Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 12:03:00
Peşə seçənlərin uğur hekayələri

“JW Marriott Absheron Baku” qapılarını məktəblilər üçün açdı

Abbas Hüseynzadə aşpazdır. Dediyinə görə, bu peşəyə həvəsi yetkinlik yaşlarından yaranıb. Aşpaz olmağa qərar verəndən sonra ona yiyələnməyin yollarını axtarıb. Ən asan yolun “ASAN Xidmət”dən keçdiyini öyrənib: “ASAN Xidmət” mərkəzlərindən birinə sənədlərimi təqdim etdim və müsabiqədən keçdim. 18 nömrəli Peşə Liseyində oxumağa başladım”.

Tələbə adını qazanıb: “JW Marriott Absheron Baku” otelində təcrübə keçdim. Təcrübəm çox uğurlu oldu. Peşə liseyini bitirəndə oteldən iş təklif olundu. Çox sevindim. Ölkəmizdə brend olan bir oteldə işə başlamağın nə demək olduğunu bilirdim”.

Abbas aşpaz oldu, bəs, siz peşənizi seçdinizmi?

Elə bilməyin ki, Abbas şanslı olduğu üçün təhsilini tamamlayan kimi iş tapıb. Bir çoxlarının “şansa bax!”, - deyə dəyərləndirdiyi bu iş yerini necə qazandığını özü belə izah edib: “Mən peşəmi seçdim, bu peşəni öyrənirəm və sevdiyim peşədə işləyib pul qazanıram. Peşə seçməyə hazırlaşanlara demək istəyirəm ki, heç nədən çəkinməsinlər. Məqsədə çevrilən xəyalın gerçəkləşməsinə heç nə mane ola bilməz.

Ən uzaq görünən xəyal belə bir anda gerçək olur. Bugünkü şagirdlərin oturub mənim uğurlarımı dinlədiyi yerdə bir neçə il əvvəl mən də başqalarının uğur hekayələrini dinləmişəm. Yeri gəlib, hətta uğurlarını dinlədiyim peşəkarlara qibtə belə eləmişəm. Ancaq indi mən öz hekayəmi danışıram. Buna görə çox sevinirəm”.   

“Açıq qapı günü”

Bu günlərdə “JW Marriott Absheron Baku” otelində “Açıq qapı günü” vardı. Abbas Hüseynzadənin də qəhrəmanı olduğu həmin gün otelə xeyli qonaq yığışmışdı. “JW Marriott Absheron Baku” otelinin xüsusi təşəbbüsü ilə təşkil edilən tədbir orta təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə keçirilirdi. Belə ki, Bakı şəhərinin müxtəlif orta təhsil müəssisələrində təhsil alan şagirdlər, onların valideynləri və ümumtəhsil müəssisələrində peşəyönümü işini aparan koordinatorlar aşpazlıq peşəsinə gedən yolun yaxın, ya uzaq olduğunu o yolun yolçularından öyrənməyə çalışdı. Yol yaxınkən dönsünlərmi, yoxsa daşına-kəsəyinə, hamarına-çuxuruna, daha doğrusu üstünə hopan iyinə-qoxusuna baxmadan irəliləsinlərmi? Təbii ki, aralarında qərarlısı da vardı, ancaq qərarsızlar daha çox idi.  “JW Marriott Absheron Baku” otelinin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə təşkil etdiyi tədbir də məhz düşüncələrdəki qərarsızlığı aradan qaldırmağa, hədəfini seçməkdə tərəddüd edənlərin yolunu işıqlandırmağa, bir neçə il sonrakı gələcəyi daha aydın görmələrinə yönəlmişdi. “Kim özünü harda görür?”, “Bir neçə il sonra kim harda ola bilər?,” “Necə edə bilərlər ki, aldıqları təhsil təcrübəyə əsaslansın, təcrübə peşəkarlığa çevrilsin?”.

İki saat ərzində bu suallara cavab tapmağın, qərarsızlığın qətiyyətə çevrilməyi mümkünsüz görünə bilər. Buna baxmayaraq, təşkilatçılar qərarlı idi. Elə bu qətiyyət əsas məqsədi ölkədə turizm-xidmət sahəsinə maraq göstərən, gələcəyini otel-xidmət sahəsində görmək istəyən gənclərin maarifləndirilməsi və bu istiqamətdə mövcud karyera fürsətləri barədə məlumatlandırılmanın aparılmasından ibarət olan tədbirin uğurunu təmin etdi. Bu uğurun təmin olunmasında payı olanlar əlinin duzu, süfrəsinin bərəkəti ilə ucalanlar idi. Başqa sözlə, Abbas orda tək deyildi. Hazırda oteldə çalışan peşə təhsil müəssisələrinin başqa məzunları - Ellada Əliyeva, Həqiqət Həsənova, Səbinə Xəlilova və Səbuhi Əlili aşpaz libaslarını geyinib çömçə-qazanı əllərinə almalarından keçən bir neçə il ərzində əldə etdikləri uğurlardan danışdılar.

“Burada təcrübə keçdim, indi isə işləyirəm”

Məsələn, Ellada Əliyeva otelin İtalyan restoranında soyuq yeməklər bölməsində çalışmağından, böyük maraqlarından, bitməyən həvəsindən söhbət açdı: “Otelin şirniyyat bölməsində təcrübə keçdim. Elə həmin dövrdə də anladım ki, aşpazlıq öyrənməklə bitməyəcək bir peşədir. Əvvəlcə aşpaz Məhərrəm Uçar bu işin sirrini öyrədirdi mənə. Artıq “OroNero Bar & Ristorante”-in italyan baş aşpazı Françesko Latarulodan italyan mətbəxini öyrənirəm. Çünki məni başqa xalqların mətbəxi də cəlb edir”.

Ellada deyir ki, arzulayıb və arzusu reallaşıb: “JW Marriott Absheron Baku” otelində işləməyi arzulayırdım. Bu arzuyla da müraciət etdim və qəbul olundum. Düşünürəm ki, şanslıydım. Şanslı olduğum üçün də burada məni öyrətmək istədilər. Otelin qaydalarını öyrəndim, gülərüz kollektivi ilə bir yerdə işləmək imkanı qazandım. Burada təcrübə keçdim, indi isə işləyirəm”.

“Daha çox öyrənmək, daha peşəkar olmaqdır”

Həqiqət Həsənovanın aşpazlığa həvəsi isə ailədən gəlir. Onun anası aşpaz olub. Odur ki, qızı da bu peşəyə həvəs göstərib. Yaşı artdıqca, marağı da böyüyüb. Uşaqlığından başlayan həvəs getdikcə marağa, hətta hədəfə çevrilib. Səhnədə oturub özünün uğur hekayəsini danışır. Özü də kimə? Özündən yaşca o qədər də fərqlənməyən şagirdlərə. Dediyinə görə, aşpaz olmağa qərarlı olandan sonra “ASAN Peşə” vasitəsilə sənədlərini aşpazlığa verib. 5 nömrəli Bakı Peşə Liseyinin tələbəsi adını qazanandan sonra həyatında bir çox dəyişikliklər olub. Əvvəlcə Peşə Liseyində aldığı təhsil və təcrübə ilə aşpazlığa gedən yolda ilk cığırını açıb: “Aşpazlıqda yaxşı təcrübə qazanmaq üçün ən ideal yer otellərdir. İstər avadanlıq, istər kollektivlə çalışmaq, istərsə də menyü və peşəkar aşpazlarla çalışmaq imkanını məhz oteldə əldə etmək olur. Mən də bu otelə müraciət etdim. Müsahibəyə dəvət edildim. Müsahibədən uğurla keçib “Fireworks Urban Kitchen” restoranının “stakehouse” bölməsində təcrübə keçdim. Bu dövrdə mətbəxə olan həvəsimi gördülər və təcrübənin sonunda işləmək üçün dəvət aldım”.

Həqiqətin fikrincə, insan xəyallarının arxasınca getməkdən qorxmamalıdır: “Hər kəs sevdiyi peşənin arxasınca getməlidir. Öz peşəsində yeni şeylər öyrənməkdən yorulmamalı, yenilik etməyə çalışmalıdır. Daha çox öyrənmək, daha peşəkar olmaqdır”.

