Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 11:46:00
“Bəzi müəllimlər sovet dövründən qalma saralmış vərəqlərlə sinfə daxil olmasınlar” – BDU tələbəsi ilə “Atüstü söhbət”

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir.

Rubrikanın budəfəki qonağı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Günel Quliyevadır.

Günel Quliyeva ilə  “Atüstü söhbət”i  təqdim edirik:

-Tələbə kimdir?

-Mənə görə tələbə yenilikçidir. Daima ənənəvi olmağı qəbul etməyən, özünü inkişaf etdirməyə çalışan şəxsdir. Universitet həyatını yola verərək keçirən gənci tələbə adlandırmazdım.

-Ödənişli əsaslarla təhsil alan tələbənin təqaüd ala bilməsi, ödənişsiz əsaslarla təhsil alan tələbəyə haqsızlıq hesab oluna bilər?

-Ödənişli, yaxud ödənişsiz əsaslarla təhsil tələbənin hansı biliyə malik olmasının göstəricisi deyil. Qardaşım Azərbaycan Texniki Universitetinin IV kurs tələbəsidir və qanun qüvvəyə minən vaxtdan təqaüd alır. Ödənişsiz oxuyanların kəsrləri isə üst-üstə toplanıb. Kim bacarırsa, o da alsın.

-BDU-nun rektoru Abel Məhərrəmovun işdən azad olunması xəbəri oranın  tələbəsi kimi sənə necə təsir etdi?

-Düzü, normal qarşıladım. Vəzifə də bir müddətlikdir. Kimsə hər hansı sahədə əbədi deyil. Məncə, məkanı gənclərə həvalə etməyin zamanıdır.

-Universitetin rektoru olaraq kimi görmək istəyərdin?

-BDU rektoru olaraq elmli, universitetə layiq  şəxs olsa, çox gözəl olar. Azərbaycan Xalq Cümhuriyyəti yadigarına sıradan biri gətirilsə, gələcəyimiz bərbad olar. Şəxs olaraq seçəsi olsam, Aqrar Universitetin rektoru İbrahim Cəfərovun BDU-nun rektoru olmasını istəyərdim.

-Niyə Bakı Dövlət Universiteti?

-İxtisasım filologiya olduğuna görə, ən yaxşı məkanın bura olacağını düşündüm. Fakültə baxımından da seçimimdə peşman deyiləm.

-Tələbə kartında nəzərdə tutulan endirimlərdən yararlanmısan?

-Tələbə kartım var, ancaq bu karta qeydiyyatı II kursda etdirməyimə baxmayaraq, III kursun sonunda əldə etdim. Heç bir xeyrin görməmişəm, şkafımda məsum-məsum istifadə ediləcəyi zamanı gözləyir. Hər halda reklamı çox edilməyib, ancaq mütləq buna ehtiyac var. Xarici universitetlərdən bu barədə məlumat alıb bizə tam şəkildə tətbiq etmək olar.

 “Nə Şərqdə, nə də Qərbdə Nizami Gəncəvidən dahi şair tanımıram”

-Yerli klassik ədəbiyyatın nümayəndələri ilə xarici klassikləri müqayisə etsəm, deyərdim ki....

-Deyərdim ki, hər iki ədəbiyyat nümayəndələri də dəyərlidir. Bununla belə, Azərbaycan klassiklərinin kitablarına üstünlük verirəm. Bu qətiyyən millətpərəstlik deyil. Sadəcə Azərbaycan klassiklərinin sanki hər şairi filosof və ya alimdir. Nizami Gəncəvidən dahi, nə Şərqdə, nə Qərbdə şair tanımıram. “Sirlər Xəzinəsi” və “İqbalnamə” qədər mükəmməl əsər ola bilməz...

-Kəsrsiz tələbə - bərabərdir...

-Kəsrsiz tələbə bərabərdir - imtahan vaxtı yaxşı oxuyan, yaxud bəxtli tələbə. Semestr ərzində heç nə oxumayıb, imtahana 2-3 gün qalanda hazırlaşmaqla da qiymət almaq mümkündür.

“Diplomun rəngi üçün çalışan 95% tələbə şəxsi inkişafdan geri qalır”

-Fərqlənmə diplomunun heç bir üstünlüyü olmadığı halda, bəzi tələbələr bu diplomu almaqda niyə bu qədər maraqlıdırlar?

-Bu sualın cavabı mənə də maraqlıdır. Diplomun rəngi üçün çalışan tələbələri heç zaman anlamamışam. Ya bunu ad xətrinə edirlər, ya da dərslərə aludəçi mövqeyindən yanaşırlar. Bu cür tələbələrin 95%-i şəxsi inkişafdan geri qalır, tələbəlik həyatını universitet dərsləri ilə məhdudlaşdırırlar. Şəxsi inkişafa yönəlmək lazımdır. Hər şey ali məktəb dərslərindən ibarət deyil. Bu sözləri IV kurs tələbəsi olaraq deyirəm.  

-Yeni təyin olunacaq rektorla BDU-da nələrin dəyişməsini arzu edirsən?

-Tək yeni rektorla BDU mükəmməl universitet ola bilməz. Ali məktəb rektorla dəyişmir, toplum olaraq dəyişir. BDU-da bəzi müəllimlər sovet dövründən qalma saralmış vərəqlərlə sinfə daxil olmamalıdılar. Dövr dəyişir, tələbə yenilik istəyir, bəzi müəllimlər isə təəssüf ki, bunu anlamırlar. Yeni rektorla cüzi nələrsə dəyişəcək, ümumi sistemli dəyişikliklər gözləmirəm. Məsələn, yeni rektor universitet daxilində gəzərkən sadə şəkildə gəzsin, 10 nəfər mühafizəçi ilə yox.

-Günelin 5-liyinə ən yaxşı və ən zəif təhsil verən hansı universitetlər daxildir?

-Gördüyüm və eşitdiklərim, müşahidə etdiklərim əsasında deyə bilərəm ki, ən yaxşı 5 universitet BMU,ADA,BANM,UFAZ,ADAU-dur. Məncə, ən zəif təhsil sistemi isə SDU, AKU, ATU-da mövcuddur. Tibb Universiteti peşəkar həkim yetişdirə bilmir.

“Neyləməli, göz görür əqlim kəsir…”

-Tələbəlik həyatının ən sıxıcı dərsini təsvir et...

-Tələbəlikdə bir sıra sıxıcı dərslər olub. Birinci, mənasız dərslər olan Mülki müdafiə və Tibbi biliklər fənlərinin dərslərində çox sıxılmışam. Dünya ədəbiyyatı dərsində də sıxılırdım. İxtisasım bu olsa da, o fəndən müəllimə görə zövq ala bilmədim. Özüm oxuyanda daha maraqlı idi...

- Səncə, bir qrup ziyalının hesab etdiyi kimi Cəlil Məmmədquluzadə və digər realistlərin cəmiyyəti  tənqid etdiyinə dair səslənən fikirlər doğrudur?

-Hər şeyi olduğu kimi göstərmək, güzgü kimi əks etdirmək xalqı təhqir etmək deyil. Realizmin məğzi budur, reallığı göstər, lazım gəldikdə tənqid et. Məgər, bu gün o cahillik yoxdurmu? Danabaş kəndində baş verən hadisələr indi heçmi baş vermir?! Doğurdanmı,  bu gün Zeynəblər yoxdur?!  Onları anlamayan insanlar, yalnız bu cür düşünə bilərlər. Sabir deyirdi : “Neynəməli göz görür əqlim kəsir. Mən günəşi göydə dana bilmirəm” Görünür millətini çox seviblər ki, cahilliyə qarşı susmayıblar.

- Son olaraq, ən bəyəndiyin şeirdən və ən sevdiyin əsərdən hər hansı parçanı qeyd et…

-Sevdiyim çox şeir var. Ən sevdiyim isə əksəriyyətin xəbərdar olduğu Hüseyn Cavidin müəllifi olduğu İblisin monoloqudur. Mükəmməl monoloqdur:

“Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:

Qan püskürən, atəş savuran kinli krallar.

Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,

Altın və qadın düşgünü divanə bəbəklər.

Bin hiylə quran tilki siyasilər, o hər an

 Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;

Onlarda bütün fitnəvü şər, zülmü xəyanət

Onlar duruyorkən,bəni təhqirə nə hacət?”

Əsərlərdən isə Məlalə Yusifsoyun müəllifi olduğu "Məlalə Mənəm" kitabında ilk cümlə belədir: “Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər”.

Həqiqətən də elmin, savadın insanları, dünyanı dəyişdirə bilmə gücünə inanıram. Əgər bilgilərimizi insanlıq naminə istifadə etsək, əks təqdirdə acı sonluq ola bilər. M.Füzuli deyib: “Hiylə üçün elm təlimin qılan müfsidlərə qətliam üçün verər cəllada Tiği abider”.

Yəni, elmi hiylə üçün işlədən insanla əlinə qılınc verilmiş cəlladın fərqi yoxdur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları