Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-22 15:39:55
Çoxlarının gözlədiyi cavablar, dəyişən qaydalar, “56 min dollarlıq” yanlışlıq - Həftənin təhsil icmalı  

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Baş nazir tələbə təqaüdləri ilə bağlı qaydaları dəyişdi

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamında göstərilən səviyyədə müəyyənləşdiriləcək. Həmin sərəncama əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılmalı və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.

Təhsil Nazirliyiümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib

Aprelin 16-da Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Hökumət peşə təhsili üçün vacib olan qərarı təsdiqlədi

Nazirlər Kabineti “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nı təsdiqləyib.

 Bu qayda peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müəyyən edir, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrinə şamil olunur.

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid peşə təhsili pilləsinin bir səviyyəsində təhsili bitirməklə növbəti səviyyəsinə keçid deməkdir. Peşə təhsili pilləsində keçid bir peşə təhsili müəssisəsi daxilində və ya tələbələrin bir peşə təhsili müəssisəsindən digər peşə təhsili müəssisəsinə keçməsi vasitəsilə həyata keçirilir. Peşə təhsili səviyyələri üzrə keçid tələbələrin qəbul olunduqları təhsil bazasına (ümumi orta və ya tam orta təhsil bazası) müvafiq olaraq aparılır.

I sinfə qəbulla bağlı Apellyasiya Komissiyası yaradıldı 

Aprelin 15-dən 2019-2020-ci tədris ilində BŞTİ-nintabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfə elektron şagird qəbulu ilə əlaqədar yaranan mübahisəli məsələlərin həlli ilə bağlı müraciətləri qeyd alınmış vətəndaşların cavablandırılması üçün Apelyasiya komissiyası fəaliyyətə başlayır.

 Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, işçi qrupun fəaliyyətinin nəticələri ilə bağlı müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərar qəbul olunmasını təmin etməkdən ibarətdir.

 Azərbaycanlı gənc Türkiyənin məşhur universitetinin bursunu qazandı

 Sosial şəbəklərdə 17 yaşlı Yasin Uğurun Türkiyənin Sabancı Universitetindən 56 min dollar təqaüd alacağ haqqında məlumat yayıldı. Amma Yasin Uğurun  atası  Yalçın Quliyev sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib. Gəncin atası bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq.

Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

 “Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib.

Həftənin təhsil informasiyaları

Bu tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 17 medal qazanıblar

Cari tədris ilində Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər.

Şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər riyaziyyat fənni üzrə Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, fizika fənni üzrə Avropa Fizika Olimpiadasına qatılacaqlar.

Hesablama Palatası ötən il ən çox nöqsan aşkar etdiyi universitetlərin adlarını açıqladı

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.

Bunlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU).

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ilk dəfə olaraq xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2019-cu il 1 ci nömrəsini çap edib.

 "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, norma­tivlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imta­hana hazırlaşmalarına fayda verə bilən ən zəruri ma­teriallar əksini tapıb.

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatdı

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə əlaqədar ərizələrin qəbulu 16 aprel, saat 12:00-da başa çatıb.

Qeyd edək ki, ali məktəblərə daxil olmaq üçün ixtisas qrupları üzrə ərizəsini təsdiq edənlərin arasında I qrupun abituriyentləri üstünlük təşkil edir.

DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqlandı

 Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğun qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan nəticələri 21aprel  saat 17:31-dən etibarən DİM-in saytında yerləşdirilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1754 namizəddən 14 -ü imtahana gəlməyib. Bir nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları