Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 10:00:00
“Başqa yerdən pal-paltar yığıb, ehtiyacı olan şagirdlərimə gətirirəm” – Yeni təyin olunan direktor  

Direktorların işə qəbulu müsabiqəsi artıq yekunlaşıb. Uğur qazanan namizədlər artıq təyinat aldıqları yerlərdə fəaliyyətə başlayıblar.  Həyatlarında açılan yeni “səhifə” onlar üçünböyük hədəflər də müəyyənləşdirib.

AzEdu.azolaraq, növbəti səhifədə də onları unutmayıb, ilk iş günlərinin  həyəcanı, qısamüddətli idarəetmə təəssüratlarını öyrənməyə çalışdıq:

“Bu gün məktəbi idarə etməyin bir yolu var: “sevgi”. Şagirdin sevgisini qazandınsa, hər şey sənindir.Yox, bacarmadınsa, qorxunun sonu həmişə üsyandır”.

Yeni təyinat alanlar arasındaAğdam rayon 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli də var. Fikirləri və açıq sözlülüyü ilə fərqlənən Nemət müəllimqarşısına ölkəmizdə “qəlibləşən” direktor anlayışından çıxmağı hədəf qoyub:

“Bizim orta məktəblərin bəlası odur ki, direktorların 80%-nin təhsil sistemindən xəbəri yoxdur. 100 nəfər arasında sorğu keçirin: heç 80 nəfəri neçənci fənn blokunda hansı fənlərin olduğunu bilməyəcək.

“İdarəçilik” və “təhsili idarə etmək” fərqli anlayışlardır. Təhsil idarəçiliyi“müəllimlərin səsi çıxamasın”, “şagirdlər məktəbə nizam-intizamla gəlsinlər” demək deyil. Şagirdin direktor və müəllimdən qorxmasını isə, ümumiyyətlə, idarəçilik saymıram. Bu gün məktəbi idarə etməyin bir yolu var: “sevgi”. Şagirdin sevgisini qazandınsa, hər şey sənindir. Yox, bacarmadınsa, qorxunun sonu həmişə üsyandır...

Uşaqla da, müəllimlə də ədavət aparan direktorlar tanıyıram. Başa düşün, böyük kollektivi idarə edirsizsə, orada dedi-qodu da, narazılıq da olacaq. Bu, normaldır. Bir insanı hamı sevirsə, deməli, onda problem var”.

Nemət müəllim də digər həmkarları kimi ilkiş günü Rayon Təhsil Şöbəsinə yollanıb. Oradan metodist, mühasib və inspektorla birgə məktəbə üz tutub. Direktor kollektivə təqdim olunduqdan sonra protokol tərtib edilib və məktəb sənədləri keçmiş direktordan alınaraq,ona təhvil verilib.

Əslində, bu məktəb onun üçün çox doğma idi. Çünki 5 il müəllimi olduğu məcburi köçkün məktəbinə direktor kimi qayıtmışdı.

Məktəblərdə idarəçilik şəraitə görə dəyişir. Nemət müəllimin də qismətinə şagirdləri çətin şəraitdən işıqlı gələcəyə aparmaq düşüb.

Bura “qaçqın məktəbi”dir...

“İlk günlər bəzi çətinliklər üstümə gəlirdi... Bu,əsasən, məktəbdə davamiyyətin zəifliyi ilə bağlı idi. Çünki keçmiş direktor çalışmanın yaş həddi ilə əlaqədar işdən çıxmış, məktəbi əvəzedici idarə etmişdi. O isə kollektivi dərsə yığa bilmirdi. Görürdüm ki, müəllimlər özləri də dərsdən yayınmaq, dərsi boş keçirmək istəyirlər. Bunları getdikcə aradan qaldırıram.

Müəllimlərə gəlicə, onların cəmi 20%-i məni qane edir.Qalanlarınındiaqnostik göstəriciləri çox aşağıdır. Təbii ki, mən onları işdən çıxara bilmərəm. Belə bir niyyətim də yoxdur. Sadəcə, kömək edəcəm. Öz üzərilərində işləsinlər, sertifikasiyaya hazırlaşsınlar. Yenə də yaxşı nəticə göstərməsələr, təbii ki, yer vakansiyaya çıxarılacaq və onların əvəzinə başqa müəllim gələcək. Bütün şagirdlər ən yaxşı təhsilə layiqdirlər”.

“Şərait yaradılsın, Botanika, Biologiya dərsləri açıq havada-bağda keçirilsin”

Ağdam rayon 91 saylı məktəbdə tədris 11 illikdir. Nəticələri getdikcə yaxşılaşır.  Məzunları Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti və s. ali məktəblərdə tələbədirlər. 12 məzunu unkiversitetə  qəbul olunub. Nemət müəllim inanır ki, bu il məktəbin nəticəsi daha da yaxşı olacaq.

Məktəbdə11 otaq var, 7-si sinif otağıdır. Cəmi 4-5 otaq çatmadığına görə məktəb ikinövbəli fəaliyyət göstərir. Yeni direktor ümid edir ki, gətirəcəyi yeniliklər arasında məktəbin birnövbəli fəaliyyəti də yer alacaq:

“Planlarımın başında məktəbin təmiri, əlavə sinif otaqlarının açılması durur. Bundan əlavə, məktəbə kompüter verilsə də, stollar yoxdur. İntervalla bağlı problemlərin həll olunacağını düşünürəm. Şagirdlər üçün müxtəlif viktorina, oyunlar keçirmək, proyektor əldə edə bilsəm, istirahət günləri onlara film göstərmək istərdim. Həmçinin, Ağdam Dram Teatrı ilə əlaqə yaradıb onları tamaşaya da apara bilərəm.

Mən həm də olimpiadaya şagird hazırlaşdırıram. Keçən il şagirdim olimpiada qalibi oldu, nazirlik məni təltif etdi. Həmkarlarımla birgə məktəbin olimpiada nəticələrini qaldırmaq istəyirəm. Məqsədim yalnız olimpiada və qəbula deyil, vətənə də layiqli övlad yetişdirməkdir. Vətənin gələcəyi bugünün uşaqlarının əlindədir.

“Kurikulum deyəndə yalnız partaları birləşdirməyi başa düşürlər”

Məktəbin həyətində böyük bir bağ var. İstərdim ki, gələcəkdə şərait yaradılsın, botanika, biologiya dərsləri bu bağda-açıq havada keçirilsin. Orada Zoologiya üçün heyvanlar da saxlaya bilərik. Kimya və fizika laboratoriyaları bərbad vəziyyətdədir. Onları təmirli görmək istərdim.

Bundan əlavə, hazırda əksər müəllimlər kurikulumudüzgün qəbul edə bilmir. Bu haqda müəllimlərlə birgə iş aparılacaq. Təəssüf ki, kurikulum deyəndə yalnız sinifdəki partaları birləşdirməyi başa düşürlər”.

“Valideyn deyir ki, paltarımız yoxdur, dərsə gələ bilmirik. İnanın, kasıb kənddir, əlimdən gələni edirəm. Yaşadığım yerdən ehtiyac olmayan pal-paltar yığıb onlar üçün gətirmişəm. Əsas odur ki, valideynləri təhsilə inandıra bilim”.

Rafət Tağıyev 39 balla Neftçala rayon Mayak kənd ümumi orta məktəbinə təyinat alıb. Yeni gələndə kollektivə tam yad olan Rafət müəllimin ilk işikadrları tanımaq olub. 1 həftə ərzində müəllimlərlə təkbətək görüşlər keçirib. Dərhal valideyn iclası çağırıb. Elə burada hər şey tam təfərrüatı ilə aydınlanıb:

“İlk gündən hiss etdim ki, davamiyyət zəif idi. Bilirsiz, bura ucqar yerdir. Əhali balıqçılıqla məşğuldur. Valideynlər şagirdləri dənizə sövq edir, məktəbdən yayındırmağa çalışırlar. Onların günü həqiqətən acınacaqlıdır. Kasıb, Kürün dənizə birləşdiyi yerdir və bir neçə adası var. Həmin adalardakı dördillik məktəblərin uşaqları çox vaxt gəlib burada oxumaq istəmirlər. Çünki insanlar təsərrüfatla məşğuldur. Ana mal-heyvanın ardınca, ata da dənizə gedir; uşaq qalır özbaşına. Beyinlərinə bir fikir həkk olub: “Biz oxuyub nə olduq ki, uşaq da oxusun”.

Valideyn iclasında bu barədə danışdıq. Ortaya müxtəlif problemlər çıxdı.Valideyn deyir ki, paltarımız yoxdur, dərsə gələ bilmirik. İnanın, kasıb kənddir, əlimdən gələni edirəm. Yaşadığım yerdən ehtiyac olmayan pal-paltar yığıb onlar üçün gətirmişəm. Əsas odur ki, valideynləri təhsilə inandıra bilim.

Bircə onu bilirəm ki, məktəbin reytinqini yüksəltmək lazımdır. Bunun üçün üzərində durduğum əsas məsələ şagirdləri məktəbə cəlb etməkdir”.

Mayak kənd 2 saylı ümumi orta məktəbinin 45 şagird, 18 müəllimdən ibarət kontingenti var.Rafət müəllim təyinat aldığı gündən davamiyyəti artırmaq üçün danışıqlar aparır. Dediyinə görə, artıq məqsədinə nail olur:

“Normal kollektivdir. Ucqar kənd yeridir. Uşaqlarda dərsə həvəs yaratmağa çalışıram. Hiss edirəm ki, alınır. Çox şükür, işlər qaydasında gedir.

İlk iş günü şagirdlərin qəribə baxışları ilə üzləşdim. Məni direktor kimi qəbul edənəcən maraqlı hallarla qarşılaşmaları normaldır. Onlarla çərşənbə, 8 mart münasibətilə tədbirlər keçirərək dostlaşdım”.

“Məktəb elə yerdədir ki, günün ortasında buradan çıxış yoxdur”

19 günlük fəaliyyəti dövründə elə də ciddi problemlə üzləşməyən direktor  yeniliklərə davamiyyəti qaydaya salandan sonra başlamağı düşünür:

“Görürəm ki, məktəbdə tədris zəifdir. IX sinfin buraxılış imtahanında zəifliklər üzə çıxdı. Məktəbdə faiz toplamaq çətin olacaq. Çünki bir vaxtlar uşaqların təhsilə cəlb olunması istiqamətində işlər zəif gedib.

Müəllimlərdən isə razıyam. Məktəb elə yerdədir ki, günün ortasında buradan çıxış yoxdur. Çünki yol asfalt deyil, bircə avtobus var. O da səhər gəlib, axşam qayıdır.

Səhər işə birgə gələn hər kəs axşam da biryerdəqayıtmalı olur. Buna görə də müəllimlər vaxtlarını səmərəli istifadə edirlər”.

Ağstafa şəhər 1 nömrəli tam orta məktəbə təyinat alan Elvin İmaməliyev də ilk iş günü təqdimatdan sonra kollektivlə tanış olub. Məktəbi gəzib, dəyirmi masa keçirərək tapşırıqlar verib:

“Kollektivi gələcək fəaliyyətimin  əsasları ilə tanış etdim. Müəllimlərə işlərini həftəlik plan əsasında qurmağı tapşırdım.

İbtidai siniflərlə tanış olub, onların problemi ilə maraqlandım. Şagirdlərdən müəllimlərdən razı olub-olmadıqları soruşdum. 90%-i gələcəkdə polis olacaqlarını dedilər. Bu, məni çox təəccübləndirdi”.

Elvin müəllimin sözlərinə görə, məktəbdə diaqnostik qiymətləndirmə balları yüksəkdir. Müəllimlərin yarısından çoxu 50 baldan yuxarı nəticə göstərib. 3 müəllim ixtisası üzrə 39 bal toplayıb.Bundan əlavə, kameralarla belə təchiz olunan məktəbdə hər şərait var. IX sinfə qədər davamiyyət 100 %-dir:

“İlk işim əmək intizamı ilə bağlı oldu. Müəssisədə əmək intizamı normaldırsa, orada uğur əldə etmək olar. Bu, həm şagird, həm də müəllimlərə aiddir. Məktəbinab-havası mühüm rol oynayır. 19 gündür ki, direktoram. Şagirdlərin davranışından çox razıyam. Verdiyim tapşırıqların nəticəsini izləyirəm, çox ürəkaçandır.

Direktor müəllimlərlə işdən başqa heç bir söhbətə yol verməməli, şəxsi münasibətlər işə qarışmamalıdır. İşçi ilə direktor arasında yalnız təhsil qanunvericiliyindən irəli gələn tələblər olmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları