Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 13:21:00
“Yeni qəbul qaydaları ilə bağlı iş tam ortaya qoyulmayıb” – İmtahanların qaranlıq tərəfləri

“Yeni qəbul qaydalarının müsbət tərəfi odur ki, əzbərçiliyin qarşısı alınacaq. Şagirdlər məktəb qiymətlərinə daha çox fikir verməyə başlayacaqlar. Bir növ, davamiyyəti artırmaq və dərslərə ciddi fikir vermək üçün şagirdi məktəbdən asılı edirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, qəbul qaydaları yaxşı düşünülüb, amma iş tam  ortaya qoyulmayıb və məsələyə aydınlıq gətirilməyib:

“Yeni qəbul qaydalarının müsbət tərəfi odur ki, əzbərçiliyin qarşısı alınacaq. Şagirdlər məktəb qiymətlərinə daha çox fikir verməyə başlayacaqlar. Bir növ, davamiyyəti artırmaq və dərslərə ciddi fikir vermək üçün şagirdi məktəbdən asılı edirlər. Abituriyentlər başlarını işlədərək şəkildə suallara cavab yazacaqlar.

Yeni qəbul sisteminə keçmək istəyirik, amma bu sistem nə pulla alınır, nə də kursa gedərək hər şeyi öyrənmək mümkündür. Bunun üçün bir neçə mütəxəssisi Avropa ölkələrinə ezamiyyətə göndərirsən ki, sənə qaval daşını da, sirrini də göstərir. Yeni qaydalar gələn il tətbiq olunacağı üçün bir az çaşqınlıq yarada bilər. Əslində isə dəyişən heç nə yoxdur. Oxuduğunuz  kitab da, mövzular da eynidir. Sadəcə sistem dəyişib. Sistemi qəbul etməyənlər 2-3 il sonra bunun faydasını görəcəklər”.

Köhnə Qafqaz Universiteti...

Adil Vəliyev bu sistemin Bakı Mühəndislik Universitetində də tətbiq edildiyidən söz açıb:

“Yeni modeldə abituriyentin buraxılış imtahanından aldığı qiymət də nəzərə alınacaq. Hazırda çalışdığım Bakı Mühəndislik Universiteti lap əvvəldən bu sistemlə işləyir. Tələbənin qiyməti iki yerə ayrılır:  SDF (semestr daxili fəaliyyət) və FF( fərdi fəaliyyət). Fərdi fəaliyyət tələbəyə imkan verir ki, özü mövzu seçib tapşırığı sinifdə hər kəsə aydın olacaq şəkildə etsin. Bu tapşırıqdan topladığı bal ilə imtahandan yığdığı bal cəmlənərək nəticə əldə olunur.

Azərbaycanda, həm də beynəlxalq yarışlarda qalib gələn tələbələrin çoxu bizə məxsusdur. Bugün tələbəyə qiymətini qaldırmaq üçün verdiyimiz tapşırıq, sabah layihə kimi bizə qayıdır.  Layihənin üzərində işləyib uğur qazana bilirik. Hər bir halda dövlət öz gələcəyi üçün hər şeyin ən yaxşısını istəyir”.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Gələn il yalnız qəbul imtahanlarında sualların modeli dəyişməyəcək. Belə ki 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları