Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 09:22:00
Keyfiyyətsiz təhsil  verən universitetlərə bu cəzalar tətbiq oluna bilər – Hüquqi bilgi  

Orta və ali təhsil müssisələrində təhsilin keyfiyyətsizliyi ilə bağlı gileyləri az eşitmirik. Orta məktəblərdə keyfiyyətsiz tədrisə təslim olmaq istəməyənlər oxuduqları məktəbi dəyişməklə kifayətlənirlər. Lakin tələbələrkin belə bir seçim şansı yoxdur. Elə buna görə də, onlar  qəbul olunduqları  universitetlərdə həvəssiz halda oxuyur, tələbəlik illərini başa vururlar.

Tələbələr bu zaman  öz ixtisaslarına da həvəssiz yanaşırlar ki,  bu da onların gələcəkdə peşəkar kadr kimi formalaşmamasına səbəb olur.

AzEdu.az xəbər verir ki, bu kimi halları nəzərə alaraq, “Təhsil haqqında” Qanunda keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi ilə bağlı müəyyən maddələr qeyd olunub.

Burada bildirilir ki, təhsil müəssisəsində təhsilin dövlət standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı aşkarlanarsa, vurulan zərər həmin təhsil müəssisəsi tərəfindən ödənilməlidir. 

Bu, təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi ilə kompensasiya oluna bilər.

Bunun üçün öncə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırılmalıdır. İddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə və akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.

Qeyd edək ki, sözü  gedən müddəalar  təhsil  haqqında qanunun 42-ci maddəsində əks olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları