Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-26 14:22:00
Xocalı məktəbinin direktorundan fəryad: “Əsir düşən şagirdlərimdən biri 15 yaşlı xanım-xatun qız idi”

“Erməni hücum etməsəydi,  aclıqdan hamı təslim olacaqdı”

Vidadi Rəhimov Xocalı faciəsinə şahidlik edib. O, 1991-ci ildən Xocalı rayon 1 saylı orta məktəbin direktoru olub. Hazırda Goranboyda yerəşən eyniadlı məktəbin direktorudur. Faciə illərində isə direktorluğu kabinetdə kresloda oturmaqla deyil, postlara qaçan müəllimlərin başında durmaqla edib:

“Azərbaycan Qarabağı elə o vaxtdan uduzmuşdu. Bizi orada sadəcə qurbanlıq qoymuşdular. Sonra Xalq Cəbhəsi gəldi, lap tufağımızı dağıtdı.Çox vuruşduq.Sonda meşələrə üz tutmaqdan başqa əlacımız qalmadı.

Hər gün “sabah Əsgəran yolu açılacaq”-deyib bizi aldadırdılar. Hamı da ümidlə gözləyirdi. Son günlərdə demək olar ki, Xocalıda çörək adlı şey yox idi. Hər şey tükənmişdi. Bəlkə də erməni hücum etməsəydi, hamı aclıqdan təslim olacaqdı. Çox çətin vəziyyət idi. Axşamlar hamı podvalda gecələyirdi”.

Yerli-dibli yoxa çıxanlar, əzizlərinin gözləri qarşısında güllələnənlər, ana və bacılarının əsir düşmək qorxusu... Həmin gecə hər kəs kimi Vidadi müəllimdən də çox şeyi qamarlayıb aldı...

“Anamı hələ uşaq vaxtı itirmişəm. Hərdən düşünürəm, yaxşı ki, tez getdi, bu günləri görmədi.Məni 4 yaşımdannənəm saxlayıb. Həmin 85 yaşlı qarı nənəmi erməni qapıda avtomatla güllələdi. Gözlərim qarşısında...

Afilə Məmmədova adlı müəllim 3oğlu, yoldaşı və özü- ailəlikcəyerli-dibli yoxa çıxdılar. Elə bil, heç belə bir ailə olmayıb... XI sinifsə oxuyan şagirdlərim-Allahverdiyev Mahir Novruz oğlu, Məmmədov Zahir Ramiz oğlu, Cəfərov Anar Tahir oğlu itkin düşdülər. Hələ ikisinin adını xatırlaya bilmirəm.

V sinif şagirdim Ələkbərov Səxavət Təvəkkül oğlu dığa gülləsinə tuş gəldi. Sədaqət adlı xanımınməktəbli üç övladının hər biri meşədə itkin düşdü. Məktəbin fiziki tərbiyə və hərbi fənlərini tədris edən Ələsgər müəllim, Tofiq müəllim şəhid oldular. 3 dayımın 6 oğlu Xocalı faciəsində itkin düşdü”.

26 fevral bu dəfə Vidadi müəllimin dilindən...

“Şəhər 366-cı polkun zirehli texnikası ilə mühasirəyə alındı.Xocalıda bir beşmərtəbəli bina tikilmişdi. Əhalinin bir hissəsi onun birinci mərtəbəsinə, digər hissəsi isə məktəbin podvalına doldu.  Beləcə, hamı pərən-pərən oldu. Üzümüzü meşəyə tərəf tutduq ki, bəlkə oradan salamat keçə bilək. Dörd bir tərəf erməni idi. Uşaq və qadınlara çayı keçməkdə kömək etdik. Meşə qaranlıq idi. Qarla birgə güllə yağırdı.

Hamı bir birindən ayrı düşdü. Bəzilərini əsir götürdülər, bəzilərini elə Naxçıvan yolunda qırdılar. “BTR” saxlayıb,  pulemyotu işə salmışdılar. Ortadan keçəni qırırdılar.Televiziyada bir kadr göstərirlər: vertolyot təpənin üstündən cəsədləri götürür. Əhalini ən çox orada qırdılar. Bir hissəsi isə Xocalıda şəhid olmuşdu.

Təkcə XI sinifdən 5 oğlan əsir düşdü. VIII sinifdə oxuyan xanım-xatın, zərif şagirdimi əsir aldılar. Cəmi 15 yaşı vardı . IX sinifdə oxuyan Elnur əsir düşdü. Yadımdadır, bacı - qardaşın ikisini birdən əsir aldılar. Hər iki valideynini itirən uşaqlar oldu. Bacı və qardaşıbizim məktəbdə oxuyan 4 yaşlı uşaq vardı. Bütün ailəsi əsir düşdü. Təkcə o babasının qucağında bura gəlib çıxa bildi. Dəhşət idi... Dəhşət...”

Amma o gecədən sağ qurtulub sonradan burada müəyyən təhsil uğurları qazananlar da oldu...

“Hər iki valideynini itirən şagirdim sonradan Türkiyədə polis akademiyasını bitirdi. Hazırda Bakıda bölmə rəisidir.

Novruzov Ülvi vardı; Xocalıdan çıxanda balaca uşaq idi. Yəqin, o da kiminsə qucağında gəlib çıxa bilmişdi. O da sonradan Türkiyədə təhsil aldı. Oradan fəxri fərmanla Daxili İşlər Nazirliyinə göndərildi”.

Vidadi müəllim deyir ki, müharibə illərində direktoru olduğu Xocalı məktəbinin xeyli yaşı vardı. Bu illər ərzində o məktəb belə müsibət görməmişdi...

Çox ziyalılar buranın partalarında əyləşib. Daxili İşlər Naziri Ramil Usubov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor Mübariz Allahverdiyev və başqaları...

“Boz dağın təpəsində vertolyot görünən kimi uşaqlar podvala tələsirdilər”

Direktorun məktəblə bağlı planları, arzuları da çox idi. Həyətdə yeni məktəb tikilirdi. Şagirdlər yeni, müasir tələblərə cavab verən məktəbdə oxuyacaqlarına görə sevinirdilər. Vidadi müəllim kollektivlə belə qərara almışdı ki,  yeni məktəb tikiləndən sonra köhnəni də tarixi abidə kimi saxlasınlar. Amma faciə məktəbdə daş üstə daş qoymadı...

Bir tərəfi 1, digər tərəfi isə 2 mərtəbə olan məktəb müharibə illərində podvalı ilə məşhur idi. O podval ki, raket səsini duyub həyəcandan titrəyən şagirdlərin hənirtisinə şahidlik etmişdi...

“Dərs vaxtı,haradasa saat 11-də ermənilər Bozdağdan bizi raket atəşinə tuturdular.Əsas hədəfləri məktəb idi. Dərhal uşaqları podvala salırdıq. Artıq bu, vərdiş halını almışdı. Bozdağın təpəsində vertolyot görünən kimi uşaqlar zirzəmiyə tələsirdilər. Onları həyətə buraxmırdıq. Körpə idilər həyətə raket düşüb onları öldürə bilərdi. Raket atəşi dayanandan sonra valideynləri gəlib şagirdləri götürürdü. Qəribəsi budur ki, belə çətin vəziyyət onların davamiyyətinə təsir etmirdi”.

Unudulmayan unutqanlıq...

Xocalı məktəbinin direktoru Vidadi müəllim faciə ərəfəsində 3 gecə meşədə qalaraq, döyüşüb. Xeyli qadın və uşağın faciədən sağ qurtulmasına yardım edib.Amma umduğuna görə küsdükləri də az deyil...

“O başımıza gələnlər, gördüklərimiz, xüsusilə də Azərbaycanımın bizə qarşı unutqanlığı yadımdan çıxmır.  Bir vertolyot nə idi, göndərmədilər ki, qadın, uşaq və qocaları oradan çıxaraq. Bu gün erməninin əlində əsirdirlər. Danışanda ruhum titrəyir, hər əsirlikdə olan ana-bacıma görə vicdanım sızlayır.

Ehh... Danışılası dərd deyil. Hər fevral gələndə beynim dumanlanır...”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları