XƏBƏRLƏR

12.12.2018 09:27
Tələbələr əvvəlcədən istiqamətlərini müəyyən etməlidirlər - MÜSAHİBƏ  

O, oxuduğu ixtisasın yox, marağı olan sahənin arxasınca gedir. Dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı tələbələrlə videomüsahibələr edir, xaricdə təhsillə bağlı hər detalı gənclər üçün aydınlaşdırır.

AzEdu.az Oxu.az-a istinadən Macarıstanda təhsil alan Rəsul Musayevlə müsahibəni təqdim edir:

- Özünüz haqda məlumat verin, zəhmət olmasa. 

- 21 yaşım var. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarını bitirmişəm. İxtisasım dünya iqtisadiyyatı olsa da, marağım marketinq sahəsinə idi. Ona görə də bu sahə üzrə özümü inkişaf etdirdim. III kursda “Erasmus+” mübadilə proqramı ilə İngiltərənin Leyçester Universitetində tam təqaüdlə təhsil aldım.

Hazırda Budapeşt Korvinus Universitetində Macarıstanın təhsil təqaüd proqramı ilə marketinq ixtisası üzrə təhsil alıram. 

- Təhsil aldığınız İngiltərə və Macarıstan universitetləri ilə Azərbaycan universitetləri arasında əsas fərqlər nələrdir?

- Həm İngiltərəni, həm də Macarıstanı Azərbaycanla müqayisə edəndə çox fərqlər görmək mümkündür. Ən önəmli fərq tələbələr üçün yaradılmış şəraitdir. İngiltərə və Macarıstanda tələbələrin daha çox araşdırması və daha çox oxuması, qrup şəklində müzakirələr aparması üçün yaxşı şərait yaradılıb. Kitabxanalar, kompüter otaqları, tədqiqat materialları və internetlə təminat tələbələri araşdırmağa sövq edir.

- Videomüsahibələr və məlumatlandırıcı məqalələrdən ibarət layihə yaratmaq ideyası necə yarandı?

- Macarıstana gəldikdən sonra otaq yoldaşım Kamal Allazovla həm ixtisasımızın eyni, həm də maraq dairələrimizin oxşar olduğunu gördük. Qərara gəldik ki, maraqlı layihələr həyata keçirək. Bir neçə layihə müzakirə etdik və “xaricdetehsil.net” layihəsinin daha faydalı və uğurlu olacağını düşündük. 

Hər il yüzlərlə Azərbaycan gənci xaricdə təqaüdlə təhsil almaq istəyir, kifayət qədər informasiya resursları olmadığından ya istədiyi ölkə üzrə təqaüd proqramı tapa bilmir, ya da sənədləşmə prosesində çətinlik çəkir və arzularını reallaşdıra bilmir. 

Təqaüd proqramlarını qazanmış gəncləri tapıb onlarla “Skype” müsahibələri həyata keçirdik. Müsahibələrdə sənədləşmə prosesindən tutmuş bütün mövzuları müzakirə edirik. Sosial media hesablarımızdan insanların suallarını cavablandırırıq. İndiyə kimi on nəfərlə (Estoniya, Latviya, Almaniya, Rusiya, İsveç, İtaliya, Türkiyə, Polşa, Cənubi Koreya, Fransada təhsil alan azərbaycanlı tələbələr - red.) təqaüdlü təhsil mövzusunda “Skype” müsahibələri həyata keçirmişik. 

İşləri tam bərabər bölüşdürmüşük. Veb-saytın idarəçiliyi və məqalələrin hazırlanmasını Kamal Allazov həyata keçirir, mən isə “Skype” müsahibələrinin alınması, videomontaj kimi işlərə baxıram. Sosial media səhifələrimizi birlikdə idarə edirik. Layihəyə başlayarkən heç bir gəlir məqsədimiz olmayıb, əksinə, xərclərimiz var idi.

- Bu günə kimi aldığınız müsahibələr nəticəsində hansı ölkələrin azərbaycanlı tələbələr üçün hər cəhətdən daha uyğun olduğu qənaətinə gəlmisiniz?

- Hər biri uyğun olsa da, hər kəsin akademik göstəricilərinin eyni olmaması faktı var. Təqaüd proqramında qalib gəlmək də asan deyil. Bildiyimiz kimi, gənclərin çoxu xaricdə təqaüdlə təhsil almaq istəyir və təqaüd proqramlarına yüzlərlə müraciət olunur. Bəzilərinə maksimum 10-15 yer ayrıldığı üçün bir çox təqaüd proqramlarında çətinlik yaranır. Xüsusilə Almaniya və İsveçə müraciətdə bu hal yaşanır.

Azərbaycanlı tələbələrin ən çox qazanma şansı olan təqaüd Macarıstan təqaüd proqramıdır. Hər il kvota burada daha çox olur və daha çox azərbaycanlı tələbəyə yer ayrılır. 

- Gələcək üçün nə kimi planlarınız var?

- Videomüsahibələrin sayını artırıb gənclərə digər mövzularda da kömək ola biləcək resurslar hazırlamağı düşünürük. 

- Xaricdə təhsil almaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Çalışsınlar, yollarını əvvəlcədən cızsınlar ki, hazırlaşmağa kifayət qədər vaxtları olsun. Heç vaxt ümidsiz olub şanslarından üz çevirməsinlər. Bu işlər elədir ki, çox güvəndiyiniz yerdən mənfi, tam ümidsiz olduğunuz yerdən müsbət cavab almağınız mümkündür. 

İlin gənc müəllimi-Müraciət formu