Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 16:12:00
Onlayn təlim: Koqnitiv modellərin köməyi ilə qərarların verilmə mexanizmlərinin öyrənilməsi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə “Koqnitiv modellərin köməyi ilə qərarların verilmə mexanizmlərinin öyrənilməsi” mövzusunda onlayn seminar keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, seminarda ABŞ Texas A&M Universitetinin Tətbiqi iqtisadiyyat departamentinin doktorantı, İnsan davranışları laboratoriyasının baş meneceri, UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini Samir Hüseynov məruzə ilə çıxış edib.

Məruzəçi koqnitiv iqtisadiyyatın inkişaf tarixinə qısa nəzər salaraq, müasir biometrik avadanlıq və onlar əsasında ortaya çıxmış yeni neyrofizioloji ölçmələrin qərarvermə prosesinə yanaşmamızı fundamental olaraq necə dəyişdiyini izah edib. Bu dəyişikliklərin əmtəənin dəyərinin formalaşması kimi fundamental elmi məsələlərdə, istərsə də marketinq kimi tətbiqi istiqamətlərdə hansı yeni perspektivlər qazandırdığını ortaya qoyub.

Sonra isə məruzəçi neyrofizioloji ölçmələrin getdikcə daha əlçatan olmasının iqtisadiyyat elmi üçün yeni imkanlar yaratması, biometrik avadanlığın iqtisadi qərarların verilməsi zamanı beynin aktivlik dərəcəsi, emosiyalar və gözün hərəkət trayektoriyası kimi amilləri izləməyi mümkün etməsindən danışıb. Bu yeni məlumatların həm mövcud iqtisadi anlayışları rekalibrasiya etmək, həm də qərarvermə prosesini modelləşdirmək fürsəti verdiyini, eləcə də koqnitiv iqtisadiyyatı iqtisad elminin sürətli inkişaf edən qoluna çevirdiyini bildirib.

Seminar müzakirələrlə davam edib.