Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 14:13:00
“Distant təhsillə bağlı bütün işləri  yalnız öz mütəxəssislərimizin imkanlarından istifadə etməklə həyata keçiririk- Rektor

 

 

 

 

Dünyada və ölkəmizdə koronavirus(Covid-19) pandemiyası ilə əlaqədar karantin rejimi elan olunub, həmçinin təhsil mərkəzləri qapadılıb. Universitetlər və məktəblər online-distant təhsil sisteminə keçid ediblər. Ölkənin aparıcı universitetlərindən olan Azərbaycan Texniki Universitetində ( AzTu) vəziyyət necədir və bu proses necə davam etdirilir?

Universitetin rektoru professor Vilayət Vəliyev AzEdu.az-a açıqlamasında bildirdi ki, martın 30-dan onlayn dərslərə başlanılıb:

 

“Belə bir vəziyyətdə AzTU-nun rəqəmsal texnologiyaların tətbiqi sahəsində son dövrlər həyata keçirdiyi işlər bu gün üçün fors major olan şəraitdə köməyimizə gəlmişdir”

 

"Koronavirus (COVİD-19) adlı infeksiya təhlükəsi ölkələrin tibbi təhlükəsizliyinə ciddi problemlər yaradıb. Bu təhlükə insanların kütləvi toplaşdığı ali təhsil müəssissələri üçün də qaçılmaz olub. Bu fövqəladə şəraitdə hər birimiz ölkə prezidentinin birbaşa göstərişi və nəzarəti ilə dövlət tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini dərk edərək yüksək  həmrəylik nümayiş etdirməli, məsafədən işləməklə öz rəqəmsal imkan və potensialımızı vəzifələrimizin maksimal icrasına yönəltməliyik.

 

Belə bir vəziyyətdə AzTU-nun rəqəmsal texnologiyaların tətbiqi sahəsində son dövrlər həyata keçirdiyi işlər bu gün üçün fors major olan şəraitdə köməyimizə gəlib. Son aylar ərzində online sistemin təkmilləşdirilməsi və elektron resursların “Elektron təhsil” portalına daxil edilməsi bizim bu sahədə daha asanlıqla onlayn dərslərin təşkilinə şərait yaratdı. Mart ayının 16-dan Distant təhsil texnologiyalarından maksimum istifadə edərək tələbənin fənni mənimsəyə bilməsi üçün bütün tədris kontentləri elektron formada tələbənin kabinetinə yerləşdirildi. Tələbə öz kabinetinə daxil olaraq fənlər üzrə mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələrini yerinə yetirmək üçün tədris vəsaitləri, video dərslər, animasiyalar və s. tanış ola bilir.

 

Eyni zamanda müəllim və tələbələr mövcud dərs qrafiklərinə uyğun olaraq elektron təhsil sisteminin Forum bölməsinə daxil olub onlayn sual-cavabda iştirak edə bilir. Mart ayının 30-dan isə onlayn dərslərə başladıq. Tələbə və müəllimlərimiz bu imkandan uğurla istifadə etməkdədirlər. Burada mühazirə dərsləri tələbələrlə interaktiv formada aparıla bilir, seminar məşğələ dərsləri tələblərə uyğun olaraq hər bir tələbə üçün lazımi sorğu aparmağa imkan verir, eyni zamanda laboratoriya nəticələrini qəbul etmək üçün sistemin imkanları mövcuddur. Bunlarla bərabər keçirilən dərslərin gedişinin videosunun yazılması üçün imkanlar vardır ki, tələbələr sonradan da öz elektron kabinetlərinə daxil olub  keçirilmiş dərsi dinləyə bilərlər. Yalnız 30 mart tarixində “Elektron kabinet”lərə 6000 tələbə, 500 müəllim müraciət edə bilib Bu kifayət qədər yüksək aktivlikdir.

“Biz distant təhsillə bağlı bütün işləri  yalnız öz mütəxəssislərimizin imkanlarından istifadə etməklə həyata keçiririk

 Mövcud şərtlər daxilində AzTU-da cari idarəetmə necə qurulub?

Bugünkü şərtlər daxilində AzTU-da idarəetmə deyərdim ki, kifayət qədər mobil təşkil edilmişdir. Daxili korporativ Mail sistemimizdən çox aktiv istifadə edirik. Bundan başqa universitetin idarə heyəti arasında həm horizontal, həm də vertikal idarəetmə səviyyələrində Whatsapp və ya digər online qrupları  yaradılmışdır. Mobil əlaqədən də fəal istifadə edirik. İdarəetmə ilə bağlı heç bir çətinliyimiz yoxdur. Dərslərin və idarəetmənin online təşkili onu göstərir ki, biz indi daha çox aktual məsələləri müzakirə edə bilirik.

Bildirim ki, biz AzTU-nun növbəti Elmi Şurasını 18 mart tarixinə əvvəlcədən planlaşdırmışdıq. Nazirlər Kabinetinin məlum qərarından sonra kütləvi tədbirlər qadağan edildi. Biz çox az müddət olmasına baxmayaraq, Elmi Şuranın iclasını ilk olaraq onlayn rejimdə keçirə bildik. Çox uğurla keçdi. İdarəetmənin digər sahələrində də məlumatların verilməsi, müzakirələr və s. İKT-nin bizə verdiyi imkanlardan istifadə etməklə həyata keçirilir. 2 aprel tarixinə də növbəti Elmi Şura iclasını planlaşdırmışıq. Rəhbər heyət, fakültə dekanları, kafedra müdirləri və s. olmaqla operativ olaraq tapşırıqlarını alırlar və hər kəs öz səlahiyyətləri daxilində işlərini icra edirlər.

Rəqəmsal texnologiyaların tətbiqi bizim qarşımızda əsas prioritetlərdən biri olduğundan biz maksimum çalışırıq ki, nəinki bu ağır vəziyyətdə, eyni zamanda gələcəkdə də onlayn kursların yaradılması, müxtəlif növ elektron xidmətlərin göstərilməsini həyata keçirmək üçün dayanıqlı sistem quraq. İdarəetmə sahəsində rəqəmsal texnologiyaların daha da uğurla tətbiqi üçün gələcək perspektivləri nəzərə alaraq Yol Xəritəsi hazırlamışıq. Bu iş hal-hazırda davamlı olaraq aparılır. Bizim bu istiqamətdə yaxşı potensialımız mövcuddur. Bu potensialı hərəkətə gətirməyə çalışırıq. Güman edirəm ki, yaxın zamanlarda AzTU bu istiqamətdə yeni keyfiyyət mərhələsinə qədəm qoyacaqdır. Bir məsələni qeyd edə bilərəm ki, biz bu işləri yalnız öz mütəxəssislərimizin imkanlarından istifadə etməklə həyata keçiririk.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları