Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-17 10:05:00
Dördüncü “SABAH” Tələbə Debat Forumu keçirilib

Təhsil Nazirliyinin tərəfdaşlığı, “SABAH” qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində IV “SABAH” Tələbə Debat Forumu keçirilib.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, forumun əsas məqsədi “SABAH” tələbələrinin müxtəlif debat mövzuları üzrə biliklərinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmini, onlarda intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov intellektual forumların gənclərin formalaşmasına müsbət təsir etdiyini, rəqabət qabiliyyətini artırdığını vurğulayıb. Qeyd edib ki, intellektual oyunların keçirilməsi yolu ilə dərsdənkənar biliklər əldə etmək olduqca mühüm məsələdir.

Debat yarışlarının mövzusu Nazirlər Kabinetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında tədbirlər planına uyğun olaraq seçilib. Müzakirələr “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında aparılıb.

Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 6 universiteti təmsil edən 21 komanda mübarizə aparıb. Debat raundlarından uğurla keçən “Bank of UNEC” və “Evtanaziya” komandaları finala vəsiqə qazanıblar. Tələbələrdən Hüseyn Əliyarlı, Nihad Babayev, Nərmin Mustafayeva (AzMİU), Nərminə Xanəliyeva (BDU), Nazpəri Qasımzadə, Nərmin Bayramova, Əhliman Süleymanlı, Fəxri Nağıyev, Hüsniyyə İdrisova, İsmayıl Səlimov (ADİU) “Forumun ən yaxşı natiqləri” adına layiq görülüblər.

Forumun builki qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank of UNEC” komandası olub.

Qeyd edək ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.

“SABAH” qrupları 2014-2015-ci tədris ilində 5 ixtisas istiqaməti (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat), 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsini, 40-a yaxın ixtisas və 2200-dən çox tələbəni əhatə edir.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi yerli və beynəlxalq biznes strukturları, dövlət qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Onun Milli Debat Proqramının məqsədi gənclərin maariflənməsi və intellektual gənclər şəbəkəsinin yaradılmasıdır. Proqram respublikanın 45 rayonunu və bütün böyük şəhərləri əhatə etməklə, 12 regional debat mərkəzini, ali və orta təhsil müəssisələrində yaradılmış debat klublarını özündə birləşdirir.