Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 12:09:00
Bölgələrdəki abituriyentlər universitetlərlə daha yaxından tanış olub

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb.

Bilik Fondundan AzEdu.az verilən məlumata görə, layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında gerçəkləşib.

Fondun Nizamnaməsində göstərildiyi kimi, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə istinadən həyata keçirilən layihənin məqsədi gənclər arasında bu sahənin populyarlaşmasına xidmət göstərməkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız Azərbaycan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Universiteti və Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinə rəhbərlik edən mütəxəssislərin iştirakı ilə beş rayonda yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri haqqında ətraflı məlumat verilib.

Rayonların Heydər Əliyev mərkəzlərində keçirilən görüşlərdə gələcəyin abituriyenti olacaq şagirdlərin seçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin vacibliyi vurğulanıb.

İlk görüş Şamaxı Heydər Əliyev Mərkəzində olub. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev məktəblilərlə universitetlər arasında körpü yaradan Bilik Fonduna minnətdarlığını bildirib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini söyləyib.

Növbəti tədbir Ağsu Uşaq Yaradıcılıq Mərkəzində gerçəkləşib. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İzay İnayətov Ağsu abituriyentlərinin texniki sahəyə maraq göstərdiklərini və belə tədbirlərin onların seçiminə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyini söyləyib. C.Musaoğlunun moderatorluğu ilə təşkil olunan təqdimat dinləyicilərin böyük marağına səbəb olub.

İyunun 13-də İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Fondun fəaliyyətindən söz açaraq, xüsusən İsmayıllı Bilik Evinin əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işləri təqdir edib.