkə ərazisində tədrisin məsafədən təşkili, bu zaman onum əlçatanlığının  təmin olunması,  eləcə də nazirlik və İctimai Şura tərəfindən görülən işlər, təhsilalanların qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər və növbəti mərhələdə həllini gözləyən digər məsələlər barədə geniş müzakirələr aparılıb, bir sıra təkliflər dinlənilib, müzakirə edilib.

 

 

Öən həftə  “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” ilə bağlı müzakirələrin vacibliyi nəzərə alınaraq, Təhsil nazirinin aidiyyatı əməkdaşları ilə bir araya gəlməyimiz, gələcəkdə bu kimi müsabiqələrin keçirilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra təkliflərin nəzərdən keçirilməsi baxımından faydalı oldu”.          

 

 

Təhsil eksperti  İctimai Şuranın son onlayn iclası haqqında fikirlərini bildirib:

 

 

“Budəfəki “teams.microsoft.com” platforması üzərindən nazirin müşaviri Elnur Məmmədov və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun da qatıldığı Təhsil Nazirliyi ilə birgə onlayn görüşümüz, cari ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlara dair müzakirəyə həsr olundu. Məlumdur ki, 2011-2012-ci tədris ilindən etibarən aşkarlığı və şəffaflığı təmin etmək, rəqabətliliyi artırmaq məqsədilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, 4 mərhələ üzrə keçirilir.

 

 

Belə bir müzakirənin keçiriləcəyı barədə qabaqcadan “Təhsil forumu” qrupunun və İctimai Şuranın Feysbuk səhifələrində elan yerləşdirdik. Maraqlıdır ki, elanla bağlı 800-də artıq rəy və təkliflər daxil oldu. Doğrudur, təkliflərin demək olar ki, yarısı eyni xarakter daşıyıb bir-birinin təkrarı olsa da, geniş müzakirələrə səbəb oldu. Rəy və təkliflər əsasən məntiq suallarının çıxarılması, ixtisas və metodika üzrə sualların artırılması, kurikulum üzrə sualların müəyyən çətinliyi, MİQ hazırlığı üçün vahid vəsaitin hazırlanması, imtahanların reqlamenti, müsahibə mərhələsinin təkmilləşdirilməsi və s. ilə əlaqədar idi.

 

 

Əlbəttə, bütün rəy və təkliflər ətraflı təhlil olunacaq, çeşidlənərək konkretləşdiriləcək və qaydaların gələcəkdə daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində ümumi rəyə gəlinməsi də nəzərə alınacaq.

 

 

Onu da qeyd edim ki. imtahan mərhələsində lazımı keçid balını toplayanların təqribən 10 faizi müsahibə prosesində özünü doğrultmur. Bu halda uğursuzluğun səbəbləri daha ciddi şəkildə əsaslandırılmalıdır ki, əlavə narazılıqlar yaranmasın”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları