XƏBƏRLƏR

01.08.2018 15:00
“100 bal cəmiyyəti dini radikalizmə sürükləyəcək”- İlahiyyatçıdan İslam Universitetinin tələbə qəbuluna sərt REAKSİYA

Ali məktəblərə qəbul imtahanları artıq başa çatıb. İxtisas seçimi isə 13 avqustadək davam edəcək. Abituriyentlər ixtisas seçimi edərkən həmin ixtisasın maliyyə imkanlarını və gələcək perspektivlərini nəzərə alırlar. Bəzi ixtisas və universitetlərə isə maraq digərləri ilə müqayisədə aşağıdır.

Cəmiyyətin, xalqın dini sütunlarını formalaşdıran Bakı İslam Universiteti “Dinşünaslıq” ixtisası üzrə mü­sa­bi­qəyə ümumi balı 100, Azərbaycan İlahiyyat İnstitutuna “İslamşünaslıq” ixtisası üzrə isə mü­sa­bi­qəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar. Üstəlik, fənlər üzrə nisbi bal məhdudiyyəti də tətbiq olunmur.

Bəzi mütəxəssislər bunu heç də birmənalı qarşılamır. Həmin ilahiyyatçılar hesab edir ki, 100 balla tələbə qəbulu aparan Bakı İslam Universiteti savadlı kadr, dinşünas yetişdirə bilməz.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ilahiyyat sahəsinə xüsusi diqqət yetirilməlidir:

“Cəmiyyətimizdə dini fanatizm çoxdur. İstər İslam Universiteti, istərsə də İlahiyyat İnstitutunda dinşünas kimi yetişdirilən insanın savadı bütün elmləri əhatə etməlidir. Həmin şəxs mükəmməl savada malik olmalıdır ki, insanları maarifləndirə və cəmiyyəti uçurumdan xilas edə bilsin. Hesab edirəm ki, 100 bal keçid balı üçün çox aşağıdır.Gələcəkdə İslam Universitetinin ixtisaslarına keçid balı artırılmaldır. Çünki savadsız ilahiyyatçı cəmiyyətə heç nə verə bilməyəcək. Əksinə cəmiyyəti xürafata, dini radikalizmə doğru sürükləyəcək. Bu baxımdan ballar artırılmalı və buna xüsusi diqqət yetirilməlidir”.

Əkrəm Həsənovun sözlərinə görə  İslam Universitetinə marağın az olmağının səbəbləri çoxdur:

“25 ildir, müstəqillik əldə etməyimizə baxmayaraq, dinimiz hələ yeni-yeni araşdırılır və tətbiq edilir. Hazırda dinlə bağlı kifayət qədər elmi əsərlər yazılır. Abituriyentlərdə də xüsusi maraq oyatmaq lazımdır. Bütün elmlərin əsası islamdadır. Dünya təcrübəsində islam alimləri əvvəlcə bütün dünyəvi elmləri öyrənirlər, sonra isə dini elmləri mənimsəyirlər. Keçid balı artırılsa, artıq buraya savadlı gənclər üz tutacaqlar. Onlar dini elmə, məntiqə əsaslanan şəkildə insanlara çatdıracaqlar. Cəmiyyət içərisində də normal insandan fərqlənməyəcəklər. İslam bizdə nə vaxt yada düşür? İnsanlarımız çətinə, dara düşəndə. Bu da cəmiyyətin dini cəhətdən bilgisiz olmağının nəticəsidir. Abituriyentlər ciblərində dua kitabları, imamların şəkillərini gəzdirirlər. Bu onların dini cəhətdən savadsız olmaqlarından qaynaqlanır. Buna görə də dini təhsil elmi şəkildə təbliğ olunmalı və  uşaqlarda anlayış formalaşdırılmalıdır”.

İslam Universitetinə qəbul olunmaq istəyən abituriyentlər qeydiyyatdan keçdiyi ixtisasa uyğun olaraq, Bakı İslam Universiteti və (və ya) Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiyalar tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, uğurla keçdiyi qabiliyyət imtahanına uyğun olaraq, Bakı İslam Universitetinin “Dinşünaslıq” və (və ya) Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisaslarını da seçə bilərlər.

III ixtisas qrupu üzrə 100 baldan artıq bal toplayan abituriyentlər eyni zamanda Naxçıvan Universitetinin “Dinşünaslıq” ixtisasına  sənəd təqdim etmək hüququna malikdirlər.

Global Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu Naxçıvan kimi həssas regionda yerləşən ali təhsil müəssisəsinə aşağı balla qəbul aparılmasının əleyhinədir:

“Din təhsili bir xalqın mənəvi stünlarını formalaşdırır. Buna sadəcə ixtisas olaraq baxmağın doğru olmadığını düşünürəm. Ölkəmizdə dini təhsil sahəsində təcrübəli və ixtisaslaşmış qurumlar var. Ən aşağı balla bölgədə fəaliyyət göstərən  universitetin tələbə qəbul etməsi gələcəkdə bu sahədı yaranacaq ciddi problemlərdən xəbər verir. Xüsusiylə nəzərə almaq lazımdır ki, Naxçvan Muxtar Respublikası bir tərəfdən Türkiyə, digər tərəfdə İran İslam Respublikası ilə hemsərhəddir. Bu iki ölkə arasında köklü dini problemlər var. Naxçıvanda ciddi dini ixtisasa sahib olmayan müəllimlər “Dinşünaslıq” ixtisasından kadr hazırlayırlar. Bu doğru deyil”.

Azərbaycan orta məktəblərində dini dərslər tədris olunmur. Bakı İslam Universitetinin və İlahiyyat İnstitutunun keçid balları da qeyd etdiyimiz kimi digər ali məktəblərlə müqayisədə xeyli aşağıdır. Bəs dünyada dini təhsil standartları necə qurulub? Dünya məktəblərində dini dərslərə yer verilirmi?

Avropa ölkələri başda olmaqla dünyanın əksər yerlərində, hətta orta məktəblərdə belə dini dərslər məcburidir.

Almaniya dövlət məktəblərində din və əxlaq dərsləri məcburidir. Məktəblərin 70%-i kilsələrin tabeliyindədir.

Belçika dövlət məktəblərində ibtidai və orta təhsil müddətində şagird həftədə ən azı iki dəfə din və əxlaq dərslərindən birini seçmək məcburiyyətindədir. Bu qayda təhsil sisteminin ən inkişaf etmiş ölkələrindən olan Finlandiya üçün də keçərlidir.

Danimarka, İsveç və  Noveçdə də dini dərslərin keçilməsi icbari xarekter daşıyır.

Avstraliyada dini təhsil dövlət məktəblərində məcburi, özəl məktəblərdə seçim əsasında tədris olunur. İngiltərə, Hollandiya, İtaliya, Portuqaliya, Polşa və Yunanıstanda bu cür dərslərin keçirilməsi şagirdin istəyindən asılıdır.  

ABŞ və Yaponiya dövlət məktəblərində dini dərs tədris olunmur. Fransada 6-10 sinif tarix dərsliklərində bütün dinlər şagirdlərə öyrədilir. Dindən dərs almaq istəməyən şagirdlər əxlaqi dərslərdə iştirak etmək məcburiyyətindədirlər.

Dini universitetlərə qəbulun şərtləri isə ölkədən-ölkəyə dəyişir. Türkiyədə İslam Universitetinə qəbul olmaq istəyən namizədlər əvvəlcə təməl dini biliklərdən test imtahanı verməli, daha sonra müsahibə mərhələsində iştirak etməlidirlər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu