Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 16:43:11
Oksfordda oxuyan, dərs deyən, elmi mərkəz yaradan azərbaycanlılar – Mütləq tanıyaq  

Oksford Universiteti (University of Oxford) dünyanın ilk, ingilisdilli ölkələrin isə ən qədim universiteti hesab edilir. Oksford Universiteti Böyük Britaniya universitetlərinin elmi-tədqiqat şəbəkəsi olan Rassel Qrupunun, Beynəlxalq Tədqiqat Universitetləri Alyansının, Avropanın 40 universitetinin təmsil olunduğu Koimbra Qrupunun, Avropa Tədqiqat  Universitetləri  Liqasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür.

Oksfordun məzunları arasında tanınmış elm adamlarının və hazırda vəzifədə olan şəxslərin adlarına, o cümlədən həmyerlilərimizə rast gəlmək mümkündür. 

Ötənilki göstəricilərə əsasən, Oksford Universitetindən  ümumilikdə 27 azərbaycanlı tələbə  məzun olub. 

AzEdu.az Oksford  Universitetini bitirən və orada dərs deyən bir neçə azərbaycanlını diqqətə çatdırır: 

Böyük Britaniyanın bu qədim elm mərkəzi ilə elmi əlaqələrin inkişafında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, akademik Nərgiz Paşayevanın xüsusi əməyi var. Professor N.Paşayevanın təşəbbüsü ilə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi yaradılıb. Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir.

Nizami Gəncəvinin Oksford Universitetinin Bodleyn kitabxanasının əlyazmalar fondunda saxlanılan “Xəmsə”sinin XVI əsrdə tərtib olunan əlyazmasının elektron versiyasından nəfis tərtibatda hazırlanan nüsxə AMEA-nın kitabxanasına hədiyyə edilib.

Vaxtilə Azərbaycan Universitetinin rektoru olan Fərid Əhmədov isə iki il müddətində Oksfordda dərs deyib.

O, 2008-ci ildə doktoranturanı xaricdə  oxumaq üçün Böyük Britaniyaya gedib. 2009-cu ildə isə Azərbaycana qayıdaraq Dövlət İdarəçilik Akademiyasında elmi iş müdafiə edib və hüquq elmləri üzrə fəlsəfə doktoru adını qazanıb. Daha sonra isə yenidən İngiltərəyə qayıdıb. 2009-2011-ci illərdə İngiltərədə - Oksfordda Xarici İşlər Nazirliyinin əməkdaşları üçün “Foreign Service Program”ına qatılaraq, dünyanın müxtəlif yerlərindən gələn diplomatlara magistr pilləsində iki il Beynəlxalq ümumi hüquqdan dərs deyib. Fərid Əhmədov eyni zamandan Oksford Universitetində dünyanın nüfuzlu “Weidenfeld” təqaüdçüsü olub.  

Bu təqaüdü hər il dünyada cəmi 5 faiz adam qazana bilir. 

Fərid Əhmədovla yanaşı, Davud Azad fars musiqisi və onun formaları haqqında Oksford Universitetinə dəvət olunan və dərs deyən ilk cənubi azərbaycanlı müəllimdir. O, Cənubi Azərbaycanda, daha dəqiq Urmiyada doğulub.

Davud Azad həm də, dünya şöhrətli musiqi festivallarında da iştirak edib. "BBC proms”, "Müqəddəs səslər”, "Sir John Taverners” festivallarında və İngiltərədə "Oksford Hərəkətləri Festivalı”, Norveçdə "Nord Sənət Festivalı”, Macarıstanda "Dünya Xalqaları Festivalı”, Şotlandiyada "Edinburq Mənəvi Festivalı”, Fransada "Mon de Ərəb İnistututu Festivalı”nda olan çıxışları ilə dünyanın tanınmış musiqiçiləri ilə bir sıraya daxil olub.  

Müəllifin 6 musiqi albomu var. İlk albomunu 25 yaşında çıxarıb. Təsəvvüf, İran və Azərbaycan musiqilərinə müasir şərhlər əlavə edərək, özünə məxsus bəstələr edən Azad yalnız ilham gəldiyi vaxtlarda musiqi bəstələyir. Tələbələrinin və musiqiçi dostlarının sözlərinə görə, o, bəstələrinin üzərində uzun zaman işləmir. Müəllimin yaradıcılığı musiqi ilə kifayətlənmir. O həm də "Təbriz Tar Məktəbi” və "Setar xalq musiqisinin Hormozey məqamı” adlı kitabların da müəllifidir.  

Azərbaycan Dövlət Neft Şirkətinin “Təlim və inkişaf” şöbəsinin rəisi Tural Əliyev Oksford Universitetində elektron təhsil ixtisası üzrə magistratura pilləsini başa vurub. 

Tural Əliyev Napoli şəhərində “Avropa Məsafəli və Elektron Təhsil Şəbəkəsi” təşkilatı tərəfindən keçirilən konfransın fəal iştirakçısı olub.

45 ölkədən 200 nümayəndənin qatıldığı konfransda Tural Əliyev “Davranış sistemi üçbucağının perspektivi baxımından təhsilin idarə edilməsi” mövzusunda prezentasiya ilə çıxış edib. Çıxış böyük maraqla qarşılanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Oksford Akademik Birliyinin üzvüdür. 

Tərlan Süleymanov   1993-cü il  avqustun  1-də Göyçay şəhərində  anadan   olub.  2010-cu ildə  Ağdaş Özəl Türk Liseyini bitirib.  2010-cu  ildə  ali məktəblərə qəbul  imtahanında  690  bal  toplayaraq  Qafqaz   Universitetinin  ingilisdilli   kompüter mühəndisliyi  fakültəsinə  qəbul  olunub.  2011-2015-ci illərdə  Böyük  Britaniyanın  Şeffild   Universitetinin  kompüter   elmləri  fakültəsində bakalavr  və magistratura səviyyələrində təhsil alıb.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində doktorant  səviyyəsi üzrə təhsil alıb.

Toğrul Kərimov 1998-ci ildə Zaqatala şəhərində anadan olub. 2008-2013-cü illərdə Nəsimi rayonundakı   Texniki-Humanitar Liseydə, 2013-2015-ci illərdə Xəzər Universitetinin Dünya Məktəbində təhsil alıb.  2015-ci ildə bu məktəbi qızıl medalla bitirib.  Dünya Məktəbinin  Beynəlxalq Bakalavriat Diplom Proqramından (İnternational Baccalaureate Diploma Programme)  məzun olub.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük  Britaniyanın  Oksford Universitetində kompüter  elmləri ixtisası üzrə  bakalavr  təhsili alıb.

Cahangir Məmmədov  1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü  ildə  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kompüter elmləri üzrə  Böyük  Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları üzrə magistr təhsilini başa vurub.

Oksford və London Kollec universitetlərinin məzunu olan gənc müəllim Eldar Babayev Ukraynanın Kiyev şəhərində anadan olub. Orta təhsilimi Bakı şəhərində alıb. Orta təhsili bitirdikdən sonra Bakı Dövlət Universitetinə Kompüter Elmləri ixtisası üzrə qəbul olub. Daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kollec Universitetində Riyaziyyat ixtisası üzrə bakalavr təhsili və Oksford Universitetində Kompüter Elmləri ixtisası üzrə magistr təhsili alıb. Magistr təhsilini bitirdikdən sonra London şəhərində, startapda, kompüter mühəndisi kimi işləyib. Sonra vətənə dönüb, Azərbaycanda müxtəlif startap layihələri üzrə çalışıb. Hazırda BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasında müəllim vəzifəsində çalışır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları