XƏBƏRLƏR

03.10.2018 16:35
BSU rektoru birinci kurs tələbələri ilə görüşdü

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva və universitetin prorektorları, professor Rafiq Novruzov, Telman Cəfərov, fil.ü.f. d., dosent Xanım Sultanova birinci kurs tələbələri ilə görüşüblər.

Universitetdən Trend-ə verilən məlumata görə, BSU-nun rektoru N.Əliyeva tədbiri açaraq universitetə bu il qəbul olan tələbələri təbrik edib. Rektor BSU-nun keçdiyi tarixi yola nəzər salaraq onun 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradıldığını bildirib. N.Əliyeva hazırda universitetin geniş beynəlxalq əlaqələrə malik olduğunu, universitetdə 11 tədris-mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışan N.Əliyeva Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açıb. Rektor BSU-nun region universitetləri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayaraq bu ali təhsil müəssisəsində gənclər üçün yaradılan imkanlardan danışıb. O bildirib ki, BSU tələbələrinin istər təhsil sahəsində, istər ictimai işlərdə qazandığı uğurlar Azərbaycanın parlaq gəncliyinin bariz nümunəsidir. Bununla bərabər, rektor gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edib. Bakı Slavyan Universitetində yeganə meyarın bilik və tərbiyə olduğunu xatırldan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib. 

Sonra pedaqoji fakültənin üçüncü kurs tələbəsi Orxan Mahmudov BSU-da yaradılan karyera imkanlarına, səmərəli mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib, tələbəlik illəri ərzinədə qazandığı təcrübəni birinci kurs tələbələri ilə bölüşüb.

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.