Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-22 12:53:00
“İmtahanlara hazırlaşmaq üçün tələbələrə hər cür dəstək verilir”  

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “İqtisadiyyat və idarəetmə” fakultəsinin IV kursunun qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi sonuncu kursda təhsil alan tələbələri maraqlandıran sualların cavablandırılmasından ibarət olub.

 

Ş.Bayramov koronavirusla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində son günlərdə müşahidə olunan pozitiv tendensiya barədə tələbələrə məlumat verib. O, ölkəmizdə xüsusi karantin rejiminin 4 may tarixinə qədər uzadılması barədə müvafiq qərardan danışıb. Görüşdə tələbələrin istehsalat təcrübəsinin keçirilməsi, akademik borcların ləğvi, dövlət imtahanlarının təşkili, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı çoxsaylı sualları da cavablandırılıb. Ş.Bayramov evdə qaldıqları müddətdə dövlət imtahanlarına hazırlaşa bilmələri üçün müvafiq sualların və materialların sonuncu kurs tələbələrinə göndərildiyini və bu məsələdə tələbələrə zəruri dəstəyin göstərilməsi üçün kafedralara müvafiq tapşırıqlar verildiyini bildirib.

 

Dördüncü kurs tələbələrinin ali təhsilin bakalavriat səviyyəsini normativ müddət daxilində bitirəcəklərinə inandığını bildirən rektor dövlət imtahanlarının keçirilməsi vaxtları barədə son qərarın karantin müddəti bitdikdən sonra veriləcəyini deyib.