Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 14:11:00
Əşyaların interneti texnologiyalarının tətbiqinə həsr olunmuş məqalə beynəlxalq jurnalda dərc olunub  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları məqalə “International Journal of Education and Management Engineering (IJEME)” jurnalında dərc olunub.

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Neft-qaz sənayesində əşyaların interneti texnologiyalarının tətbiqi və təhlükəsizlik məsələləri” adlı məqalədə neft və qaz sənayesində quraşdırılmış sensorlardan məlumatların asan, təhlükəsiz, etibarlı və sürətli toplanması üçün əşyaların interneti (Əİ) texnologiyalarına əsaslanan arxitektur təklif olunub. Neft və qaz platformalarının idarə edilməsində bir sıra naqilsiz sensor şəbəkələrin (WSN) istifadəsi araşdırılıb. Sensorlar vasitəsilə toplanan məlumatların emalı neft və qaz sənayesində neft platformalarının (yataqlar) təhlükəsizliyinin yaxşılaşdırılması, əməliyyatların optimallaşdırılması, problemlərin qarşısının alınması, xətaların aradan qaldırılması və istismar xərclərinin azaldılması üçün yeni imkanların yaradılması tədqiq edilib. Məqalədə, həmçinin Əİ arxitekturlu monitorinq sisteminin müxtəlif səviyyələrinin təhlükəsizlik məsələləri analiz olunub.

Bu iş SOCAR-ın Elm Fondunun maliyyə yardımı ilə yerinə yetirilib.

Qeyd edək ki, IJEME jurnalı “CrossRef”, “Google Scholar”, “Microsof Academic Search”, “Baidu Wenku”, “CNKI Scholar” kimi elmi bazalarda indeksləşir.