Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 15:11:26
Heydər Əliyevin təhsil diplomatiyası – xaricə göndərilən tələbələr, vacib SƏRƏNCAMLAR...  

Bu gün Ümummili lider Heydər Əliyevin anadan olmasından 95 il ötür.

O, 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya gəlib. H. Əliyev hakimiyyəti dövründə təhsil sahəsinə xüsusi diqqəti ilə seçilib.

Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə -1969-1982-ci illərdə Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub.
Onun təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.
1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi.
Onun sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışıb və bu istiqamətdə əsaslı dönüş yaradıb. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
“Təhsil millətin gələcəyidir” deyən H.Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
Müəllimlik peşəsini, müəllim əməyini həmişə yüksək qiymətləndirən Heydər Əliyev deyirdi: “Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir”.
O, hakimiyyəti illərində təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub.
Heydər Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi haqqında sərəncamı, 1999-cu il mayın 15-də isə Azərbaycan xalqının qədim tarix və mədəniyyət qaynaqlarından olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin layiqincə hazırlanması və keçirilməsi haqqında fərman imzalaması da elmə və mədəniyyətə verilən dəyərin təcəssümüdür.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması da təhsildə xüsusi rol oynayıb.
1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılıb. Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ulu öndərin diqqət mərkəzində saxladığı ən zəruri vəzifələrdən biri elmin və təhsilin inkişafına qayğını artırması olub.

1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də o, təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.
Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərar verib.
İkinci dəfə hakimiyyətə qayıdan prezidentin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənib.
1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləyib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirib. Eyni zamanda, "Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar" konsepsiyası hazırlanıb.
Heydər Əliyevin hakimiyyəti dövründə bir çox təhsil ocaqlarının adları dəyişdirilib. Milli Münasibətlər İnstitutunun adı dəyişdirilərək Beynəlxalq Münasibətlər, Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun adı isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlandırılıb. Onun digər sərəncamı ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Müstəqil Azərbaycana rəhbərliyinin ilk vaxtlarında 1994-cü ildə "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qaldırılıb. Respublikanın iqtisadi vəziyyətinin hələ ağır olduğu bir vaxtda heç olmasa, ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edilib. Heydər Əliyev 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamaqla təhsil sistemində əsaslı dönüş yaradılmasına nail olub.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən ciddi problemlərdən biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla bu problemi aradan qaldırmağa çalışıb. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam məktəblərdə tədris-təlim şəraitinin yaxşılaşdırılmasında yeni mərhələnin əsasını qoyub.
2002-ci il oktyabrın 4-də ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərınin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı milli elm və təhsil sisteminin inkişafında vacib amillərdən biri kimi qiymətləndirilir. Bu sərəncam ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb. “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli sərəncamı da ölkədə bu sahədə yaranmış problemlərin aradan qaldırılması yönümündə müstəsna əhəmiyyətə malik dövlət sənədi olub.
“Gənclərin ümumi оrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr pоtensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd оlunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatıb. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çоx şagird yeri оlan 849 ümumtəhsil məktəbi tikilib , məktəbəqədər tərbiyə müəssisələrinin sayı isə 1600-dən 1875-ə çatdırılıb. Məktəblərin texniki, elmi-metоdik vasitələrlə təminatı sahəsində də böyük işlər görülüb. Həmin illərdə Azərbaycanda texniki peşə təhsili də yeni yüksəlişə qədəm qоyub. 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, оnlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatıb. Texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanıb.

Ali və оrta ixtisas təhsili məsələləri də onun daim diqqət mərkəzində оlmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil оcaqlarının sayı 12-dən 17- yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artıb. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çоx ən məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çоx ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.
Bundan əlavə ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli Sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanıb. 15 iyun 1999-cu il tarixli Sərəncamla qəbul оlunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Prоqramı” da diqqətə çatdırılmalıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. 23 avqust 1996-cı ildə “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Qərarınını da nəzərə çatdırmaq lazımdır.