Oteldən aldığı iş təklifinə əziyyətinin qarşılığı kimi baxır

Səbinə Xəlilova isə Bakı Turizm Peşə Məktəbindən məzundur: “Bu məktəbə getmədən bilmirdim ki, aşpazlıq kimi peşələrə yiyələnmək üçün də məktəb oxuyub diplom alırsan. Ailəmin tövsiyəsi ilə “ASAN Xidmət” mərkəzinə yaxınlaşıb qeydiyyatdan keçdim. Bakı Turizm Peşə Məktəbində təhsil müddətində təcrübəyə başladıq. Mən  “JW Marriott Absheron Baku”nu seçdim. Buraya 4 nəfər gəlmişdik, ancaq 2 nəfəri seçib təcrübəyə qəbul etdilər. Həmin 2 nəfərdən biri də mən idim. Təcrübəm bitdikdə işə dəvət aldım. Dəvət məni çox sevindirdi. Çünki buna əziyyətimin qarşılığı kimi baxdım. Bu gün hər kəsə əminliklə deyə bilərəm ki, insan əziyyət çəkirsə, qarşılığını mütləq alır”.

Təcrübə keçəcəyi yeri özü seçdi ki...

Səbuhi Əlili 12 saylı Bakı Peşə Liseyinin məzunu, “JW Marriott Absheron Baku”nun aşpazıdır: “2014-cü ildə bir seçim etməliydim. Bu, hər kəsin başına ya gəlib, ya da gələcək. Mən də bir seçim edib aşpaz olmağa qərar verdim. IX sinfi bitirib uşaqlıq arzumun arxasınca getdim. 2016-cı ildə “ASAN Xidmət” vasitəsi ilə sənədlərimi təqdim etdim və Bakı Peşə Liseyinin tələbəsi oldum. Təcrübə üçün məktəbimizin göndərdiyi yerə deyil, özüm seçdiyim yerə getmək istədim. Düşündüm ki, bu imkanı özüm əldə etsəm, daha çox çalışacağam və öyrənəcəyəm. Böyük kollektiv və müasir avadanlıqların olduğu bir yerdə işləmək, öyrənmək, təcrübə qazanmaq istədim. Ona görə də “JW Marriott Absheron Baku”ya müraciət etdim və seçildim. Otel sistemini görmək istəyirdim. Rövşən Tağıyevin komandasında işlədim. Moskva, İtaliya, Qazaxıstan kimi ölkələrdə işləyib təcrübə qazanan  R.Tağıyevdən 3 il ərzində çox şey öyrəndim. Öyrənə biləcəyim daha çox şey var. Ümid edirəm ki, gələcəkdə mən də onun kimi aşpaz olaram”.

Onlar öyrənirlər

“JW Marriott Absheron Baku”-da işləməyi özü üçün şans hesab edən bu gənclər öz uğur hekayələri ilə neçə məktəbliyə örnək olacağına, onları aşpazlığa həvəsləndirəcəyinə inanırlar. Niyə də inanmasınlar? Onlar özü də bu yoldan keçməyiblərmi? Bakı Peşə məktəblərinin artıq 20-yə yaxın məzunu “JW Marriott Absheron Baku” otelinin aşpazıdır. Məhərrəm Ucar, Martin Quintana, Françesko Lattarulo, Rövşən Tağıyevin komandasında hər biri aşpazlığın sirrini öyrənir.

“Açıq qapı günü”ndə məktəblilərə mətbəxdəki hünərindən, sadəcə peşə təhsili müəssisələrinin gənc azərbaycanlı məzunları danışmadı. “JW Marriott Absheron Baku” otelinin  Əməliyyatlar üzrə direktoru Max Venturelli və baş direktoru Alper Can Bulcum da uğursuz orta təhsildən sonra, peşə təhsilinin uğur qapılarını onların üzünə necə açdığına diqqət çəkdilər.

Qabyuyanlıqdan başlayan yüksəliş: “Uğur öz əlimizdədir”

Max Venturelli “Z nəsli” ilə öz uğur hekayəsini bölüşərək dedi: “Səyahət etmək, yeni dostlar, tanışlar qazanmaq, yeni dil və mədəniyyətləri öyrənmək istəyirsinizsə, “Z nəsli”siniz deməkdir. Sizdən çox böyük olsam da, bunları mən də istəyirdim və belə görünür ki, mən də öz dövrümdə “Z nəsli”ndəndim. Sizin yaşınızda olanda mən də həyatıma necə davam edəcəyimi bilmirdim. 15 yaşım vardı, o qədər də yaxşı oxumurdum. Gələcəyimi necə quracağımla bağlı bir fikrim yox idi. O vaxt peşə məktəblərinin mənim kimi yeniyetmə və gənclərə yaratdığı imkanlardan yararlandım”.

Karyerasına qabyuyan olaraq başlayan Maks Venturelli 8 ölkədə fəaliyyətdə olan məşhur otellərdə çalışıb: “Artıq Azərbaycandayam. Hesab edirəm ki, uğur öz əlimizdədir”.

Bərabər öyrənək, bərabər tətbiq edək və Azərbaycanı ən layiqli şəkildə təmsil edək

“JW Marriott Absheron Baku” otelinin baş direktoru Alper Can Bulcum da peşə təhsillidir. Ən aşağı pillədən başlayıb sonradan yüksələnlərdəndir: “Mən də peşə təhsili aldım. Təhsilimi bitirdikdən sonra ən aşağı pillədən işə başladım. 2000-ci ildə Bakıya gəlib burda 2 il  işlədim. Sonra  Dubayda, Bəhreyndə, Amerikada, Türkiyədə, İtaliyada çalışdım. İndi isə 20 il  əvvəl ilk xarici ölkə olaraq işə başladığım yerə təkrar qayıtdım. Bakıya ikinci dəfə, 20 il sonra daha təcrübəli kadr olaraq qayıtdım. Bu dəfə başqa ölkələrdə əldə etdiyim təcrübəni burada paylaşmaq, öyrətmək istəyirəm. İndiyə qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Burada da məhz bunu edəcəyəm, ən yaxşısını”.

Alper Can Bulcum məktəblilərə, özünə peşə seçənlərə tövsiyə də verib: “Bir iş görəndə əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Hazırladığınız hər yemək, təmizlədiyiniz otaq sizi təmsil edirmi? Göstərdiyiniz hər xidmət sizi ifadə edirmi?”.

Baş direktor deyib ki, təcrübəsini artırmaq istəyənlərə kömək etməyə hazırdırlar: “Otelimizdə Azərbaycan peşə məktəblərinin tələbələrinə lazım olan imkanı verir, şəraiti yaradırıq. Təcrübəyə cəlb etdiyimiz tələbələrin bir çoxunu sonradan işə götürürük. İstəyirik bizimlə öyrənsinlər, bizimlə inkişaf etsinlər və yola da məhz bizimlə davam etsinlər. Bu gün Azərbaycanda peşə təhsilinə, peşə təhsili almaq istəyənlərə ən böyük töhfəmiz işi göstərməkdir. Çünki kitablardan oxuyaraq öyrənmək başqadır, tətbiq etmək tamamilə fərqlidir. Bərabər öyrənək, bərabər tətbiq edək və Azərbaycanı ən layiqli şəkildə təmsil edək”.

Bəs, “JW Marriott Absheron Baku” otelində təcrübə keçmək, ya da burada işləmək üçün nə etmək lazımdır? Alper Can Bulcumun fikrincə, əvvəlcə insan resursları direktoruna müraciət edilməlidir. Oteldə mövcud iş imkanları və gələcək perspektivlər barədə danışan baş direktorun fikrincə, ayrı-ayrı bölmələr üçün müxtəlif keyfiyyətlər tələb edilir. Həmin keyfiyyətləri özündə birləşdirənlər dəvət edildikləri görüşdə uğur qazanır və otelin qapıları onların üzünə yavaş-yavaş açılır”.

Bəs, bu qapılar kimlərə - hansı keyfiyyət sahiblərinə açılır? “JW Marriott Absheron Baku” otelinin baş direktoru Alper Can Bulcum deyir ki, hər  departament üçün fərqli keyfiyyətlər tələb edilir. Məsələn, aşpaz olmaq istəyirsənsə, ilk növbədə yemək bişirməyə həvəsli olmalısan. Xarici dili bilməli, insanlarla münasibət qurmaqdan çəkinməməli, öyrənməyə həvəsli olmalısan: “Qapalı insanlar birmənalı olaraq uğursuzluğa düçar olurlar. Öyrənmənin sonu olmadığını anlamağımız lazımdır. Mən baş direktoram. 15 ildir baş direktor vəzifəsini icra edirəm. Hər dəfə bu vəzifəyə təyin olunanda bir şey öyrənirəm. Öyrənməyin sonu yoxdur”.

Azərbaycan üçün yaxşı bir iş görməyə çalışmağın verdiyi hisslərdən danışan Alper Can Bulcum: “Azərbaycan sevərək yaşadığım və işlədiyim yerdir. Türk olduğum üçün özümü evimdə hiss edirəm. Çalışırıq ki, “JW Marriott Absheron Baku” otelini burda olan hər kəs xatırlasın. Çünki Bakıdakı bir oteli, Bakını xatırlamaq Azərbaycanı xatırlamaqdır. Demək, biz otelimizdə göstərdiyimiz xidmətlə Azərbaycanı yaddaqalan edirik”.

Aşpaz olmayacaqlar, amma...

Maraqlıdır, bəs, görəsən, dinlədikləri uğur hekayələri məktəblilərin düşüncəsində hansı iz buraxdı? Açıq qapıdan girən şagirdlərdən kim aşpaz olmağa qərar verdi?

162 nömrəli tam orta məktəbin IX sinif şagidi Heydər Cəfərov üçün maraqlı gün olsa da, aşpazlıq barədə eşitdikləri mühəndis olmaq arzusunun önünə keçə bilməyib. Ancaq aşpazlıq da onun üçün maraqlıdır. Maraqlandığı üçün də burdadır: “Arada kartof qızardıram. Sadə yeməklər bişirə bilirəm. Bütün yeməkləri bişirə bilməsəm də, daşdan yumşaq hər şey yeyirəm. Yeməyi çox sevirəm”.

Arif Nurməmmədov üçün də aşpazlıq, sadəcə ac qalmamaq üçün qazanı əlinə alacağı uzaq bir peşədir. IX sinif şagirdidir. Bir neçə dəfə yemək bişirməyə cəhd edib. Amma cəhdləri uğursuz olub: “Yandırdım yeməyi. Həm də əlimin duzu yoxdu. Yandırmayanda da dadsız olur”.

Məktəblilər “Şahplov” bişirdilər

Alyona Salahova isə 63 nömrəli tam orta məktəbin şagirdidir. Çox da ki, dünyanın məşhur aşpazları kişidir. O da bu peşədə öz sözünü deyə bilər. IX sinif şagirdi aşpazlığa xüsusi həvəs göstərir. Usta aşpaz Rövşənin yanında “Şahplov” bişirir. IX sinfi bitirib orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edəcək. Sonradan kurs keçərək aşpaz olmaq istəyir. Yemək bişirməyi yemək yeməkdən daha çox sevir: “Hər şey bişirə bilmirəm. Kartofla toyuq qızartmışam, mərci şorbası bişirmişəm. “Şahplov” bişirməyi öyrənmək istəyirəm. Ona görə burada aşpazla bişirdiyim ilk “Şahplov”u heç vaxt unutmayacağam. Dadına baxdım, çox ləzzətli olub. İstəyirəm ki, hər şey bişirə bilim. Ancaq ən çox türk mətbəxinə maraq göstərəm”.

Şagirdlərin böyük marağına səbəb olan “Açıq qapı günü”ndə ən yaddaqalan otelin aşpazları və oteldə çalışan peşə təhsil müəssisələrinin məzunlarının müşayiəti ilə master klasslar oldu. Məktəblilər aşpaz Rövşən Tağıyevin rəhbərliyi altında “Şahplov” bişirdilər.

Qarşıdakı aylarda məktəblilərə başqa qapılar da açılacaq

“Açıq qapı günü”nün qonaqlarından biri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov təşkilatçısı olduqları tədbirin hədəfinə çatdığını, belə tədbirlərin davamlı olacağını bildirdi: “Peşə təhsilinin uzun illər ərzində nüfuzu aşağı olub. Bu   sahəyə maraq göstərilməyib. Artıq ölkəmizdə peşə təhsilinə münasibəti dəyişdirmək istəyirik. Məktəblilərimizi, onların valideynlərini peşələrlə hələ orta məktəbdən tanış etmək, müəssisələrimizi və imkanlarımızı göstərmək, bu istiqamətdə məlumatlarını artırmaq istəyirik”.

P.Yusifovun fikrincə, ölkəmizdə inkişafda olan, iqtisadiyyatımızın aparıcı sektorlarından sayılan turizm və qonaqpərvərlik sahəsində aparıcı mütəxəssislərin hazırlanması və iqtisadiyyatımıza bu yolla töhfə vermək  əsas hədəflərdəndir. Bu istiqamətdə Agentliyin ən yaxın tərəfdaşlarından biri “JW Marriott Absheron Baku” otelidir: “Ancaq növbəti mərhələdə Abşeron otellər qrupu və digər otellərlə də əməkdaşlığın genişləndiriləcəyi planlaşdırılır. “Açıq qapı günləri” başqa otellərdə də reallaşdırılacaq. Turizm Agentliyi və Otellər Assosiasiyası ilə bununla bağlı danışıqlar aparırıq. Yaxın aylarda belə tədbirlər başqa otellərlə də təşkil ediləcək”. 

Üstəlik, həmin tədbirlər, sadəcə paytaxtdakı otellərdə deyil, bu sektorun ən çox inkişaf etdiyi, kadrlara, mütəxəssislərə ən böyük tələbatın hiss olunduğu bölgələrdə də həyata keçiriləcək: “Məsələn, Qəbələ, İsmayıllıdakı otellərlə işləyirik. Aprel-may aylarında Qəbələdə də belə tədbirlər keçiriləcəyi planlaşdırılır”.

“Məktəblilərə seçim etmək üçün istiqamət veririk”

P.Yusifov onu da əlavə edib ki, artıq hansı regionda hansı peşələrə ehtiyac olduğu müəyyənləşdirilib: “Xidmət, qonaqpərvərlik və ümumiyyətlə, turizm sahəsinə ümumi tələbat çox böyükdür. Eyni zamanda buraya maraq da getdikcə artır. Hesab edirəm ki, tələbatla yanaşı, bu sahə üzrə ixtisaslaşanların dərhal iş tapması da bu ixtisaslara marağı artıran səbəblərdəndir. Aşpazlıq tələbatın hiss olunduğu bir nömrəli peşədir. Xidmət, təmizlik işçiləri olmaq istəyənlər hələlik azlıq təşkil edir. Təəssüf ki, məktəblilər özlərini bu vəzifədə görmürlər. Təqdimatlarda məqsədimiz odur ki, məktəblilərə başa salaq ki, onların daha yüksək vəzifələrə yolu məhz aşağıdan keçir”.

Hazırda peşə məktəblərində təhsil alanların çoxunun ali təhsilli olduğunu vurğulayan direktorun sözlərinə görə, əmək bazarına daha yaxın istiqamət olduğundan peşə təhsili səviyyəsi müasir kadrlar üçün ən optimal variantdır: “Ali təhsilini yarımçıq qoyan, yaxud ali təhsil alsa da, iş tapmayan gənclər sonradan çıxış yolunu peşə məktəblərində təhsil almaqda görürlər. Peşə təhsili əmək bazarına daha yaxın istiqamətdir və yeni nəsil özü qərar verməlidir. Ola bilsin ki, hansısa sahədə xüsusi bacarığı olan şagird müxtəlif səbəblərdən ali təhsilə yönəldilib. Halbuki o, qabiliyyəti olan bir istiqamət üzrə, sadəcə peşə təhsili almaqla böyük nəticələr əldə edə bilər. Ona görə də biz məktəblilərə seçim etmək üçün onlara istiqamət verməyə çalışırıq. Valideynlərin bu seçimdə müəyyən rolu olsa da, harda, hansı ixtisas üzrə təhsil alacağına müasir gənclər özləri qərar verməlidirlər”.

Ruhiyyə DAŞSALAHLI (Azərbaycan müəllimi)