Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-11 17:45:00
Azərbaycan təhsil müəssisələrinin nümayəndələri Fransada səfərdə olublar  

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə” dəstək tvinninq layihəsi çərçivəsində Fransaya tədris səfəri başa çatıb.

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarından, ölkəmizin bir sıra ali təhsil müəssisələrinin prorektorlarından və tvinninq layihəsinin təmsilçisindən ibarət 9 nəfərlik nümayəndə heyəti Fransanın Təhsil Nazirliyində və müvafiq ali məktəblərində olublar.

Səfərin məqsədi Fransa universitetlərində tətbiq edilən qabaqcıl təcrübə və yanaşmalar, eləcə də bu yanaşmalarla bağlı dövlət və universitetlərin həyata keçirdiyi siyasətlə tanışlıq olub.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsini, eləcə də yeni yaradılmış Təhsildə Keyfiyyət Agentliyini təmsil edən nümayəndələr bu məqsədlə Fransanın Beynəlxalq Təhsil Təşkilatında, Ali Təhsil, Elmi-Tədqiqat və İnnovasiyalar Nazirliyində və Ali Təhsil və Elmi-Tədqiqatın Qiymətləndirilməsi üzrə Ali Şurasında (HCERES) görüşlər keçiriblər.

Təhsil Nazirliyində keçirilən görüşdə nümayəndə heyətimizin üzvlərinə Fransanın ali təhsil sistemi barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti Saint Quentin en Yvelines, Strasburq və Cergy-Pontoise universitetlərində olub, bu ali məktəblərdə təhsil proqramları səviyyəsində tətbiq olunan tələbəyönümlü və səriştə əsaslı yanaşma, eləcə də tələbə həyatını təmin etmək üçün həyata keçirilən müxtəlif xidmətlər barədə məlumatlandırılıb, həmin universitetlərin nəzdindəki tələbə evlərinə baş çəkiblər.

Nümayəndə heyətinin üzvləri səfər zamanı tanış olduqları təcrübənin xülasəsini tərtib edərək, aidiyyəti ali təhsil müəssisələrində görüləcək tədbirlərə dair fəaliyyət planı hazırlayacaqlar.