Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 17:37:00
“Robotexnika ilə məşğul olmaq mənə çox şey öyrətdi”

Faiq Məmmədzadə: “Qazandığım qızıl medalın sevincini hələ də yaşayıram”

Həmsöhbətim  qeyri-adi istedadı ilə yaşıdlarından  fərqlənən gənc  robotexnika ixtiraçısı Faiq  Məmmədzadədir. Ölkə mətbuatında onun haqqında bir neçə dəfə maraqlı yazılar oxumuşdum. Olduqca bacarıqlı şagird olmaqla yanaşı dərs əlaçısı, musiqiyə, idmana hədsiz marağı olduğunu da  artıq bilirdim.Və elə bu maraq da onunla görüşüb qəzetimizin  oxucularına təqdim etmək  fikrimi konkretləşdirdi  və bu şagirdlə  görüşmək üçün təhsil aldığı məktəbə yollandım. Biz dərsdən sonra onunla məktəbin yaxınlığındakı Fizuli meydanında görüşüb həmsöhbət olduq. Təsəvvür etdiyimdən də maraqlı bir gənc idi. Söhbətimiz də çox şirin keçdi. O, danışdıqca haqqında oxuduqlarımın həqiqət olduğunu ürəyimdə təsdiqləyirdim. Uca qamətli, nizam-intizamlı, yüksək intellekt sahibi olan 11-ci sinif şagirdinin öz uğurları barədə ürəkdolusu danışdıqlarını dinləmək necə də xoş idi. 

İdman mənim xobbimdir  

2002-ci ildə  İmişli rayonunda anadan olmuşam. İbtidai təhsilimi Ağsuda almışam. Bütün fənləri yaxşı oxumuşam. Amma riyaziyyat fənninə xüsusi marağım olub. Riyaziyyat olimpiadalarına qatılmışam. Yaddaşım və fantaziyam çox  güclüdür. Hazırda isə Mikayıl  Müşfiq adına  18 nömrəli tam orta məktəbin XI  sinfində təhsil alıram. İdmanın bütün növlərini xoşlayıram. “Cüdo - klub-2012”-nin  idman zalında   məşqə gedirəm. Yay tətili dövründə  asudə vaxtım bol olduğuna görə idmana  daha çox vaxt ayıra bilirəm. Dəfələrlə respublika üzrə keçirilən  cüdo yarışlarında iştirak edərək diplom və fəxri fərmanlar qazanmışam.  Ümumiyyətlə, idman mənim xobbimdir. Həm də  belə bir  deyim də var ki, sağlam bədəndə sağlam  ruh olar.

Tar sevdiyim musiqi alətidir

Boş vaxtlarımda musiqi ilə də məşğul oluram. Tar  ən çox sevdiyim musiqi alətidir. Əsasən muğam və xalq mahnılarını ifa etməyi xoşlayıram. Mənə görə bu musiqi aləti insan qəlbinə daha  tez yol  tapır və hissiyatına rahatlıq bəxş edir. Şəxsən mən tarda ifa edərkən həm də dincəlirəm, ruhum  göylərə pərvazlanır. Vaxtımı elə bölmüşəm ki, “Hədəf” kurslarına  da vaxtlı-vaxtında gedə bilirəm. Bu kurslar, yəni  əlavə məşğələlər yaddaşı möhkəmləndirir və bilik bazasını  zənginləşdirir.

Robot hazırlamaq arzusuna düşdüm

Robotexnika ilə ilk olaraq  yarışlarda iştirak etmək  arzusu  ilə məşğul olmağa başladım. Texnikaya olan həvəsimsə  mənə başqa fənləri də yaxşı oxumağa zərrə qədər mane olmadı, əksinə sanki yaddaşım  daha da möhkəmlənir, bütün dərslərdə fəallığımı artırırdı. Direktorumuz Rəna Süleymanova valideynlərimə tövsiyə etdi ki, hazırlaşıb “Sabahın alimləri” Respublika müsabiqəsinə qatılım, həm respublika, həm də  beynəlxalq olimpiadalarda medal qazanım.  

İlk günlər çox çətin idi

Ötən ilin oktyabrında informatika-robotexnika müəllimimiz Zaur Baladadaşovun yanında oldum, mənə robotlar haqqında ətraflı məlumat verdi. Müəllimim robot hazırlamağın sirlərini səbrlə və təmkinlə mənə mənimsətdikcə  bu işə həvəsim, məhəbbətim birə-beş artdı. Həmin gündən həm robotexnika, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma ilə məşğul olmağa başladıq.  İlk günlər təbii olaraq çox çətin idi, hətta bacarmayacağımı da düşünürdüm. Sonralar isə marağım  artdıqca  bu  işə  daha da  bağlandım. Altı ay ərzində mən  bu texnikanı hazırlamağın sirlərinə yiyələnə bildim. Əvvəlcə  dərslərimi hazırlayırdım, sonra isə bu işlə məşğul olurdum. 

Qalib gəlməsəm də ruhdan düşmədim

Nəhayət, hazırladığım  robotlarımla “Sabahın alimləri” Respublika müsabiqəsinə qatıldım. Bu müsabiqədə həm robotexnika  barədə qazandığım nailiyyətləri, həm də robotu hərəkət etdirmək üçün proqramlaşdırma bacarığımı nümayiş etdirməli idim. Ancaq ümidlərim doğrulmadı və  ilk sınaq  imtahanını  xatırladan yarışmada qalib adını qazana bilmədim. İlk anlar məyus olsam da ruhdan düşməyəcəyimə söz verdim və daha əzmlə bu işə başladım. Yarışdan  azca ötmüş Təhsil Nazirliyinə dəvət olundum və mənə Amerikanın “Intel” şirkətinin sertifikatını təqdim etdilər. Layihələrə baxmağa xarici münsiflər də dəvət olunmuşdu.

Özümə inamım daha da artdı

Artıq bu işə elə bağlanmışdım  ki, həftədə  üç gün  məşğul olurdum. Bəzən səhərə kimi işləyirdim. Robotexnika ilə məşğul olmaq mənə çox şeylər öyrətdi. “Robotexnikaya ilk olaraq robot materiallarının ən sadəsi olan “Lego” ilə başladım. Sonra  tədricən “Ardinio”ya keçdim, öz istedadımı aşkara çıxartdım. Özümə inamım daha da artdı. Robotexnika ilə məşğul olanda paralel olaraq proqramlaşdırmanı da öyrənmək vacibdir. Robot hazırlayanda proqramı yazmaq mütləqdir.

Qalib olacağıma əmin idim

Günlərin bir günü şad xəbər eşitdim. Zaur müəllim deyəndə ki, Rumıniyada beynəlxalq  yarışa qatılacaqsan,  çox sevindim. Sevinclə həyəcanın arasında qalmışdım. Təqdim edəcəyim robot texnikasının belə mötəbər bir yarışmada necə qarşılanacağı ilə bağlı suallar, inanın ki, məni yorurdu. Amma eyni zamanda özümə güvəncliyim də var idi. Qalib olacağıma əmin idim. Sanki qeybdən bir səs mənə, - vətənə əliboş qayıtmayacaqsan, - deyirdi... 

Robotum başqa robotla toqquşdu 

Yarış günü  həyəcanımı heç cür gizlədə bilmirdim. Özümə, öz ixtirama nə qədər güvənsəm də beynəlxalq müsabiqə xofunun təsirindən çıxa bilmirdim. Uduzacağım halda evə, məktəbə, dostlarımın yanına necə qayıdacağımı düşünürdüm. Bütün arzularım alt-üst olacaqdı. Bu qara  fikirlər məni əldən salmışdı. Nəhayət, özümü topladım və hökmən qalib gələcəyimi qət etdim. Tədbir Buxarestin beynəlxalq məktəbində baş tutdu. Robortun yoxlanılmasına başlanıldı. Qayda pozuntusu olmamalıydı. Birdən  oyun vaxtı robotum başqa robortla toqquşdu, ön hissəsi boşaldı, çox məyus oldum, səhvimi  tez düzəltdim, ehtiyat hissəsini tez tapıb təmir etdim, çətinlikdən çıxsam da lap ümidsizləşmişdim.

Uğur qazanacağıma hamı sevinirdi

Axır ki, nigarançılığa son qoyuldu və qalib adını qazanaraq qızıl medalın sahibi oldum.  İlk öncə valideynlərimə və  müəllimlərimə  zəng etdim. Müəllimlərim  məni  hava limanında qarşıladılar. Uğur qazanmağıma hamı sevinirdi. Xüsusilə məktəbimizin direktoru  Rəna  Süleymanovanın sevinci yerə-göyə sığmırdı. O mənimlə qürur duyur, deyir ki, məktəbimizin fəxrisən. Hava limanında direktorumuz mənimlə şəkil də çəkdirdi.- Məktəbimizin adını ucaltmışan, - dedi. - Üçrəngli bayrağımızı   Rumıniyada  sən dalğalandırmısan. 

  “Mini sumo” nominasiyası  üzrə I yer 

Qeyd edim ki, yarışda ümumilikdə 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparırdı. 40-a yaxın azərbaycanlı bu yarışmaya qatılmışdı. 9 nominasiya üzrə yarış keçirilirdi.  Mən “Mini sumo” nominasiyası  üzrə I yeri tutdum. Azərbaycandan  bu nominasiya üzrə Subatay Rzayev də qalib oldu.  Biz dost  idik... Yarışda  türklər daha çox idi. Bu beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var idi. Biz azərbaycanlılar  3 qızıl və  1 gümüş medalla vətənə döndük. Çalışacağam ki, Meksika və Tailandda keçiriləcək olimpiadalarda da  iştirak edim, vətənimə başucalığı gətirim, onun dəyərli oğlu,  layiqli vətəndaşı olum. Bunun üçünsə  də  gecəmi-gündüzümə qatıb çalışmalıyam.  Arzu o vaxt reallaşır ki, ona çatmaq üçün əziyyət çəkəsən,  mən bu məsuliyyəti  dərindən dərk edirəm.

Gənc  robot ixtiraçısı olan Faiq Məmmədzadə  təhsildə və robotexnika sahəsində  qazandığı uğurlar barədə ürəkdolusu danışdıqdan sonra gələcəkdə hansı ixtisasa yiyələnəcəyini də söylədi və dedi ki, hüquq fakültəsinə  qəbul olmaq arzusundadır. Hüquqşünaslıq  peşəsi həm çətin və məsuliyyətli, həm də şərəflidir.  Əgər bu peşəyə yiyələnsəm, ixtisasım üzrə çalışdığım sahələrdə həmişə ədalət prinsipini qoruyacaq, vətəndaşların  hörmət və ehtiramını, sevgisini qazanacağam. Atam kimi mən də qanunun aliliyini qorumaq, asayişin keşiyində dayanmaq fikrindəyəm, - dedi.  (Azərbaycan müəllimi)