Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 11:30:00
Akademik Həmid Araslının elmi irsi

 

AzEdu.az  AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Məryəm Seyidbəylinin akademik Həmid Araslı ilə bağlı yazdığı məqaləni təqdim edir:

Müasir Azərbaycan ədəbiyyatı tarixində özünəməxsusu yaradıcılığı ilə seçilən Həmid Məmməd Tağı oğlu Araslı 1909-cu ildə Gəncədə dünyaya göz açıb. Atası Hacı Məhəmməd Tağı Ərəşzadə mükəmməl təhsilli alim ruhanilərdən biri kimi dövrünün məşhur  şəxsiyyətlərindən idi. Onun ərəb dilindən etdiyi tərcümələri və xüsusi ilə “Vəşrihi-fəraiz” əsəri dövr ziyalıları tərəfindən layiqincə dəyərləndilmişdir. Adı çəkilən kitab bu günəcən alimin kitabxanasında qorunub saxlanılır. Alimin anası Dursunbəyim xanım da həmçinin savadlı qadın olmuş, milli folklorumuzu dərindən bilmişdir. Çox güman ki, Həmid Araslının folklor yaradıcılığına olan dərin elmi həvəsi anasından genetik keçən fenomendir.

 2 yaşında atasını itirən Həmid Araslı, 12 yaşında həm də anasını itirir. Alimin uşaqlıq illəri bağban işləyən ögey atasının himayəsində keçmişdir. O, ibtidai təhsilini Gəncədəki Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında almış, buranı 1926-cı ildə bitirdikdən sonra Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra direktor vəzifəsində çalışmışdır. Həmin illərdə H. Araslı folklor elminə böyük maraq götərir, milli folklor nümunələrini toplamaqla məşğul olurdu. Təbii ki, gənc müəllim folklora münasibəti həm onun şagirdlərində folklorşünaslığa  maraq oyadırdı. Elmə dərin həvəs göstərən H. Araslı 1929-cu ildə Bakıya gəlir və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakultəsinə daxil olur. Yüksək biliyi, istedadı sayəsində institut təhsilini vaxtından əvvəl tamamlayaraq, 1931-ci ildə doğma şəhəri Gəncəyə qayıtdığında maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə yenidən Bakıya gələrək, təhsilini aspiranturada davam etdirməyə başlayır. Ərəb dilini mükəmməl bildiyi üçün Araslı hələ aspirantura illərində keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində fəaliyyət göstərən kitabxananın şərq şöbəsinin müdiri vəzifəsinə göndərilir. Şərq xalqlarının folklor və ədəbiyyatına böyük maraq göstərən Həmid Araslı ölkədə şərqşünaslıq elminin inkişafına təkan verən bir qurumun, elm müəssisəsinin yaradılmasının vacibliyini mühüm sayırdı. Onun təşkilatçılığı və işgüzarlığı sayəsində həmin illərdə Əlyazmalar Fondunda xeyli şərq əlyazmaları toplanılır. Çox çəkmir ki, həmin fonda rəhbərlik etmək vəzifəsi, məhz Həmid Araslıya həvalə olunur. 1935-ci ildən, yeni vəzifəsiylə paralel olaraq,  elmi fəaliyyətə başlayır, böyük həvəs və entuzizmla elmi axtarışlar aparır, cəsarətli elmi və publisistik məqalələr yazır. 1936-cı ildə gənc alim həm də Yazıçılar İttifaqının üzvü seçilir. Lakin, represiya dalğasının güclənməyə başladığı həmin dövrdə alimi ideoloji “sayqsızlıqda” günahlandırırlar. Belə ki, onun rəhbərlik etdiyi fonddakı əlyazmalar içərisində Sovet ideologiyasının qəbul etmədiyi nümunələr “aşkarlanır” və bu səbəbdən alim 1938-ci ildə vəzifəsindən azad olunur. O, 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor işləmək məcburiyyətində qalır. Həmin dövrdə, daha doğrusu 1938-ci ildə alimi Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində mühazirə oxumağa dəvət edirlər. O, burada orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən mühazirə oxumağa başlayır. H. Araslı 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda Orta əsrlər ədəbiyyatı, 1957-ci ildə Mətnşünaslıq şöbəsinə rəhbərlik edir. Elmi araşdırmalarının ilk bəhrəsi olaraq o, 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini qazanır. Bundan sonra Araslı 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq xalqlarinin ədəbiyyatı kafedrasının müdiri təyin edilir və 1960-cı ilə qədər bu vəzifədə çalışır. Yaxın Şərq ədəbiyyatının incilərinə və korifeylərinə dair mühazirələri ilə tələbələrin şərq haqqında biliklərini zənginləşdirir.  1954-cü ildə “XII – XVIII əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini qazanan alim, 1955-ci ildə professor elmi adına layiq görülür.

Azərbaycan ədəbiyyatı ilə yanaşı, həm də Yaxın və Orta Şərq xalqlarının ədəbi fikrinin inkişafı ilə bağlı problemləri dərindən araşdıran professor 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir.

Görkəmli alim 1970-ci ildən Azərbaycan Elmlər Akademiyasının  Yaxın və Orta Şərq xalqları institutunun direktoru vəzifəsində çalışmışdır. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına görülmüşdür.

Həmid Araslının elmi fəaliyyəti kifayət qədər əhatəli olmuş, o, geniş diapazonda aktual elmi problemlər araşdırmışdır. Bu işdə konkret məsələlərə  keçməzdən əvvəl qeyd edək ki, 1936-cı ildən etibarən respublikanın orta məktəbləri üçün ədəbiyyat üzrə tədris proqramlarının və dərsliklərin hazırlanmasında Araslının fəal iştirakı olmuşdur. Onun yazdığı dərsliklər bu günəcən Azərbaycan məktəblərinin 8-9 sinifləri üçün əsas dərsliklərdir. Elə bu fakt, yəni dərsliklərin bu qədər uzunömürlü olması, Həmid  Araslının Azərbaycan ədəbi fikir tarixi barədə bilgilərinin nə qədər dərin və əsaslı olduğunu bir daha təsdiqləyir.

Məlumdur ki, Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının sistemli şəkildə öyrənilməsinə elmi maraq XIX əsrin sonundan yeni mərhələyə qədəm qoymuşdu. Həmin dövrdə görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli özünün Azərbaycan dilinin və orta əsrlər ədəbiyyatının problemlərinə həsr olunmuş əsərləri ilə ədəbiyyat tariximizdə tənqidi ədəbiyyatşünaslığın əsasını qoymuşdur. Akademik Həmid Araslının əsərləri ilə yaxından tanışlıq onu Firudin bəy Köçərli irsinin davamçısı kimi qiymətləndirməyə əsas verir.

Dahi Nizaminin zəngin irsinin öyrənilməsi tarixinə verdiyi böyük töhfə Həmid Araslının Nizamişünaslıq elmi qarşısında misilsiz xidmətidir. Akademik “Nizaminin əsərlərində xalq sözləri, ifadələri və zərb – məsəlləri”, “Nizami və folklor”, “Nizaminin lirikası”, “Nizaminin yaradıcılığında Dədə Qorqud motivləri” və digər əsərlərində Nizami yaradıcılığı və Azərbaycan folkloru əlaqəsini elmi cəhətdən analiz etmişdir. Sözügedən əsərləri məşhur çex şərqşünas alimi Yan Ripka, həmçinin Polşa akademiyasının ədəbiyyatşünasları yüksək qiymətləndirmişdilər. Bu kontekstdə digər maraqlı məqam Həmid Araslının bu mövzuda araşdırmaları dünya ədəbiyyatşünaslığında Nizami irsinə ziddiyyətli və yanlış yanaşmaların mövcud olduğu bir şəraitdə aparmışdır. O, dahi şairin irsini dərindən öyrənmiş, onu farslaşdırmağa cəhd göstərən opponentlərinə sübut etmişdir ki, Nizami farsca yazmağına baxmayaraq, obrazlarını türk düşüncəsiylə yaratmışdır. “Şairin həyatı”, “Nizami Gəncəvi əsərləri”, eləcə də onun ayrı-ayrı  tədqiqatları göstərir ki, Həmid Araslı Nizami sənətinin milli ruhuna həssaslıqla yanaşmışdır. Onun Nizami yaradıcılığı haqqında tədqiqatları Türkmənistanda, Özbəkistanda, Tacikstanda və başqa ölkələrdə dəfələrlə dərc edilmişdir.

Görkəmli akademikin filoloji araşdırmaları içərisində Füzuli yaradıcılığına həsr etdiyi əsərlər elmi-metodoloji səviyyəsinə görə bu gün də ədəbiyyatşünaslıq elmimizin bədii-estetik səviyyəsinə misilsiz töhfələrdir. Bu əsərlər Füzulişünaslıq elminin inkişafında elmi-metodoloji baxımından yeni mərhələni təşkil edir. Onun Füzuli irsinə həsr etdiyi 20-dən artıq məqalə və tədqiqatları “Böyük Azərbaycan şairi Füzuli” adlı konseptual monoqrafiyasında ifadəsini tapmışdır. Tədqiqatçının Füzulinin “Əm isül Qəlb”, “Leyli və Məcnun” əsərlərindən bəhs etdiyi məqalələr Türkiyədə çap olunmuşdur.

Müasir Azərbaycan folklorşünaslığının yaradıcılarından olan Həmid Araslı həm də folklorşünaslığa dair əsərləri ilə bu elm sahəsinin inkişafına güçlü təkan vermişdir.

Akademik türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Amani Saib Təbrizi, Qövəsi Təbrizi, Məhcur Şirvani, Vaqif, Vidadi və digər şairlərin yaradıcılığını dərindən araşdırmış, bu simaların Azərbaycan ədəbiyyatı tarixində rolunu obyektiv elmi konteksdə qiymətləndirmişdir.

Üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” əsərini Həmid Araslı yaradıcılığının zirvəsi hesab etmək olar. Əsərdə müəllif Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən başalayaraq XVII əsrə qədərki inkişaf mərhələlərini, dövrün ədəbi-mədəni mənzərəsini ətraflı və obyektiv təsvir etmişdir.  Alim bu əsəri ilə analitik tədqiqatçı olduğunu bir daha sübut etmişdir.

Akademik Araslı görkəmli elm xadimi olmaqla yanaşı, həm də təşkilatçı-alim adını ləyaqətlə daşımışdır. Vətənpərvər alim Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təkcə keçmiş Sovet məkanında deyil, dünya miqyasında da tanınması üçün xeyli işlər görməmişdir. Nizmi adına Ədəbiyyat Muzeyinin yaradılmasında, muzeyin eksponatlarının ədəbi-mədəni əhəmiyyətinin qiymətləndiriliməsində onun xidmətləri əvəzsiszdir. Yeri gəlmişkən, Həmid Araslı bu elm ocağında əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.

Alimin elmi kadrların hazırlanmasında, onların təşəkkülü, ixtisasın profesionallıqla dərk edilməsində əsl müəllim və tərbiyəçi kimi rolu danılmazdır. Görkəmli mütəxəssis təkcə respublikamızda deyil, Özbəkistandan, Tacikistandan və Tatarıstandan olan doktorantların, dissertantların aspirantların elmi işərinə rəhbərlik etmiş, onlara dəyərli elmi-metodoloji məsləhətlər vermişdir. Biz şübhə etmirik ki, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmiş görkəmli alim - ədəbiyyatşünas, akademik Həmid Araslının adı Azərbaycan elm tarixində əbədi yaşayacaqdır.