Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 13:43:00
Ekspert qəbul imtahanlarının nəticələrini təhlil etdi: “600-700 bal toplayanların sayı çoxalsa da...”

2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələri artıq məlumdur.

AzEdu.az xəbər verir ki, imtahanlarda 3 127 abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu barədə təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov məlumat verib. O qeyd edib ki, statistik təhlilə görə, son beş ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə yerlərinin sayı 20,8 faiz artıb.

Eyni zamanda, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin imtahan ballarında xeyli artım olub. Həmçinin qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusunu qazanmaq hüququ olan, yəni, 200 baldan artıq nəticə göstərənlər abituriyentlərin sayı 35.790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38.201-ə çatıb.

Cari ildə keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40.806 abituriyent tələbə adını qazanıb.

Bununla yanaşı, son beş ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində nəzərə çarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur. Keyfiyyət göstəricisi isə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir.

2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə universitetlərə tələbə qəbulunun keyfiyyət göstəricilərində artım dinamikası müşahidə edilir. Son beş ildə qəbul imtahanlarında 300-dən çox bal toplayanların sayı 26,5, 400 baldan çox toplayanların sayı 35,1, 500 baldan çox toplayanların sayı 51,5, 600 baldan çox toplayanların sayı isə 81,3 % artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir.

Qeyd edək ki, cari ilin qəbul imtahanlarında 3.127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 abituriyent 700 bal toplayib. Ötən il isə bu göstərici 15 nəfər olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları