Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-22 17:10:00
“Bir” könüllülərinin  rəhbəri –“Tələbələrimiz 54 rayonda yardım işləri aparmağa hər zaman hazırdırlar”  

 

“Bir”  Tələbə-Könüllü Proqramı çərçivəsində bir sıra layihələr həyata keçirilir. “Böyüklərə dəstək”, “Könüllü-donor”, “Könüllü-qonşu” kimi aktiv layihələrimiz tətbiq olunur. 2000-dən çox ehtiyacı olan ailəyə könüllülər tərəfindən  yardım paketləri çatdırılıb. Könüllülərimiz bir müddət bundan əvvəl “Bir-təşəkkür” layihəsinə başladılar. Bu layihə 1000-dən artıq tələbənin iştirakı ilə sosial şəbəkələrdə həyata keçirildi. Layihənin əsas məqsədi  ön cəbhədə olan həkimlərimiz, polislərimiz və digər peşə sahiblərinə dəstək olmaqdır. Bu layihə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında “Bir” Tələbə Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov deyib:

 

O, qeyd etdi ki, “Bir” Tələbə-Könüllü Proqramınının  hazırda əsas məqsədi koronovirus dönəmində ehtiyacı olan insanlara yardım etməkdir:

 

“Azərbaycan Könüllərinin Əlaqələndirilmə Mərkəzi təsis olundu. 20-dən çox dövlət qurumunun könüllü təşkilatları, ictimai birlikləri burada təmsil olunur. Həmçinin “Bir"-könüllüləri də aktiv iştirak edirlər. “Böyüklərə dəstək”, “Könüllü qonşu” və “Könüllü donor”  layihələri bu quruma daxil olan təşkilatlarla birgə aparılır”.

 

“Hazırda Bakı-Abşeron və Qobustan ərazilərində yardım aksiyasına üstünlük verilir”

 

“Hazırda əsas məqsəd koronovirus dönəmində ehtiyacı olan insanlara yardım etməkdir. Məhz layihələrimiz də bu istiqamətdə düşünülüb. Karantin rejimi bitdikdən sonra digər sosial layihələrimiz üzərində çalışacağıq. Bu addımlar sırasında tələbələrin şəxsi inkişafının artırılması, olimpiya(paralimpiya) oyunları, Bakı Marafonu kimi mötəbər tədbirlərdə “Bir-könüllü” olaraq dəstəyimizi verəcəyik. Eyni zamanda könüllüləri şəxsi inkişafı üçün yay düşərələri, seminarlar, dil kursları və s. həyata keçiriləcək”.

 

Canoğlan İlyasov bildirdi ki, bölgələrdə yaşayan könüllü tələbələr də aktiv fəaliyyətdədirlər:

 

“Bir”  Könüllü - Tələbə Proqramı Bakı şəhəri daxil olmaqla 11 regionda fəaliyyət göstərir. Sıralarımıza 24000-dən artıq tələbə qoşulub. Onların xeyli hissəsi bölgələrimizdə yaşayırlar və 54 rayonda  dəstəklərini göstərməyə  hazırdırlar. Hazırda Bakı-Abşeron və Qobustan ərazilərində yardım aksiyasına üstünlük verilir. Bu ərazilərdə könüllü qərargahları da fəaliyyətdədir. İnsanların qeydiyyatı da məhz həmin mərkəzlərdə aparılır. Bu günlərdə könüllülər vasitəsilə Şəki şəhərində 30 ailəyə dəstək olduq. Hər bir ali təhsil müəssisəsində və orta-ixtisas mərkəzlərində koordinatorlarımız təyin olunub. Hər biri müəyyən olunan regionlarımızda fəaliyyət göstərir. Məhz “Bir könüllüləri”mizin idarəsində də bilavasitə onlar iştirak edirlər”.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları