Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 15:56:43
Universitetlərə  təlimçi axışı – “Nobel mükafatçılarını da dəvət edirik”  

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində müxtəlif istiqamətlər və ixtisaslar üzrə təlimçi və motivatorlar tələbələrlə görüşürlər.

Bəs universitetlərin rəhbərliyi mühazirələrdə iştirak üçün dəvət olunan qonaqları seçərkən əsasən nələrə diqqət yetirirlər?

AzEdu.az bu sualla bir neçə ali məktəbə müraciət edib.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova qeyd edib ki, tələbələrlə mütəmadi görüşlərin təşkil olunmasında “Karyera Planlama Mərkəzi” böyük rol oynayır:

“Ali məktəbin “Karyera Planlama Mərkəzi” ixtisaslara uyğun müvafiq şirkətlərin nümayəndələriylə IV kursda və magistratura pilləsində təhsil alan tələbələr arasında davamlı görüşlər təşkil edir. Nümayəndələr tələbələrlə ünsiyyətdə olur, təcrübələrini onlarla bölüşürlər. Mütəmadi dəvətlərin təşkil olunmasında əsas məqsəd tələbələri cəlb edərək onları işlə təmin etməkdir. Bu proses “Karyera Planlama Mərkəzi” tərəfindən son 1 ildə intensiv şəkildə davam etdirilir”.

Pərvanə İbrahimovanın sözlərinə görə, fakültələrə  vaxtaşırı olaraq Nobel mükafatçıları  dəvət  olunur:

“Mükafatçılar  yuxarı kurs və magistratura pilləsində təhsil alan tələbələrə mühazirələr oxuyurlar. Filologiya, Tətbiqi riyaziyyat və digər fakültələrdə ən görkəmli alimlərin təcrübələrindən istifadə olunur. Dəvət olunan qonaqların həmin sahənin mütəxəssisi olması, sözügedən sahədə müvafiq nailiyyətlər əldə etməsi, yerli və beynəlxalq sertifikatlarının varlığı və həmin şəxslərin tərcümeyi-halları nəzərə alınır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, media kapitanları isə əsasən Jurnalistika fakültəsinə dəvət olunurlar.

Şərqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq fakültələrində yerli təlimçilərlə yanaşı, xarici mütəxəssislər, Sosial elmlər və psixologiya fakültəsində sosioloq, psixoloqlar da vaxtaşırı mühazirələrə dəvət olunurlar”.

Azərbaycan Dövlət İqtisad  Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, UNEC Karyera Mərkəzi dəvət edilən təlimçilərdə xüsusi məqamlara diqqət edir:

“Təlimçinin təşəbbüsünün aydın təsviri, təlimçinin keçəcəyi mövzusunun tələbələrimiz üçün faydalılığı, təlimçinin portfoliosu, peşəkarlıq dərəcəsi, təlim keçdiyi qurumlardan rəylər, təlimçinin bağlı olduğu təşkilatın fəaliyyətinin araşdırılması kimi məqamlar nəzərə alınır”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova vurğulayıb ki, ATU-ya tələbələr üçün mühazirə və ya praktik təlimlər oxumaq məqsədilə bir çox xarici ölkədən mütəxəssislər dəvət olunur:

“ATU-ya ali məktəblə əməkdaşlıq müqaviləsi olan və olmayan universitetlərdən müəllimlər gəlir. Əsas diqqət edilən meyar təqdim olunan materialın, məlumatın bizim proqrama uyğun olması məsələsidir. Eyni zamanda təlimçinin entuaziazm, yəni həvəsli olmasına xüsusi fikir verilir”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirib ki, bilikli, savadlı mütəxəssislərin yetişdirilməsiylə bərabər, tələbələrin şəxsiyyət kimi formalaşması ali məktəbin əsas missiyalarından biridir:

“Bu baxımdan təlimçilər universitetin ictimai təşkilatları və debat klubları vasitəsilə mütəmadi olaraq ali məktəbə dəvət olunurlar. Bu zaman rəhbərliyə hansı təlimçinin, hansı mövzuda təlim aparacağı barədə məlumat verilir. Həmin təlimçinin ictimai reputasiyası araşdırılır, onun gənclərə doğru yol göstərib-göstərə bilməyəcəyi məlum olduqdan sonra heç bir problem yaşanmadan gənclərlə görüş təşkil olunur.

Təlimçilərin tələbələrin istəyi nəzərə alınmaqla klubların təqdimatı əsasında dəvət olunurlar. İxtisasa uyğun pedaqoji təlimçilər isə fakültə, kafedra və ya universitet rəhbərliyinin razılığı ilə qonaq çağrılır.

Bakı Mühəndislik Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev BMU-ya dəvət olunan təlimçilərdə önəm verilən məqamları belə sadalayıb:

“Təlimçinin:

Hansı təbəqə ilə  ünsiyyətdə olmasına;

Pozitiv olmasına;

Təcrübəsinə;

Peşəkar nitq qabiliyyətinə;

Səbrlə qarşısındakını dinləməsinə, dinlədikdən sonar dəqiq cavab verməsinə;

Xitab edəcəyini tanıma qabiliyyətinə önəm verilir.

BMU-nun gözəl psixoloqları  var. Onlar da mütamadi olaraq tələbələrlə görüşürlər. Ehtiyac olanda  isə yuxarıda sadalananları nəzərə alaraq dəvət edirik”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov həm xaricdən, həm yerli  professorların ADNSU-ya dəvət olunmasından danışıb:

“Xaricdən dəvət olunan professorlar ayrı-ayrı universitetlərin görkəmli nümayəndələridirlər. Eyni zamanda qonağımız ölkə daxilində də elmi dərəcələri olan, istehsalat prosesidə çalışan real işçi alimlər olurlar. Onların arasında mühəndislər, proqramçılar tələbələrlə real təcrübələrini bölüşürlər. Əsas önəm verilən məsələ onların peşəkar bilikləri və hazırlıq səviyyələridir. Bunlar, sırf təhsillə bağlı təlimlərdir”.

Bəhruz Nəzərovun sözlərinə görə,ADNSU-da əlavə olaraq “Məzun Karyera Mərkəzi” fəaliyyət göstərir:

“Mərkəz tərəfindən müxtəlif ixtisaslar üzrə “CV”lərin yazılması, müsahibələrdə iştirak, əmək bazarında özünü təqdim etmək bacarıqlarını aşılayan təlimçilər dəvət olunurlar. Bu barədə tələbələr üçün elan yerləşdirilir. Onlar maraqlarına uyğun formada istədikləri təlimdə iştirak edə bilirlər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları