Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 11:53:33
“Jurnalistikaya qəbulda esse saxlanmalı və bu amil tətbiq olunmalıdır” – Fakültə dekanı  

“Qəbul imtahanında çox aşağı bal toplayan tələbələr  Jurnalistika fakültəsinə daxil olurlar. Nəticə etibarilə, onların tədrisi qavralamaları, eyni zamanda ümumi dünyagörüşləri yaxşı olmur. Gələcəkdə müəyyən çıxış yolu kimi Jurnalistika fakültələrinə minimal keçid balının tətbiq edilməsi gündəmə gələ bilər”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Jurnalistika fakültəsinə qəbul zamanı essenin ləğv olunması doğru deyil:

“Esse yaradıcı müsabiqədir. Dövlət İmtahan Mərkəzinin xətti ilə keçirilən müsabiqə nəticəsində, yalnız yazı qabiliyyəti olanlar Jurnalistika fakültəsinə qəbul olunurlar. Lakin bu zaman başqa problemlər ortaya çıxır. Qəbul imtahanında çox aşağı bal toplayan fakültəyə daxil olurlar. Nəticə etibarilə, onların tədrisi qavralamaları, eyni zamanda, ümumi dünyagörüşləri yaxşı olmur. Gələcəkdə müəyyən çıxış yolu kimi Jurnalistika fakültələrinə minimal keçid balının tətbiq edilməsi gündəmə gələ bilər. Fikrimcə, essenin ləğv olunması doğru olmazdı”.

Vüqar Zifəroğlu qeyd edib ki, aşağı bal toplayan tələbəylə yuxarı bal toplayanların arasında zəka və dünyagörüşü baxımından fərqlər var:

“Biri var, 400,500 və ya 600 bal toplayan tələbəyə nəyisə izah edəsən. Biri də var, 200, yəni minimum balı toplayıb qəbul olunan tələbəyə dərs keçəsən. Yuxarı ballı tələbəylə işləmək daha rahatdır, nəinki aşağı bal toplayanlarla. Burada dünyagörüşü, ümumi təhsil səviyyəsi öz sözünü deyir”.

Xatırladaq ki, 2014-cü ildən etibarən Jurnalistika ixtisası üzrə təhsil almaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etməlidirlər. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alanlar ixtisas seçimi zamanı Jurnalistikanı seçə bilərlər. Esse müsabiqəsinin tətbiqi nəticəsində isə sözügedən ixtisasa keçid balı 200 bal hesab olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları