Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 17:57:36
Azərbaycan Dillər Universitetinin tələbələri beş məcburi köçkün məktəbində pedaqoji təcrübə keçiblər

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabatla çıxış edib. O, ADU tələbələrinin ümumilikdə səkkiz bölgə məktəbi olmaqla, beş məcburi köçkün məktəbində pedaqoji təcrübə keçdiklərini deyib. Diqqətə çatdırıb ki, tələbələr, həmçinin Bakıdakı 40 təşkilat və şirkətdə, dövlət qurumlarında və İsmayıllı Rayon İcra Hakimiyyətində istehsalat təcrübəsində olublar. Təcrübə müddətində tələbələrin fəaliyyəti, təşkil etdikləri tədbirlər təqdirəlayiqdir. Belə ki, tələbələr Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və azərbaycançılıq mövzularında “dəyirmi masa”lar, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatını keçiriblər.

M.İsmayılov gələcəkdə təcrübə prosesinin təkmilləşdirilməsi üçün qiymətləndirmə sorğusunun keçirildiyini söyləyib, bəzi təklifləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra təcrübə müddətində məcburi köçkün məktəblərində gedən proseslə bağlı videoçarx nümayiş etdirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla bu layihənin yalnız pedaqoji təcrübə deyil, həmçinin hamı üçün həyat təcrübəsi olduğunu bildirib. O deyib: “Biz burada hadisələrə nəzarət edirdik, gedişatı izləyirdik və onlara müəyyən düzəlişlər verməyə çalışırdıq. Bizim üçün də həyat dərsi idi, universitet üçün isə bütövlükdə imtahan idi. O məktəblərə gedən və getməyən müəllimlər üçün də imtahan oldu. Sevinirəm ki, biz hamımız bu imtahandan şərəflə çıxa bildik. Universitet ən vacib şərtlərdən birini özü üçün kəşf etdi. Tələbəsi, müəllimi, kafedra müdiri, dekanı və rektorundan asılı olmadan bir yumruq kimi birləşmək şansını əldə etdi. İnanıram ki, bu şansı bir daha əldən buraxmayacaq”.

Rektor vurğulayıb ki, ADU-nun tələblərinin bu məktəblərə getməsi son dərəcə vacib və gələcək perspektivlərə istiqamətlənmiş amildir. Ona görə ki, qaçqın və məcburi köçkün məktəblərinin şagirdləri böyüdükdən sonra ən yüksək tribunalardan öz kəndlərini, obalarının başına gələn müsibətləri danışmaq, dünyaya yaymaq məcburiyyətində qalacaqlar. Həmin uşaqların xarici dil vərdişlərini indidən doğru, düzgün müəyyənləşdirmək onların gələcək fəaliyyəti üçün son dərəcə vacib məqamdır. Məhz bizim universitetin xarici dil müəllimlərinin bu bölgələrdə iştirakı çox zəruridir.

Ölkənin mərkəzi və ucqarı arasında fərqin aradan qaldırılması istiqamətində görülən işin hər bir vətəndaş üçün şərəfli olduğunu diqqətə çatdıran K.Abdulla deyib: “Əgər biz mərkəzdə və ucqarda yaşayanlara eyni layihədə iştirak etmək şansı veririksə, onlara mərkəz və ucqar münasibətlərinin həlimliyini, doğmalığını bir daha nümayiş etdiririksə, bu, faktiki olaraq bizim vətəndaş kimi ancaq qələbəmizdir. Valideynlər şərəflə, fəxrlə hər yerdə deyə bilərlər ki, övladı Azərbaycanın ən ucqar kəndinin müəllimi olub. Siz xalqınız qarşısında vətəndaş kimi borcunuzun bir hissəsini artıq yerinə yetirmiş sayıla bilərsiniz”.

Sonda təcrübədə iştirak edən müəllimlər və tələbələr layihənin həyata keçirilməsində yaratdığı şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildiriblər.