Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 10:56:00
Buraxılış imtahanının nəticələri neçə il qüvvədə olacaq? - RƏSMİ

2019-cu ildə keçiriləcək qəbul imtahanlarının yeni format əsasında təşkil olunacağı 1 ildən artıq müddətdir ki, ictimaiyyətə elan olunub. Buna baxmayaraq sual doğuran məqamlar aktuallığını qorumaqda davam edir.

Abituriyentlər tərəfindən ən çox maraq doğuran məsələlərdən biri buraxılış imtahanının nəticələrinin, yəni qəbulun ilk mərhələ göstəricisinin neçə il qüvvədə olmasıyla əlaqədardır.

Məsələn, şagird buraxılış imtahanında iştirak edərək müsbət, qəbulda iştirak edərək mənfi nəticə göstəribsə və ali məktəbə daxil ola bilməyibsə, növbəti il buraxılışdan göstərdiyi nəticə qüvvədə qalacaqmı?

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, həm IX, həm də XI siniflər üzrə buraxılış imtahanının nəticələri iki il qüvvədə olacaq.

Məlumatda qeyd olunub ki, XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri abituriyentə cari və növbəti tədris illərində I,II,III və IV qruplar üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında, eləcə də müvafiq müsabiqə şərtlərini ödədiyi halda, V qrup üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək hüququ verəcək. IX siniflər üzrə buraxılış imtahanlarının nəticələri isə müvafiq müsabiqə şərtlərini ödədiyi halda, abituriyentə cari və növbəti tədris illərində ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək hüququ verəcək.

Abituriyent əvvəlki il iştirak etdiyi buraxılış imtahanının nəticəsindən razı deyilsə, qəbula imtahanı verəcəyi il yenidən buraxılış imtahanına  daxil ola bilər.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları