Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 14:27:00
“Nyu York Elmlər Akademiyasına bir neçə dəqiqəyə üzv olmaq mümkündür”-AMEA-nın dünyada təkrarlanmayan özəllikləri

 

Dünyanın bir çox ölkələrində Elmlər Akademiyası fəaliyyət göstərir.

Bir çox ölkənin mədəniyyəti, tarixi, dili, ədəbiyyatı, beynəlxalq münasibətləri və dövlət siyasətçiliyinin elmi əsaslarının işlənib hazırlanmasına Elmlər Akademiyasının xeyli potensialı var.

Bəs dünyada fəaliyyət göstərən Elmlər Akademiyası sisteminin MDB ölkələrindən fərqi nədir?

“MDB ölkələrinin alimləri akademiyaya yalnız imtiyaz sahibi olmaq üçün üzv olmağa çalışırlar”

Bu sözləri AzEdu.az-a ABŞ-ın Şimali Karolina Universitetinin daimi dosenti Əli Əskərov bildirib.  O, MDB ölkələrində fəaliyyət göstərən elmlər akademiyalarının fərqli profilli qurum olduğunu vurğulayıb:

“MDB ölkələrində fəaliyyət göstərən akademiyalar sovet sistemindən qalan institutdur. Bu institut isə olduqca köhnəlmiş və işlənmə qabiliyyəti  zəifləyib. MDB ölkələrində çalışan alimlər əsasən ora imtiyaz sahibi olmaq üçün üzv olmağa çalışırlar. Ona görə də institutun əsas mahiyyəti elmi-tədqiqat olmalı olduğu halda, siyasət  ön plana çıxır. Bəzi postsovet ölkələrində elmlər akademiyaları olduqca siyasiləşmiş qurumlardır.

ABŞ-da əsas araşdırma institutları universitetlərdir.  Bu ölkədə Ali Attestasiya Komissiyası kimi institutlar yoxdur.  ABŞ-da universitetlər müstəqil siyasət aparmaq hüququna sahibdirlər. Bu, ali təhsilin inkişaf etməsinə səbəb olur. Təbii ki, burada da akademiyalar var. Həmin akademiyalar isə elmin inkişafına xidmət edən, seçilmiş elm adamlarından ibarət özəl quruluşlardır. Məsələn, ABŞ-ın  Milli Elmlər Akademiyasında Nobel mükafatına sahib olan 500-ə yaxın elm adamı var”.

“Azərbaycanda universitetlər müstəqil fəaliyyət göstərməlidir”

Əli Əskərov bildirib ki, Azərbaycan universitetlərində inkişafa doğru ciddi islahatlar aparılmalıdır. Belə olduğu halda,  Azərbaycanda da araşdırma institutları universitetlərdə fəaliyyət göstərə bilər:

“Azərbaycan universitetləri inkişaf etməlidir. Bunun üçün də ciddi islahatlar aparmaq lazımdır.  Hökumət də buna dəstək verməlidir. Universitetlər inkişaf etməsə, elmi inkişaf sürətlənə bilməz. Bunun üçün də universitetlərin müstəqilləşməsi zəruridir. Bu dəyişiklik bizdə mərhələ-mərhələ aparılmalıdır.  Universitetlərin müstəqilləşməsi onların özəlləşməsi mənasına gəlməz. Hər hansı bir universitet dövlət statuslu ola bilər. Amma öz fəaliyyətində tamamilə muxtar olmalıdır.  Bir universitetin verdiyi elmi dərəcə başqa bir qurum tərəfindən təftiş və təsdiq olunursa, o universitetin etibarlığı ola bilməz.

 “Xarici ölkələrdə Elmlər Akademiyasına üzv olmaq asandır”

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, fəlsəfə doktoru Elçin Süleymanov xarici ölkələrdəki Elmlər Akademiyasının fəaliyyətindən söz açıb:

“İnkişaf etmiş ölkələrdə Elmlər Akademiyası daha çox assosiativ xarakterlidir. Burada elmi dərəcə proqramları təqdim edilmir.  Xarici ölkələrdə Elmlər Akademiyasına professorlar üzv olur. Həmçinin, professorlar Elmlər Akademiyaların resurslarından istifadə edirlər. Elmlər Akademiyasına üzv olan professorlar müəyyən üzvlük haqqı ödəyirlər. Bu akademiyalara üzv olan profesorlar akademiyanın konfrans və tədbirlərindən güzəştli şərtlərlə istifadə edirlər.  Onu da bildirim ki, xarici ölkələrin əksəriyyətində Elmlər Akademiyasına  üzv olmaq asandır. Xarici ölkələrdə Elmlər Akademiyasına müxtəlif tariflərlə üzvlük təqdim edilir. Məsələn, Nyu York Elmlər Akademiyasına bir neçə dəqiqəyə üzv olmaq mümkündür.

Professional üzvlük haqqı 100-150 dollardır. Amma doktorantlar isə 50-60 dollar ödəyərək illik üzv olurlar. Nyu York Elmlər Akademiyasına üzv olanlar konfrans və  simpoziyumlarından pulsuz istifadə edirlər. Bu akademiyalar daha çox donor təşkilatlarının maliyyəsi ilə fəaliyyət göstərir. MDB ölkələrində elmin Elmlər Akademiyasında təhsilin də universitetlərdə mərkəzləşməsi var idi. Son illərdə artıq hər iki istiqamətdə inteqrasiya gedir”.

Elçin Süleymanov  sözlərinə görə, Azərbaycanda ciddi elmi nəşrlərin yarısından çoxu artıq universitetlərin payına düşür:

Artıq Azərbaycanda son illər ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarının nəşri Elmlər Akademiyası nəşrlərinə bərabərdir. Elmlər Akademiyası da magistratura təhsili verir. Yəni bir inteqrasiya var.

Bir sıra dünya ölkələrində elmi tədqiqatlar universitetlərdə cəmləşib. Hazırda bu ənənə xüsusilə aparıcı universitetlərdə hər gün daha da inkişaf edir.  Onu da bildirim ki, Azərbaycanda ciddi elmi nəşrlərin yarısından çoxu artıq universitetlərin payına düşür.

Amma düşünürəm ki, həm rəqabət həm də koordinasiya baxımından hər iki qurumun fəaliyyəti vacibdir. Sadəcə elmə baxış və elmi tədqiqatların mahiyyəti, maliyyələşmə mexaniki daha da təkmilləşməlidir. Həmçinin, müasir elmi tədqiqat və maliyyələşmə mexanizmi qurulmalıdır.

Eyni  zamanda elmi tədqiqatların maliyyələşməsinə biznes qurumlarının cəlb olması müsbət effekt verərdi. Sadəcə, büdcə imkanı ilə ciddi elmi tədqiqatlara maliyyə mənbəyi tapmaq çətin olar. Gələn ilin dövlət büdcəsində elmə ayrılan büdcənin 40 faizdən çox artırılması sevindiricidir. Amma eyni zamanda elmi tədqiqatlar kommersiyalaşmalı və ölkə iqtisadiyyatının inkişafına qatqısı olmalıdır”.

Almaniyanın Mayns Universitetinin  professoru Pərvanə Hacıyeva vurğulayıb ki,  MDB ölkələrindən fərqli olaraq dünyanın inkişaf etmiş ölkələrində Elmlər Akademiyasında institutlar yoxdur:

“Dünya ölkələrində fəaliyyət göstərən akademiya sistemi Azərbaycanla müqayisədə çox fərqlidir. ABŞ və Almaniyada elmi-tədqiqat mərkəzləri universitetlərdə yerləşir. Amma universitetdən kənar elmi-tədqiqat institutları da var. Almaniyada fəaliyyət göstərən Elmlər Akademiyası virtualdır. Yəni müxtəlif elmi tədqiqat institutları, universitetlər virtual olaraq təşkilat yaradırlar. Bu proses isə MDB ölkələrində olduğu kimi deyil. Azərbaycandan fərqli olaraq dünyanın bir çox ölkəsində Elmlər Akademiyasına xas olan struktur, institutlar yoxdur”.

 

 

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları