Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 16:22:34
“Memarın yaddaşı” layihəsi təqdim edildi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar “Memarın yaddaşı” layihəsi təqdim olunub.

AzEdu.az xəbər verir ki, layihə universitet müəllimlərinin və tələbələrinin birgə əməyinin məhsuludur.

Layihənin rəhbəri, AzMİU-nun strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova bildirib ki, layihə universitetin Biznes İnkubator Mərkəzində hazırlanan “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin 3D modellərinin layihələşdirilməsi” layihəsinin tərkib hissəsidir. İki il davam edən layihənin hazırlanmasında məqsəd Qarabağ bölgəsində ermənilər tərəfindən dağıdılmış memarlıq abidələrimizin qədim çertyojlar əsasında 3D modellərini yaratmaq olub. Universitetin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyevanın rəhbərliyi altında memarlıq fakültəsinin tələbələri böyük sevgi və maraqla layihənin ərsəyə gəlməsi üçün çalışıblar. Eyni zamanda, bu işin reallaşması üçün “Paşa Holdinq” şirkəti də öz maddi köməyini göstərib. Ü.Səttarova bildirib ki, ermənilərin təkcə Qarabağda deyil, respublikamızın digər bölgələrində yerləşən Azərbaycan xristianlığı dövrünə aid olan abidələrimizi mənimsəmək cəhdlərini nəzərə alaraq, məhz “Memarın yaddaşı” layihəsində tələbələr həmin abidələrlə də bağlı əsl həqiqətlərin üzə çıxarılmasına çalışıblar.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova layihənin icraçılarını təbrik edib, onlara belə bir əhəmiyyətli işi gördükləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, bu gün ermənilər tərəfindən işğal olunan torpaqlarımızda xalqımızın tarixini yaşadan memarlıq irsimiz təhlükə altındadır, erməni vandalları bu abidələri dünyaya erməni abidələri kimi təqdim etməkdən çəkinmirlər. “Sizin ərsəyə gətirdiyiniz layihə doğru məlumatları əks etdirmək, tarixi faktları təhrif etmədən cəmiyyətə, xüsusilə gənclərə təqdim etmək və gənclərimizdə vətənpərvərlik ruhunu yüksəltmək baxımından böyük əhəmiyyət daşıyır. Ona görə gördüyünüz işlər alqışlanmalıdır və davamlı olmalıdır”, - deyə rektor bildirib.

Sonra layihə çərçivəsində hazırlanmış 3 filmdən ibarət videoçarx nümayiş olunub. Layihə iştirakçıları ümidvar olduqlarını bildiriblər ki, Qarabağ işğaldan azad olunan kimi gənc memar kimi, ermənilər tərəfindən dağıdılan, dəyişdirilən memarlıq abidələrinin bərpasında fəal iştirak edəcəklər.