Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 17:00:00
I sinfə qəbul zamanı əsas üstünlük verilən şərtlər – Valideyn narazılıqlarının səbəbləri  

Ümumtəhsil müəssisəsinin I sinfinə qəbul üçün sorğu yerləşdirmək 3 mərhələdən ibarətdir. Valideyn öncə şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə şəxsi kabinet yaradır. Daha sonra övladını qeydiyyatdan keçirir və istədiyi məktəb, təlim dili, müəllim kateqoriyaları üzrə sistemə sorğu yerləşdirə bilir.

AzEdu.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişdə I sinfə qəbulla bağlı  izləyici suallarını cavablayarkən məlumat verib.

Onun sözlərinə görə, bəzi Bakı məktəblərində sıxlıq yaşanır. Yəni, həmin ərazidə yaşayan şagirdlərlə yanaşı, digər ərazilərdə yaşayıb, burada oxumaq istəyənlər də az deyil. Bu zaman məktəbə yaxın ərazidə yaşayanlara üstünlük verilir.

İlhamə Abdullayeva qeyd edib ki, bu halda 3 şərtə görə bəzi şəxslərə üstünlük verilir:

-Məktəbə yaxın ərazidə yaşayanlar;

-Övladlarından biri həmin məktəbdə oxuyan ailələr;

-Valideynlərdən biri həmin məktəbdə işləyən şagirdlər.

Bu üstünlüklərdən heç birinə cavab verməyənlər isə gözləmə siyahısına salınır. Siyahıdakı birinci valideyn ilk açılan yerə yerləşdirilir. Müxtəlif səbəblərdən övladını başqa məktəbə yerləşdirmək istəyən valideynin sorğusu silinən anda siyahıdakı birinci vətəndaşa bildiriş gedir. Bildirişdə göstərilir ki, bu məktəbdə sorğu yerləşdirməkistəyirsizsə, filan düyməni basın”.

İlhamə xanım onu da qeyd edib ki,  valideyn qeydiyyatda olduğu ərazidə deyil, başqa yerdə yaşayırsa, üstünlük hüququ qoyulmadığı halda yaşayış yerinə yaxın məktəbə  sorğu yerləşdirə bilər. Üstünlük qoyulubsa, şagird II mərhələdə həmin məktəbin boş qalan yerlərinə yerləşdirilir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında oxumayan uşaqların I sinfə sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları